Günahsız məhbus qadınlara həsr olunur
Kriminal proqramda ərini qəddarlıqla öldürən, sonra da cinsiyyət üzvünü kəsən qadın gördüm. Bu qadın özünü müdafiə üçün nə bir söz dedi, nə də aman istədi. Onun gözlərindəki kədərə yıxıldım, boğuldum, hələ də xilas ola bilməmişəm.
Onların həyəti çökəkdə idi. Çəpərlərinin yanından keçəndə hər şey ovuc içi kimi görünürdü. Poçt müdiri Nəsib hər gün Bəyazın gəlin gəldiyi evin hasarını əvəz edən yosmaraq çəpərin yanından keçib idarəyə gedirdi. Əvvəllər buradan keçəndə ürəyi sızlayır, rəngi avazıyır, qəlbinin dərinliyində özünü alçaldılmış hiss edir, ona elə gəlirdi ki, keçirdiyi vəziyyət kənd camaatının hamısına ayan olur. Buna görə də qanı qaralırdı. Min bir bəhanə ilə kiminləsə yoldaş olmağa cəhd edir, guya çox vacib söhbət edirmiş kimi özünü mövzuya dalmış göstərir, çəpəri tez keçib getmək üçün addımlarını yeyinlədirdi. Gah siyasətdən, gah cəbhədən danışır, gah da poçtun işlərindən giley-güzey edirdi. Bu çəpər hər gün onun kişilik qürurunun sındırılmasını yadına salır, ona olmazın əzab verirdi.
Nəsibin həyat yoldaşı məktəbdə müəllimə işləyirdi. Oğlu hərbi xidmətdə, qızı isə Bakıda ali məktəbdə təhsil alırdı. Mehriban, sözsüz-sovsuz ailəsi vardı. Xanımı indiyə qədər ərinin bir sözünü iki etməmişdi. Evlərində hər zaman sakitlik hökm sürərdi. Xanımı qəşəng qadın idi. Qızı da həm savadda, həm də görkəmdə anasına çəkmişdi. Nəsibin həyatından şikayət etməyə səbəbi yox idi. Bircə nifrəti bu çəpər idi. Çəpər hər gün ilan kimi onun arxasınca sürünürdü. Çəpərdən uzaqlaşanda çiynindən yük götürülürdüsə də, elə bil arxasınca rişxəndlə gülən Sayadı görürdü. Tütündən (nəşə çəkdiyini də deyirdilər) rəngi itən, çürük dişlərini ağardaraq ona rişxənd edirdi. Deyilənə görə Sayad Bəyazı tez-tez döyürdü. Səbəbini isə bilən yox idi. Bəyaz ömründə bir dəfə də olsun şikayət etməmiş, heç kimə dərdini danışmamışdı. Döyülmənin səbəbi də sirr idi. Sübh tezdən həyətdə işləyən Bəyaz bir də gecə, göz gözü görməyəndə evə keçərdi. Mal-heyvana baxar, torpağı əkər, ağacların dibini yumşaldar, bağda, bostanda, tərəvəzdəki bütün işləri görər, öz əllərilə tikdiyi yanı açıq əldamı deyilən yerdə işlərini görərdi.
Gözəlliyindən əsər-əlamət qalmamışdı. Arıqlayıb iynələrə sap olmuş, barmaqları codlaşmış, əlləri kotana dönmüşdü. Arıq qollarında iri bir əzələ əmələ gəlmişdi. Saçları ağarmış, üzündə ürəkdağlayan qırışlar əmələ gəlmişdi. Bəyaz Nəsibin xanımından xeyli cavan idi. Yaşadığı həyat, yediyi dayaq onu soldurmuş, vaxtsız-vədəsiz qocaltmışdı. Başında rəngi bozarmış çitmə, əynində qardaşlarının köhnə pencəyi, ayağında əzilərək ölmüş timsahı xatırladan kişi çəkmələri səhərdən axşamadək həyətin dörd bir yanında vurnuxurdu. Onun işinin bitən vaxtı da olurdu. Onda da evə girməz, əldamında arxası evə tərəf oturub əllərini qoynuna qoyar, gözləri bir nöqtəyə dikilər, palçıq heykələ bənzəyərdi. Üst-başına baxsan iyrənərdin: pinti təsiri bağışlayırdı. Amma nə təmizlikdə, nə də qoçaqlıqda onun tayı-bərabəri var idi.
Nəsib çoxdan idi ki, bu qadını sevmirdi. Heç yazığı da gəlmirdi. Sadəcə hərdən acıyırdı ona. Müəllimlərin sevimlisi, pul vermədiyi üçün məktəbi gümüş medalla bitirməli olan, odun-qurdun parçası, qalın hörükləri, heç kimdə olmayan gözlərilə oğlanların sinəsinə dağ çəkən qızın bu günlərə qalmasına heyfsilənirdi. Onu kəndin ən əskik oğlanına dəyişməsi elə göynədirdi ki, bir qərinə keçməsinə rəğmən qəlbindəki qırğınlığı doldura bilməmişdi. Onun hər şeyi vardı, Bəyazın heç nəyi. O, xoşbəxt, lap bəxtəvər idi.
Bəyazın oğulları da atasına çəkmişdilər veyl-avara. Bəyazın qaynatadan qalma evi də uçub başına tökülürdü. Amma onda nəsə vardı, Nəsibin bilmədiyi, bəlkə də heç zaman öyrənə bilməyəcəyi nəsə. Qadın ağlayıb-sızlamır, qeybət etmir, danışdırmasan ağzını bıçaq açmır, həyatını çəpərin sərhədlədiyi qarğışlanmış həyət-bacada öldürürdü. Bəyaz yaşamırdı, ölən gününü gözləyən məhkum avarçı kimi sürünürdü. Qardaş-bacıları insanlıqdan çıxmış, tündməcaz, evində qonaq görməkdən xoşlanmayan bacılarından uzaqlaşmış, araları soyumuşdu. Toy-yas olmasa demək olar ki, görüşmürdülər. Bəyaz dəfələrlə çəpəri düzəltmək istəmiş, itin zülmünü çəkmişdi. Amma yenə də bacarmamışdı.
Onun həyəti geniş ekranlı televizor idi, gedən də görürdü, gələn də. Amma burda nümayiş olunan film bir tapmaca idi...
Onun həyəti də həyatı kimi sirli, hüznlü idi...
Əvvəllər çox utanır, yolla gedən olanda işini yarımçıq qoyub tez evə qaçardı. Sonralar buna da alışdı. Çəpərdən o tərəfdə qalan dünyanı yadırğadı. Artıq yolla gedən mal-qaraya əhəmiyyət vermədiyi kimi adamlara da reaksiya göstərmirdi. Yolda qiyamət qopsa da baxmaz, öz vəziyyətilə siz məni görə bilərsiniz, mən sizi görmürəm mesajını verərdi. Kənd gözəl-göyçək, ağıllı-kamallı qızın kasıb, bivec əlinə düşdüyü üçün günü-gündən xarab olmasını düşünürdü. Ailəsi isə bütün kömək və uzadılan yardım əlini geri qaytarmasını özünü cəzalandırmaq kimi qəbullanmışdı. Bəyaz sanki eybəcərləşməyinə, qarımağına sevinirdi. Adamların onun gəncliyini xatırlamasına əsəbləşir, elə beləcə qəbullanmalarını istəyirdi.
Bu gün səhər Nəsib çəpərin yanından keçəndə Bəyazı gördü. O, qollarını torpağa sancılmış belə yaslamış, başını da qollarına dayamışdı. Qeyri-iradi ayaq saxladı, Bəyaz başını qaldırıb onu gördü. Qadın vəziyyətini dəyişmədi: elə beləcə söykənmiş vəziyyətdə Nəsibə baxdı. Gənclik şövqü çoxdan ötüb keçmiş Nəsibin ürəyi sinəsini yarıb çıxmaq istədi. Bəyazın gözləri gözəl idi, ona baxırdı, nəzərlərini gizlətmirdi. Baxışları aydln idi, illər öncə baxdığı kimi baxırdı. Baxışlarda " Sən xoşbəxt ol, məni fikirləşmə” – var idi. "Sənin həyatın rahat olsun, gerisini düşünmə. Mənimki də belə gətirdi, boş ver. Mən dərd etmirəm, kimsə də məni düşünməsin” varıydı. Bu qədər zamandan sonra qadının ondan gizlənməməsi, həm də maddım-maddım üzünə baxması kişini özündən aldı. Nəsib arxadan uşaqların çığırtısını eşidib hərəkətə keçsə də, Bəyaz tərpənmir, gözlərini ondan ayırmırdı. Buna nə olub görəsən? - heyrətlənən kişi istəməsə də yoluna davam etdi. Çəpər ilk dəfə idi ki, onu hirsləndirmirdi. Əslində onun qurtarmasını istəmir, elə ömrünün sonuna kimi onun dibiylə addımlamaq istəyirdi. Çəpər ona əziz adam kimi şirin görünürdü. Onun o biri tərəfində doğma, elçilik mərasiminə iki gün qalmış arxın yanında son dəfə görüşdüyü zərif Bəyaz var idi. Daha ona acığı da tutmurdu. Niyə onu qəfildən səfil Sayada dəyişdiyi üçün hirslənmirdi də.
Nəsib bütün günü işdə özünə yer tapa bilmədi. Bəyazın gözləri xəyalından getmirdi. İllər sonra hürkmədən, baxışlarını gizlətmədən gözlərinin içinə baxması ürəyini yerindən çıxarırdı. Havası çatmırdı, ürəyi hulqumunda döyünürdü. Nə olur-olsun Bəyaza yaxınlaşacaq, zəhləsi gedən Sayada qoşulub qaçma səbəbini öyrənəcəkdi. Bunca illər ərzində bunu niyə soruşmadığını fikirləşib rəngi qaçdı. Necə olub ki bir dəfə də olsun maraqlanmamış, soruşmamışdı? O vaxt sadəcə qırılmış, küsmüşdü. Eqoistliyinə heyrətləndi, tanıdığı ən saf insan olan Bəyazın Sayada qaçmasının səbəbiylə maraqlanmamasına görə özünü qınadı. Yox nə olur olsun bu gün bunun axırına çıxacağam. Bəyaz üzünə belə baxmadığı əclafa qaçacaq biri deyildi axı?! Necə olub ki indiyə kimi bunu anlamamışam?...
İş vaxtının bitməsini ürəyi partlayaraq gözlədi. Poçt boşaldı. Masa arxasında əyləşərək gicgahını əlləri arasına aldı. Nənəsinin vaxtaşırı təkrarladığı məsəli xatırladı: "Yüz fikir bir borcu ödəmir”. Pəncərədən səmaya boylandı, havanın tam qaralmasını gözləməliydi. Hövsələsini güclə cilovlayaraq otaqda var-gəl etdi.
Bəyazın çəpərinə yaxınlaşanda ayaqları kilidləndi. Addımları ləngləşdi. Ev qaranlıq, həyət də zülmət kimi idi. Səs-səmir gəlmirdi. Ətrafına baxınaraq sinəsini çəpərə dirədi. Qaranlıqda Bəyazın qaraltısını axtardı. Adətən bu vaxtlar açıq buraxılan itin də hənirtisi gəlmirdi. Özü bu tayda, ürəyi çəpərdən o tərəfdə keçib getdi.
Evdə ağzını bıçaq açmadı. Yemək də istəmədi. İçindən bir hiss Sayadın yaxasından yapışıb " Niyə istəklimi qaçırtdın?” soruşmaq istəyirdi. Hər nə qədər Bəyaz özüm gəlmişəm desə də daha inanmır, burda bir sirr olduğuna əmin olurdu.
Xanımı Nəsibdən nə baş verdiyini soruşdu. O, "Heç, başım ağrıyır”- deyə mızıldandı. Bununla da dialoq bitdi. Evlərində qulaq batıran səssizliyi divardakı saatın çıqqıltısı nizamlayırdı. Hər saniyə Nəsibin ürəyinə saplanırdı. Sanki nəyisə əbədilik itirirdi. Axı nəyi? Olan olmuş, hər şey keçmişdə qalmışdı. Tutaq ki Sayadı yaxaladı. Lap döydü də. Bəs sonra? Nə dəyişəcəkdi ki? Camaata nə deyəcəkdi? İyirmi beş ildən sonra çəkilən bu haqq-hesabın adını nə qoyacaqdı? Hava ağarana yaxın gözləri yumuldu, qatmaqarışıq vaqeə gördü. Bəyaz Nəsibi yarğana itələyib yıxmaq istəyən Sayadı əlindəki bellə arxadan vurdu. Yuxudan dik atıldı. Əynini geyinib küçəyə çıxdı. İri addımlarla poçta doğru irəliləməyə başladı. Bəyazgilə dönəndə çəpərin yanına yığılan qonşuları görüb ürəyi ayağının altına düşdü. Ürəyində Allaha yalvara-yalvara onlara yaxınlaşdı. Həyətdə polislər ora-bura vurnuxurdular. Sayadın çəpər qonşusu Nəsibin sual dolu baxışlarına onun qoluna girib, çəpərdən uzaqlaşdıraraq cavab verdi:
- Bəyaz Sayadı öldürüb.
Nəsib özü də bilmədən "nəylə” deyə çığırdı.
Qonşu:
- Bellə - dedi.
Nəsibin gözləri hədəqəsindən çıxdı. Qonşu kişi başını aşağı salaraq:- öldürəndən sonra da şey edib... dili dolaşdı, susdu.
Nəsib ağzı qupquru quruduğu üçün dillənəmmədi. Titrəyən əliylə kişinin dirsəyindən dartıb özü boyda suala dönüb onun gözünün içinə doldu. Kişi:
- Deyirlər bellə başına vurub, özü də çox. Öləndən sonra da vurub. Sonra da ... ee... kişiliyini kəsib.
Nəsib kökündən qopan ağac kimi qonşu kişinin üstünə yıxıldı.
Kəmalə Əliyeva
qadinkimi.com