SƏNƏT
Esmira Fuadın yeni toplusu Tarix : 01 Noyabr 2022, 12:39


II Qarabağ savaşı - Vətən müharibəsinə, xalqla dövlətin monolit birliyi və müzəffər Azərbaycan ordusunun rəşadəti sayəsində qazanılan unikal qələbəyə, Şuşa zəfərinə bir çox ədəbi-bədii əsərlər həsr olunub. Bu yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində önəmlidir. "Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” adlı qələbə ətirli, şəhid qoxulu toplu da bu qutsal işə sözün qüdrəti ilə yardımçı olmaq amacı ilə araya-ərsəyə gəldi. Bu məqamda Şuşanı azad edən əfsanəvi qəhrəmanlarımız­dan biri, 44 günlük Vətən müharibəsində böyük şüacət göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, "İgidliyə görə”, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” medalla­rı və "Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimovun müsahibəsindən kiçik bir hissəni xatırlatmaq yerinə düşər: "Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşmənin diqqətini öz üzərimizə çəkməli idik. Həmin gün şəhidləri­mizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşaltını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Ermənilər deyirdi­lər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqi­qə­tən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər... Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birin­də Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağı­mızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükran­lığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşğu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi (https://azvision.az/news/251481/).

 

No description available.

28 oktyabr 2022-ci il tarixində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Əbədi Turan Kitab Fondu İctimai Birliyinin təşkilatçılığı ilə "II Qarabağ savaşı Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə-Dəmir Yumruq əfsanəsi” layihəsi əsasında,"Şuşa ili” çərçivəsində çap edilmiş "Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” adlı toplunun Bakıdakı 115 saylı tam orta məktəbdə təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə 115 №-li tam orta məktəbin direktoru, təcrübəli pedaqoq Natəvan xanım Əsədova açaraq Vətən müharibəsinə, II Qarabğ savaşının ədəbiy­yata yansımasına həsr olunmuş toplunun, nəşrin müəllifinin və nəşrin tanıtımında bir vəsilə olacaq tədbirin önəmindən qısaca söz açdı. Natəvan Əsədova filologiya elmləri doktoru, dosent Esmira Fuadın Vətən üçün, ədəbiyyat üçün gördüyü işlərdən danışdı və sonra sözü kitabın tərtibçisi və ön sözünün müəllifinə verdi. Esmira Fuad kitabın yaranma səbəbləri, istifadə olunan mənbələrdən söz açdı. O, 44 günlük Vətən müharibəsinin qürürverici sonucların­dan, Azərbaycan xalqının və onun müzəffər ordusunun rəşadətindən, dünya hərb sənətində yeni səhifə olan Şuşa zəfərindən danışdı. Əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qeyri-adi qəhrəmanlıqlar, xalqla dövlətin monolit birliyi işğal altında olan torpaqlarımızın düşmən əsarətin­dən azad edilməsində həlledici roluna diqqət çəkdi. E.Fuad II Qarabağ müharibəsinin, qutsal savaşın yaşatdığı qürür hissləri Quzeydə olduğu kimi, Güney Azərbaycan ədəbiyyatından da yan keçmədiyini, mövzu ilə bağlı yeni əsərlərin qələmə alındığını və ədəbi prosesin bu gün də davam etdiyini vurğuladı: "Yaşadığım qürur hissinin dərin etkisi altında bu möhtəşəm qələbəyə-Qarabağa-Şuşa zəfərinə həsr olunmuş əsərlərdən oluşan "44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatın­da”və "Qarabag zəfəri Güney və Quzey Azərbaycan ya­zar­­ları­nın gözü ılə” ad­lı iki toplu hazırlayıb çap etdir­dim.I topluda, adından da görün­dü­yü kimi, yalnız Güney şairlərinin II Qarabağ savaşı, Şuşa haqqında yazdığı əsərləri, ikincidə isə iki imperiya dövləti-İran və Rusiya arasında bölüşdü­rül­müş Azərbaycanımızı heç deyilsə, ədəbi müstəvidə birləşdirmək amacı ilə həm Güney, həm də Quzey yazar­la­rının qələmə aldıqları seçmələri topladım və əlinizdəki çox dəyərli bir mənbə araya-ərsəyə gəldi. Topluda N.Həsənzadə, S.Rüstəmxanlı, R.Yusifoğlu, F.Əzizbəyli, K.Abiyeva, R.Qusarçaylı, Ş.Şahin, S.Arazlı Özgün, İ.Qəhrəman, K.Kərimli, T.Kərimli, R.Məcid, K.Hacı, E.Piri, E.Uğur, E.Barat, Z.Bayramlı, V.Əhməd, B.Sadiqlə yanaşı, əslən Güneydən olan və ürəyi, ruhu Qarabağda baş verən möhtəşəm tarixi olaylardan, alnımızdakı 28 illik qara ləkəni öz rəşadətləri, qeyri-adi igidlikləri ilə silən və zəfərə öz qutsal qanları ilə möhür vuran ərənlərimizin bütün dünyaya göstərdik­ləri uni­kal döyüş taktikasın­dan ilham alaraq qələmə sarılan K.Qəhrəmanoğlu, B.M.Elçibəy, R.Qədiri, Ə.Fəxr, K.Xiyav, F.Əsğərniya-S.Sonay, M.Şeyxpur, R.İ.Azərin də əsərlərini yayınladıq... Bu birlik, vəhdət K.Abi­ye­va­nın "Qələbədir adın”, S.Rüstəmxanlının "Qarabağa dönüş”, B.Sadiqin "Zəfər simfoniyası”, R.Qusarçaylı­nın "Vətən” əsərlərin­dən də boy ve­rir.

Yazarların qələm nümunələrində "Dəmir yumruq”, Azərbaycan-Türkiyə-Pakistan dost­luq və qardaşlığını yansıdan İlham Əliyev, Rəcəb Təyyub Ərdoğan və İmran Əhməd Xan Niyazi dastanı ilə yanaşı, Vətən uğrunda Şəhidlik sevdasına tutulan mərd oğulların-ərənlərin, "General Polad”ın, "Mübariz”in adına dibsiz sevgi ilə bağlanan dastanların yarandığının və Azərbaycan ədəbiy­ya­tın­da yeni səhifə açdığının da şahidi oluruq. Bu əsərlərdə Əbədi Turan idealının gerçəkləşdirilməsinə, Türk yurdlarının birli­yi-Turana doğru açılan məfkurəvi bir istiqamətin də üfüqləri aydın görünür.

Zirvələrə qalxınca gücümüz oyanacaq

Bu güc tarixdən gələn ulu Turan gücüdür!

Savalandan Tanrıya, Ağrıdan Altaylara

Min illərlə var olan bir qəhrəman gücüdür…

 

No description available.

Uluyurdu yaşatmaq, gələcək nəsillərə əmanət etmək üçün üzündə təbəssüm, dodağında gülüş şəhadətə ucalan və düşmənlə şir kimi döyüşən Qəhrəmanları olan xalqı, dövləti isə heç bir güc, düşmən sarsıda bilməz... Demək ki, estafet etibarlı əllərdə, güvənli oğul və qızların çiyinləri üzərindədir.

Daha sonra məktəbin ədəbiyyat müəllimi İradə xanımın topluda yer alan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda köklənməsinə böyük təsiri olacaq şeirlər və kompozisiya məktəblilər tərəfindən təqdim olundu. Tədbirdə iştirak edən fil.ü.e.d., Rafiq Yusifoğlu, şairlər İlham Qəhrəman, Kamalə Abiyeva, Aysel Aydın Əlizadə, 182 saylı Tam Orta məktəbin direktoru Zinyət Tağızadə və başqaları çıxış edərək toplu ilə bağlı dəyərli fikirlər söylədilər.

Sonda tərtibçi müəllifə xatirə hədiyyələri təqdim olundu. Müəllifin imzalı kitabları şagirdlərə, müəllimlərə və tədbirə gələn qonaqlara bu günün özəl xatirəsi oldu.

 

 



qadinkimi.com