SEVGİ
Esmira Fuad yazır: DÖRD MİN İLLİK SEVGİ ŞEİRİ Tarix : 26 İyun 2019, 11:09
Yazar : Qadinkimi.com

"Sevgi məktubları" silsiləsindən - ikinci hissə

Birinci məktub


Bilirsən, ömrüm-günüm, bu gün anladım ki, Sənsiz olacağımı bilsəm, nəfəsim gedər, gəlməz və... ölərəm... Ona görə də bu gün Sənsizliyin ruhuma çökdürdüyü ağırlığın nəfəskəsən boğanağında bu qədər üzüldüyümə görə, məni qınama, lütfən!.. Səni itirməkdən çox qorxuram, öləcək qədər qorxuram. Bir daha təkrar edirəm. Sənsiz yaşaya bilmərəm mən, bunu kəsin bilirəm... Axı, mən Sənin uşaq evində böyümüş, hər bir doğmalıqdan, ana-ata şəfqətindən, əzizləmələrdən məhrum böyümüş bir qızın niskilli, kimsəsiz ömrünə gəlişinlə özümləşdim, "Mən” oldum...

Məni "Mən” edən Sən bəs niyə həyatımın ən önəmli günündə yanımda olmadın, yəni, bu gün yadına düşmədimmi heç? Adicə bir telefon zəngini belə çoxmu gördün mənə?.. Heç bilirsən yolunu, gəlişini necə gözləmişdim? Nəfəsini, səsini nə qədər özləmişdim, bilməzsən... Saçlarım əllərinin tumarı, dodaqlarım öpüşlərin, bədənim sıxıb suyunu çıxaran qolların, ruhum ruhun üçün dəli bir həsrət çəkirdi... Səndən hədiyyə-filan gözləmirdim mən...sadəcə diqqət, sevgi və qayğını görmək, gözlərinə, üzünə doyasıya baxmaq, xoş sözlərini eşitmək, dinləmək, hey dinləmək istəyirdim... Axı Sən özün mənə uca Tanrımın ən böyük hədiyyəsi, lütfüsən!.. İnan ki, hər dəqiqə gələcəyin anı, boynuna sarılıb öpüşlərə boğacağım, dəlicə qucaqlayacağım, qoxunu içimə çəkəcəyim, dəqiqələr boyunca başımı geniş sinənə söykəyib ürəyinin səsini dinləyəcəyim anı gözləmişdim. Etiraf etmişdim axı. Sənə sarılıb qucağında son nəfəsimədək dinməz-söyləməz qala bilərəm... Ən çox sevdiyim, rahat, güvəndə olduğum, həm də yalnızca mənim olduğunu bildiyim, hiss etdiyim anlarım məhz Sənin ağuşunda nazlandığım, baxışlarında əriyib itdiyim anlardır... Sən də gözəl bilirsən axı, qadın bəyənincə deyil, güvənincə aşiq olur. Amma gəlmədin... Halbuki getdiyin səfərdən doğum günümdə mütləq dönəcəyinə, hər kəs kimi mənimçün də özəlliyini anlamaqda çətinlik çəkdiyim, ancaq çox önəmli olan bu günü birlikdə keçirəcəyimizə söz vermişdin. Mən heç səndən bu sözü verməni gözləmirdim də... Özün bunu istədiyini və özünəxas qaydada qeyd edəcəyini elə səmimiyyətlə söyləmişdin ki!... İnanmışdım Sənə, həmişəki kimi... Çünki Sənin heç vaxt yalan danışmadığını, məni heç vaxt heç nədə aldatmadığını, gerçək duyğularla sevdiyini yaxşı bilirdim... Sənə inanır, güvənirdim, sevdalım...

Sənin də anlamanı çox istəyirəm ki, yarla bir olmayan, yerlə bir olur deyirlər... Varlığın birinə hüzur verirsə, demək, sən xoşbəxt insansan... Sən mənim yer üzündəki hüzurum, qəlbimdəki fərəhim, üzümdəki təbəssümüm, ürəyimdən qopub dodaqlarımda çiçək açan gülüşüm, ayrı bədəndə var olan canımsan, bilmirsənmi?.. Gülmək üçün mutlu olmağı gözləmə, bəlkə də gülməsəniz ölərsiniz... deyirdi Viktor Hüqo... Varlığınla varam mən və Sənin üçün yaşamasam, gülməsəm, nəfəs belə çəkə bilməz, ölürüm... Ona görə də səsini eşidəndə, üzünü görəndə o cür sevincək olur, duzlu yumor qarışıq danışığını dinləyəndə bəzən qəhqəhələrlə gülürəm... İnternetdən lap bu günlərdə oxuduğum 4000 illik sevgi şeirini xatırladım... Oxuyanda bir daha anladım ki, gerçək eşqin, sevginin yaşı, zamanı olmurmuş... Eşq elə bütün dövrlərdə öz qutsallığını qoruyub saxlayırmış... Necə? Bax, dörd min il öncə qadının sevdiyi kişiyə etiraflarını bu şeir parçasında oxusan, min illər öncə də insanların eyni duyğularla yaşadığını bilər, məni anlarsan... 1889-cu ildə Bağdadın 150 km yaxınlığındakı Şumer şəhəri Nippurda bir gil lövhə tapılır. Bu lövhəni 1955-ci ildə məşhur amerikalı alim, yəhudi əsilli şumeroloq Samuel Nuh Kramer deşifrə edib oxuyur. Həmin lövhədə bir sevgi şeiri yazılıbmış. Şeirin məzmunu isə belədir: Şumer inancına görə, torpağın bərəkətli və məhsuldar olması üçün gərək kral ildə bir dəfə Bərəkətə və Sevgi ilahəsinin yerinə, bir rahibə ilə evlənsin. Böyük ehtimalla, həmin lövhədəki şeir də kral Şusin ilə evlənmək üçün seçilmiş qızın adından törəndə Şumer şairi Ludingirran tərəfindən qələmə alınıbmış:

Damadım, qəlbimin sevgilisi,

Gözəlliyin böyükdür, baldan dadlıdır...

Aslanım, qəlbimin qiymətlisi,

Gözəlliyin böyükdür, baldan dadlıdır.

Mənim qiymətli sığallarım baldan dadlıdır.

Yataq otağında bal doludur,

Gözəlliyinlə zövqə dalaq,

Aslanım, gəl, gəl, səni sığallayım

Mənim deyərli sığalım baldan dadlıdır.

Damadım, məndən zövq aldın…

Anama de, sənə gözəl şeylər verəcək,

Atama de, sənə hədiyyələr verəcək.

Sən məni sevdiyin üçün…

Mənə sığalını lütf et…

Mənim tanrım, mənim qoruyucum.

Tanrı Ellilin qəlbini məmnun edən Şusinim,

Lütf et mənə sığalını…

İndi yanımda olsaydın, məndən bu şeiri bərkdən oxumamı xahiş edər, dinlədikdən sonra təbəssümlə üzümə baxar və təsdiqləyər, çılğınca öpərdin. Yadında, bir gün yemək süfrəsi arxasında Sənə Bəhmənin bu şeirini söyləmişdim...

Bu dünyanı puç biləydim,

Gülüm, sənin qucağında.

Lal olaydı, dinməyəydi

Dilim sənin qucağında.

Ya vədəni bu yaza ver,

Ya Bəhməni gudaza ver,

Heç olmasa icaza ver,

Ölüm sənin qucagında...

Tutsa məni qəzov-qədər,

Ürəyimə gəlməz kədər.

Xoşdur çəksəm mən nə qədər,

Zülm sənin qucağında....

Son misranı demişdim ki, həmin andaca yerindən sıçrayıb qalxdın və düz gəlib başımın üstündə durdun, qolunu belimə dolayıb ayağa qaldırdın və məni elə həsrət, sevgi və qüdrətlə qucaqladın ki... sümüklərim xırçıldadı... Ayağa qaldırdın, başımı şəfqətlə köksünə sıxıb: - Yaxşı, onda gəl gedək biz də zülm çəkməyə! – dedin və... Bilirsən, Sultanım, Səninlə olmayanda yalnız Sənə məxsus bu jestlərin üçün necə darıxıram!.. Anlatmaqda sözlər aciz qalır!..


( Yazının birinci hissəsini  "sevgi" bölümündə " oxuya bilərsiz - Unutdun məni )

 

Qadinkimi.com