YAZI / DÜŞÜNCƏ
Ev işində xanımıma yardım etmirəm, çünki... Tarix : 22 Noyabr 2022, 20:28
Evdə xanımına yardım etməyən kişidən daha möhtəşəm nə ola bilər bu həyatda?!

Səhv oxumadınız. 

Bu sözlər ABŞ-da yaşayan Toni Hatinger adlı blogerin paylaşdığı, iki kişi arasında olan diaqloqdandı.  190 min dəfə paylaşılan mətni təqdim edirik: 

İki dost evdə kofe içib, söhbət edən zaman, biri söhbətin ortasında  digərinin sözünü kəsir və  "dayan, qabları yuyub gəlirəm” deyir. Digər dost heyrət içində  "evdə xanımına yardım etməyin nə gözəldi” deyir. Ev sahibinin bu heyrətə olan cavabı isə bizə toplum olaraq hələ də bir ümid olduğunu hiss etdirir. 

Həmin cavabı sizə təqdim edirik:

Həyat yoldaşıma yardım etmirəm. Çünki onun bir köməkçiyə ehtiyacı yoxdur. Onun partnyora ehtiyacı var.

Cəmiyyətdə bizi ayıran bəzi sosial işlər var. Lakin mənim ev işləri ilə məşğul olmağım həyat yoldaşıma bir "yardım” deyil. 

Həyat yoldaşıma ev işlərində kömək etmirəm, mən də bu evdə iş görürəm, çünki burda yaşayıram və biz bu evi bərabər paylaşırıq.

Həyat yoldaşıma evin təmizliyində yardım etmirəm. 
Çünki mən də bu evdə yaşayıram və evi çirkləndirdiyim üçün təmizləməliyəm. 

Həyat yoldaşıma mətbəxdə yemək bişirməyə yardım etmirəm. 
Çünki mənim də yemək yemə ehtiyacım var və buna görə yemək bişirirəm. 

Həyat yoldaşıma uşaqların qulluğu ilə bağlı yardım etmirəm. 
Çünki onlar mənim də uşaqlarımdır və mən bir atayam.

Həyat yoldaşıma qab yumaqda yardım etmirəm. 
Çünki mən də qab bulaşdırıram. 

Qısacası, mən bu evin bir yardımçısı deyiləm; evin bir parçasıyam. Bu evdə yaşadığım üçün üstümə düşən vəzifələri yerinə yetirirəm. 

İnsanın özünü, öz məsuliyyətini dərk edə bilməsi necə gözəldi, insanların korca inandıqları heç də hər zaman insani və doğru deyil. Dünyada həqiqətən belə düşünən kişilərə ehtiyac var... 

Həyatını bölüşdüyün həyat yoldaşına həqiqətən yoldaş olmalısan, dost olmalısan və onunla həyatın hər halını bölüşməlisən.  

Toplumumuzu dəyişdirmək istəyiriksə, öncə evlərimizdən başlamalıyıq. "Oğullarımıza və qızlarımıza gerçək birlik, bərabərlik nədir, necə olmalıdır" onu öyrətməliyik.
 

 
Çevirdi: Günel Dəniz

Qadinkimi.com

 



 
 
Qadinkimi.com