UŞAQ / BÖYÜK
Elnarə Ağayeva - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 04 May 2023, 22:41
Yazar : Qadinkimi.com
Günel Dənizdən gələn təklifdən ilhamlanaraq: Mərcanıma... 

Məktubu yazmağım elə sənin doğum gününə təsadüf etdi, Mələyim. Mələk - əslində sənə bu adın verilməsini istəyirdim...  
Hər birinizi mən uğurum sayıram, amma sən başqasan, başqa. Mənim ilk əsərim, o günlərin ağırlığını yarıb ömrümə nur saçan ümidim, tutunacağım..

Varlığınla nə qədər dəyişdin dünyaya baxışımı, gücümə güc qatdın, daha öncə xoşlamadığım şeyləri sevdirdin mənə. Misal üçün; harda uşaq görsəm yaxınlaşmaq, oynatmaq, gördüyüm hər körpəni öz körpəm kimi görmək... 

O qədər çətinliklərdən keçdik ki səninlə. Məni anama həsrət qoyan səbəblər, səni də məndən ayıracaqdı. Amma mən öz çəkdiklərimi sənə əsla çəkdirə bilməzdim, o körpə ürəyinə o dağı çökdürə bilməzdim. Anamın çarəsizliyini bəzən qınayırdım. Mən mütləq bu çarəsizlik zəncirini qırmalı və daha güclü olmalıydım. Kim deyir ki, qızlar analarının taleyini yaşayır? Sən mənimləsən!!! 

İndi isə günbəgün böyüdüyünü görüb həm qürurlanıram, həm də kədərlənirəm. Özümü müəyyən olacaqlara hazırlayıram. Məsələn, bir vaxt otaqda əks-səda verən gülüşün kəsilib, başını dizimə qoyaraq susduğun və mütləq ki, ürəyində gizlətdiyin şeyə üzüldüyün günə hazır olmalıyam...

Hələ nə qədər danışacağımız mövzular var... Hələ nə qədər insan tipləri ilə səni tanış etməliyəm, düşə biləcəyin vəziyyətlərdə nə edəcəyini anlatmalıyam və ən əsası: bütün kişilərin atamız kimi olmadığına inandırmalıyam, bax atalığımız kimi də sahiblənməyi bacaran, bütün məsuliyyəti üzərinə götürüb, sözünün üstündə dura bilən və bir ailəni xoşbəxt edə bilən kişilər də var...
Hardan başlayacam, mələyim?...


Anan Elnarə

Elnarə Ağayeva
qadinkimi.com