SƏNƏT
Esmira Fuadın təqdimatında -"Özümüzü tanıyaq" Tarix : 10 Avqust 2020, 08:00
525-ci Qəzet - Tanıyaq və tanıdaq: Fəriba İbrahimi Afaq 
 
 

FƏRİBA İBRAHİMİ (AFAQ)


 

1965-ci ildə Meşkin şəhərində anadan olub. Ali təhsil və yüksək lisans dərəcəsini doğulduğu şəhərdə alıb. Əsərləri müxtəlif dərgilərdə dərc edilib, 2000-ci ildə "Sabaha yol” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Nəsr sahəsində də yetənəkli yazar kimi tanınmıış Fəriba İbrahimi Afaq, həm də istedadlı rəssamdır.

İran Azərbaycanı türklərinin sosial məsələlərinin həllində, hüquq­la­rı­nın savunulmasında aktivdir və soydaşlarının haqlarının pozulma­ma­sı uğrunda çalışır.


Ana dilim


 

Sənlə yaşayıram, səninlə varam,

Həyat peykərimə göz, ana dilim.

Sənsən əski günüm, gələcəyim də.

Yabançı sözlərə döz, ana dilim.


 

Həyat incəliyin, gül budağında,

Şirin nəğmələri yar dodağında,

Şeir çiçəklərin, muğam bağında,

Söyləsən sevimli söz, ana dilim.


 

Yaltaqlıq qoxusu sənə çatmasın,

Qarşı çıx yasağa, haqqın batmasın,

Elə arxalan ki, səni atmasın,

Sənət dəryasında üz, ana dilim.


 

Səmadan genişsən, dənizdən dərin,

Gahdan atəş kimi, gahdan da sərin,

Yüksəlir səninlə igidin, ərin,

Bir gün qövr edəcək köz, ana dilim.


 

Kor olsun xor baxan gözləri sənə,

Düşməsin varlığın dumana, çənə,

Sevgilim, birlikdə deyək vətənə,

Yaşasın el-obam, öz ana dilim.


 

Söylə dərdimizi, tap dərmanında,

Güvənək qüvvəsinə, ellər yanında,

Qorqud Dədəmizin denən şanından,

Aşıqlar sazından söz, ana dilim.


 

Əsrlərdən başda bizə sarı ax,

Dostları sevindir, düşmənləri yax,

Afaqa yayılıb zənginliyin bax,

İncilər misrada düz, ana dilim.

 

Bir dodaq nisgil


 

Boğulmuş damlayam, sel xəyalında ,

Eldən qoparıldım el xəyalında,

Bir həzin segaham, sukutam, səsəm,

Sazdan ucalmışam tel xəyalında.

 

Anam tək bu torpaq əriyib canda,

Dərdinə qatlaşdım hər biz zaman da,

Koroğlu yalqızsa çəndə, dumanda,

Nigar havalıyam bel xəyalında.

 

Küləklər dəlidir, mən isə dolu,

Daranır fikrimin pərışan teli,

Yenə Araz axır Saray nəğməl,

Xan Çoban Muğanı mil xəyalında.

 

Sözlərim köz təkin bir ocaq eşqəm,

Gizli məhəbbətəm, lap qaçaq eşqəm,

Bir dodaq nisgiləm, bir dodaq eşqəm,

Belə doğulmuşam gül xəyalında.

 

Sevildim elimdə, mən sevəcəyəm,

Alçaqlar gözündə olmaz baş əyəm,

Bir uşaq önündə kövrək ürəyəm,

Zülmə qarşı tufan, yel xəyalında.

 

Mən özüm nağılam, həyatım şeir,

Bu şeir yasaqda dillərdən deyir,

Varlıqdan danışır dərddən söyləyir,

Danıldı, olmadı fel xəyalında.

Saralsa güllərim, zoğ, köküm sağlam,

Alqışlar elimə, alqışlar, salam,

Sorsan kimsən Afaq? – Söylə a balam,

Sicilimdir ana dil xəyalında.

 


 

Lalələr


 

Al qan boyalıdır alın örtüyün,

Yolunun çırağı yaşıl bayraġdır.

Cinin məktəbində dağlanıb canın,

Hicrət nəğməlidir, durna sayaġdır.

Səmalar yorğunu, nur düşgünüsən,

Yaralı durnasan, yaran qan verir.

Tufanlar qırammır sevda zəncirin,

O qanlı qatarda min quş can verir.

Yanır qanadların, əriyir canın,

Günəş sorağıyla, günəş fikriylə

Əngin üfüqlərdə uçub itirsən.

Bir nigar eşqiylə, onun zikriylə,

Torpaq sınırların aşıb keçirsən.

Deyirsən çəkilin buludlar, gedin,

Danırsan zülməti, danırsan zülmü.

Günəşdir, günəşdir, yalnız məqsədin,

Hasarlar, divarlar səninçin nifrət.

Səninçin boğanaq gətirir yadı,

İdrakın canına çəkilən paxır.

Səninçin qəfəstək çirkindir adı,

Titrəyir dünyanın ömür şüşəsi.

Mələklər diksinir mavi yuxudan,

Lalələr şeiridir axan dilində,

Eşqdır əzbərdən səni oxudan.

Haqqın sınağında hər an üzün ağ,

Tarixin qəlbindən mətin gəlirsən.

"Afaq”a şəhadət sirrini açıb,

Gəlirsən yenidən qan verirsən sən...

 
 
 
qadinkimi.com