KİŞİ KİMİ
ELVİN MƏLİKOVUN XALQINA NOVRUZ HƏDİYYƏSİ-Kamalə Abiyeva Tarix : 15 Mart 2021, 15:27
Yazar : Kamalə Abiyeva


Video görüntülərinə baxdım. Bir gün sonra Hərbi Xidmətə gedəcəkdi. Uşaqlıq dostlarıyla birgə keçirdiyi son gündən xəbərsizdi. O qədər sevincli idi ki. Hey gülürdü. Məsumca, uşaq kimi. Elə bil hamıdan xoşbəxt idi. Bu məsum uşaqlığın, uşaq məsumluğunun xoşbəxtliyini bağrına basmaq, qorumaq istəyirdin. O isə xoşbəxtliyin özünü anlatdı bizə.

Məlikov Elvin İlham oğlu 2001-ci il martın 20-də anadan olub. Bakıda. 20 yaşı olur bu il...

Cudoçuydu, qatıldığı yarışlarda mükafatlar alıb. Üzgüçülüklə məşğul olub. Gözəl rəsmlər çəkib. Atası İlham maşın ustasıydı. Dərslərini yaxşı oxuyar, həm də atasına kömək edərdi. Yaşından böyükdü Elvin.

Köhnə Günəşlidə 24 nömrəli tam orta məktəbin məzunudu. Yəqinki bu məktəb bundan sonra onun adını daşıyacaq.

ADU - nun tələbəsi Əliyev Rəşad da 24 nömrəli məktəbin məzunudur: Parta yoldaşı, dost, qardaş olmuşuq. Mərd, səxavətli, elə saf idi ki. Yaşıdları əyləndiyi zaman o, ailəsinə kömək etmək haqda düşünürdü. Maşınları sevirdi. Saatlarla maşınlardan danışardı. Axırıncı dəfə telefon söhbətimizdə artıq silahlardan bəhs etdi. Mübariz İbrahimova sevgisi başqaydı. "Qardaşın burda Mübariz İbrahimovun istifadə etdiyi silahla döyüşür. Onun intiqamını alacam”- dedi. Xəyalları vardı - ev, maşın almaq, sevgisinə qovuşmaq... Ali arzusuna - Müqəddəsliyə qovuşdu.

"Birlikdə böyümüşük. Ən maraqlı günləri birlikdə yaşamışıq. Onunla mübahisə etməyə bir bəhanə tapmazdın. Qəlbi geniş, təmiz, sədaqətli, cəsur idi Elvin. Belə dostum olduğu üçün fəxr edirdim. İndi də fəxr edirəm. İstəyirəm onu hamı tanısın”- bunları Elçin Salamov söylədi.
Onu hamı tanıyır ay Elçin. Onu Azərbaycan torpağı tanıyır. Bu torpağın bir adı da indi Şəhid Elvin Məlikovdu. Polad, Nail, Mübariz, Əlyar, Tərlan, Xudayardı...

" Onun haqqında düşüncələrimi danışsam, bitməz ki... Hələ də yoxluğunu qəbul edə bilmirəm. Hər gün onu düşünürəm. Hərtərəfli idi” – deyən Murad Quliyevin bir fikri ağlıma işlədi: "O qədər saf, sadiq, məğrur, ləyaqətli idi ki. Şəhid adına layiq idi”.

Doğru deyirdi. Bu ada layiq olmaq da var. Onun üçün də bu ad qürur yeriydi.

Başqa bir dostu Neft və Sənaye Universitetinin tələbəsi Nurlan Ağayev isə dedi ki, Elvin kimi dost, qardaş itirmək çox ağırdı. Onun necə səviyyədə olmasını heç bir sözlə anlada bilmərəm. Xalqımız onunla fəxr edəcək. Ona nəsib oldu Şəhidlik zirvəsi. Kaşki mənə də nəsib olaydı...

Bütün dostları, döyüş yoldaşları onun şəxsiyyətindən, igidliyindən, Vətən sevgisindən danışır, danışmaq istəyirdi.

Elvin ali təhsilini başa vurmadan Hərbi Xidmətə yollandı.

"Öncə vətənə borcumu yerinə yetirməliyəm”- dedi anasına.

 

 

No description available. 

 


2019-cu ildə atasını itirirəndən az sonra gedir Həqiqi Hərbi Xidmətə. "İmkan tapan kimi atasına kömək edirdi. Qazandığı pulu mənə verərdi. "Qazandığını özünə də xərclə "deyirdim. "Yox, bacılarımın təhsilinə gərək olar”- deyir İlhamə xanım.- Amma hələ məktəbdə oxuyandan 20 yanvar, Xocalı faciəsi, Qarabağ haqda danışardı. Əsgər getməyə tələsirdi, elə bil ürəyinə dammışdı ki, müharibə olacaq. Deyirdi "torpaqları almağa gedirəm, ana, fikir eləmə. Torpaqlarımız azad olsa, mənim də bir damcı payım olsa ən xoşbəxt adam olaram”.

Ağcabədidən sonra Cəlilabadda XTQ-də xidmət edib. Elə ilk günlərdən fərqlənib, komandiri ”Elvin əsil hərbiçisən. Snayperçisən, hərbidə qal” deyib. Sərrast atıcılığı ilə seçilib. Zəng edəndə valideynlərinə "komandirim məni saxlamaq istəyir”- deyib fəxrlə.

Qarabağ Savaşı başlayanda Ağcabədidə N saylı hərbi hissədən döyüş bölgəsinə Fizuliyə yollanır. Məsuliyyəti, atıcılığı, silahları idarə etmək bacarığı ilə tanınırdı Elvin. Sorağı özündən əvvəl çatmışdı hərbi hissəyə. "Əlləri qızıl, qızıl Elvin” deyirdilər.

Döyüş yoldaşı, Şəkidə müalicə alan Ziyanın dediyi kimi "Elvin qızıl idi. Bizim "Qızıl Elvin”imiz. Fikri-zikri qələbə idi. O qədər mədəni, səmimi və qorxmaz idi ki. Hamımız əsgər idik, döyüşürdük. Amma O bir başqaydı. İndi də fikirləşirəm ki, elə bil ən yaxşıları seçirdi güllələr”.

2 oktyabr gecəsi...

Gecə yata bilmədim. Bacım da bizdə idi. "nə olub?”- deyə sordu. Dedim ki, ürəyim ağırlaşdı, yandı elə bil. Su içdim, yanğım keçmədi. Ürəyim yandı, yandı...Demə 3- də...- səsi qırıldı ananın. Kövrəldi İlhamə xanım.
Ananın göz yaşını necə silmək olar? Ananın göz yaşından ağır nə olar ki? Çox ağırdı anaların göz yaşı. Elə ağırdı ki, bicə damçısında boğularsan. Bircə damcısından əzilərsən, xıncım-xıncım olarsan...

İndi İkinci Fəxri Xiyabanda uyuyan Elvin Məlikov "Vətən uğrunda” və "Fizulinin azadlığına görə” medalları ilə təltif olunub.

Elvinin komandiri mayor Anar Quliyevin dedikləri: Əsgərim Elvindən çox danışa bilərəm. Hədsiz mədəni, Qorxmaz idi. Ən önəmlisi, hamımız kimi torpaqlarımızın azadlıq həsrətini çəkirdi. Məsuliyyətliydi. Ona baxanda qəhrəman Mehdi Hüseynzadəni xatırlayırdım. İmkan olan kimi gözəl rəsmlər çəkirdi.

Qaraxanbəyli uğrunda döyüşlərdə şəhid oldu. Düşmən yüksəkliklərdə yerləşmişdi. Biz hücuma keçməliydik. Elvin pulemyot manqasında döyüş yoldaşı İrapov İsmayılla Kayot silahını idarə edirdi. Silah ağır olduğundan iki nəfər idarə edir. Kayot silahı çox önəmlidir. Düşmən atəş yağdırırdı. Elvingil onları susdurmalıydı Mən təxminən 50 m uzaqda idim. Elvingilin mövqeyinə mina atıldı. Mən onları səslədim "mövqeyi dəyişin” deyə. Ancaq ikinci atəş açıldı. Təsəvvür etmirsiz, əsgərlərinin şəhid olmağını görmək necə ağırdır. Onlara tərəf atıldım. İnanmaq istəmirdim. İnanmırdım. Bir daha baxdım, nəbzlərini yoxladım...Çox ağırdı. Çox doğmaydı, çox saf idi. Əsil döyüşçü idi. Bilirdim ki, verilən tapşırığı tam, sonacan yerinə yetirəcək.

Mən bir zabit, döyüşçü kimi fəxr edirəm ki, elə əsgərim olub. Təkcə mən yox, bizim bölükdən sağ qalan döyüşçülər hamısı fəxr edir. Onun doğmaları, yaxınları da fəxr edəcək həmişə. Nə qədər ki, Elvin kimi cəsur oğullarımız var, bu xalq başı uca olacaq, Azərbaycan heç vaxt əyilməyəcək heç bir düşmən önündə.

Doğru deyir mayor Anar Quliyev. Başı bəlalı Azərbaycanımız elə Elvin kimi oğulların igidliyi, cəsarəti, mərdliyi hesabına əsrlərdi yaşayıb, yaşayır və yaşayacaq. Öz bütövlüyünə qovuşur və qovuşacaq.

Martın 20-də Elvin Məlikovlar ailəsinə taleyin bayram hədiyyəsi idi. Bu Novruzda isə O, Şəhid Elvini Xalqına hədiyyə etdi.

P.S. Hərbi Xidmətdən əvvəl Optimalda işləyirdi Elvin. Martın 20 –də 20 yaşı olur. İş yoldaşları Şəhid Elvin Məlikovun 20 yaşını qeyd edəcək.

 

 


 

 

Kamalə Abiyeva

 

qadinkimi.com