QADIN / KİŞİ
Ərinin yaxınlaşdığını görəndə boğulmağa başladı Tarix : 04 Dekabr 2020, 01:36

Artıq üç il idi ki, mətbəxlə uşağın beşiyi arasında bir ömür sürürdü. Əvvəllər öz xoşu ilə seçdiyi bu həyatdan məmnun idi. Amma üstünə hopan soğan qoxusu, çiynindən axan körpəsinin qusmağı, tərəvəz soyub doğramaqdan qaralan barmaq ucları, boyası solan saçları, üstəlik, hamiləlikdən gözdağı kimi qalan yağları artıq onu öz gözündən salmışdı. Qaynar, rəngli uşaqlıq və gənclik yaşamışdı.

Elə indi də gənc idi, amma hər dəfə aynaya baxanda özünü üç yüz il dünyanı qucaqlamış qarğa kimi yaşlı və tükənmiş hiss edirdi. Hərdən keçmiş ağlına gələndə bütün yaşadıqları gözünə nöqtə qədər uzaq görünürdü. Hissləri koralmışdı, əvvəlki kimi qəhqəhə ata bilmirdi, sevgi desən, o, çoxdan aradan çıxmışdı. Tək sevinci uşağı idi. Amma dəhşətli bezginlik gələndə gözü heç onu da görmürdü. Bir vaxtlar çox sevdiyi əri artıq masanın ətrafındakı stullardan, divanın üstündəki yastıqca kimi evin əşyasına çevrilmişdi gözündə. Necə ki, bunlardan biri əskik olanda nəzərə çarpır, durub hər tərəf təlaşla axtarılmır, eləcə də ərinin evdə olub-olmamağı onu narahat etmirdi. Bir gün yaşadığı daş kimi hissiz və soyuq həyatı təsadüfi gələn bir adamla dəyişdi. Getdikcə münasibətləri daha da isindi.
 
Qadın üç illik qabığını qıraraq əvvəlki kimi mağazalarda, gözəllik mərkəzlərində vaxt keçirməyə başladı. Uşaqla hərəkət etməyin çətin olduğunu gördü və tezliklə bir dayə tutmaq üçün hərəkətə keçdi. Əri artıq çəkisindən qurtulan, gün keçdikcə əvvəlki gözəlliyinə qayıdan, yenə şən qəhqəhələr atan həyat yoldaşının bir sözünü iki etmir, istəklərini yerinə yetirmək üçün əlindən gələni edirdi. Bir müddət beləcə keçib getdi. Kişi hiss etdi ki, qadın gözəlləşdikcə onların münasibəti eybəcərləşir, qadının qəhqəhələri yüksəldikcə aralarındakı hüzn dərinləşir, qadının bədəni incəldikcə öz bədəni yalnızlaşır. Bəzi günlər "işim var" adı ilə saatlarla yoxa çıxmaqları kişini içindən yeyirdi.

Çox vaxt ərinin onu müşahidə etdiyinin fərqində olmurdu, bəzən həddən artıq xoşbəxt, bəzən isə dərin fikrə qərq olurdu. Bir cüt gözün üstünə zilləndiyini hiss edən kimi diksinərək özünə gəlir, suçüstü yaxalanmış kimi gah kəkələyərək, gah dili dolaşaraq danışmağa başlayırdı. Əri ilə maraqlanırmış kimi ona işi ilə bağlı suallar verirdi. Halbuki tanış olduqlarından bəri bircə dəfə də olsun onun nə etdiyi ilə maraqlanmamışdı. Təbii ki, onun bu halları az danışan, olduqca təmkinli və sakit görünən ərini dərin şübhəyə salırdı. Çünki qadın nə qədər çalışsa da, soyuqqanlı olmağı bacarmır, özünü ələ verirdi. Amma çox keçmədi, o dəhşətli gün gəlib çatdı. Ortalıqdan itdiyi günlərin birində duşda olan sevgilisinin qapısı döyüldü. Qadın yarıçılpaq vəziyyətdə, barmaqlarının ucunda qapı dəliyinə yaxınlaşmağı ilə dizlərindəki taqəti kəsilərək yerə çökməyi bir oldu.

Bədənini titrəmə bürüdü, gah qaynar, gah buz kimi tər dərisinin üstündən süzülməyə başladı. Qulağına gələn uğultular bir-birinə qarışdı. Qapının hər taqqıltısı beyin qıvrımlarının üstünə şiddətlə çırpılaraq əzik-əzik edən çəkic kimi vururdu. Dili sanki ağzında iflic olmuşdu, söz tutmurdu. Bir neçə dəqiqədən sonra taqqıltı kəsdi, qapının arxasındakı addımların uzaqlaşdığını eşitdi. Vücudunu ət topası kimi atdığı döşəmənin üstündən qaldıra bilmədi. Yaşadığı qorxu sanki sümüklərini çəkib əzələlərinin içindən çıxartmışdı. Sürünərək qonaq otağına keçdi. Şərabın yanındakı qabdan bütün buzları suyun içinə boşaldaraq başına çəkdi. Titrəməsi dayanmırdı, dişləri bir-birinə dəyirdi. Sakitləşmək üçün dizlərini qarnına çəkərək özünü var gücü ilə qucaqladı. Bədəninin hərarəti durmadan oynayırdı, isti soyuğa qarışmışdı. Birdən gözü hərəsi bir yerə atılmış paltarlarına sataşdı. Dəqiqələrdir süründüyünü unudaraq qəflətən ilan kimi bir gözqırpımında yerindən sıçradı. Tez geyinməyə başladı.

Birdən ağlına səssiz rejimə keçirdiyi telefonu gəldi. Özünü çantasının üstünə ataraq içərisini qarışdırdı. Telefonu tapıb gözünü ekrana zillədi. Şokda idi. Nə ard-arda sıralanmış mesajlar, nə də zənglər vardı. Bəs ərinin burada, sevgilisinin qapısında nə işi vardı deyə fikirləşməyə başladı. Əvvəlcə onu təqib etdiyini düşündü. Amma sonra bura qədər gəlib geri qayıtmağına bir məna verə bilmədi. Həm bu, mümkün deyildi. O, qapını qırmaq naminə də olsa içəri girərdi. Bəs nə üçün belə səssiz çıxıb getdi? Birdən pəncərəyə tərəf götürüldü. Pərdəni azacıq aralayaraq gözləri hədəqəsindən çıxacaqmış kimi ətrafa göz gəzdirdi. Nə əri vardı, nə də ona aid bir iz. Bir az fikirləşdi, bu dəfə dəli kimi qaçıb qapı gözlüyündən baxdı. Yox, bomboş idi. Birdən özü özündən şübhəyə düşdü. Görəsən, gördükləri həqiqət idi? Bəlkə heç o, əri deyildi, bəlkə başqası idi, sadəcə qorxudan gözünə elə görünmüşdü? Yox dedi, bu, mümkün deyil. Ərini başqası ilə necə səhv sala bilərdi axı?! Yenidən telefonu əlinə aldı. O olsa zəng edərdi. Özü zəng etmək istədi. Amma cəsarəti çatmadı.

Telefonu çantasına atıb, duşdan yeni çıxan sevgilisinə "hər şey bitdi" deyərək qapını örtüb çıxdı. Heç imkan vermədi ağzını açsın. Sağa-sola göz gəzdirdi, təhlükə sezmədiyini görüb özünü küçəyə atdı. İndi əri hardansa çıxacaq qorxusu ilə adamların içinə qarışıb getdi. Onu buna nəyin vadar etdiyini, həyatındakı hansı əskikliyin başqa qollara atdığını fikirləşdi. Ərinin soyuqluğu? Özünün adi günlər yaşamağı? Uşağın qayğıları? Axı, uşaqdan da xəbəri yox idi. Onu tamamilə dayənin öhdəliyinə vermişdi. Ən son nə vaxt altını dəyişdirdiyini belə unutmuşdu. Bəs nə idi, nə? Özünə haqq qazandırmaq üçün ən xırda səbəb axtarırdı. Amma tapa bilmirdi. Bəlkə səbəb çox idi, bəlkə də heç yox idi. Birdən qapı arxasında alnı gərginlikdən tərləyən ərini gözünün qabağına gətirdi. Bəlkə də son dəqiqələrini yaşadığını, evinin ona tabut olacağını düşündü və yenidən bədəni titrəməyə başladı. Bu vaxt yüksələn siqnal səsi ona küçədə olduğunu xatırlatdı və özünü ələ aldı. Amma ərini, uşağını itirdiyini dərindən hiss eləməsi onu daha da məhv edirdi. "Deməli, itirdikdən sonra dəyərin bilinməsi həqiqət imiş" dedi boş küçələrə pıçıltı ilə...

Qarmaqarışıq fikirlərlə hava qaralana qədər ruhu bədənini tərk etmiş cəsəd kimi yeridi. Getdikcə soyuyan hava bədənini keyidirdi. Qorxu içində ilan kimi qıvrılırdı. Onu evdə nələrin gözlədiyini düşündükcə dəhşətə qapılırdı. Birdə onda ayıldı ki, barmağı qapının zəngi üstündədir. Qapını üzünə dayə açdı. Qonaq otağına girəndə əri iki yaşlı oğlu ilə oynayırdı. Qadını görən kimi ayağa qalxdı. Ərinin ona yaxınlaşdığını görəndə boğulduğunu hiss elədi, əlini boğazına qaldırdı, bu vaxt dizləri yenidən boşaldı və dəhşətli titrəmə ilə döşəmənin üstünə yıxılaraq çabalamağa başladı. Getdikcə ətrafdakı səslər uzaqlaşdı və hər yer qaranlığa qərq oldu.

Bir müddət sonra depressiya, halusinasiya və paranoya diaqnozu ilə özünə gəldi. Amma heç vaxt qapıda gördüyü adamın əri və ya qarabasma olduğunu öyrənə bilmədi...

 

 

 

 

Türkan Turan

 

 

 

qadinkimi.az