YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Elimizin toy adəti var Tarix : 24 Avqust 2021, 05:41
Azərbaycan ailə modeli sadə nigah istəyən gəlinləri sevmir. "İsrafçılıq lazım deyil" deyən yaxşı niyyətlilərə, "indi sən guya avropa düşüncəlisən?" - deyib tənqid edib, səhv tuturlar. Çünki, belə toplumlarda israf və ailə nə deyirsə, o olsun qavramı bizim "ata-baba" mirasımız olduğu üçün normal qarşılanır. Day bilmirlər ki, bizim atamız da səhv yaşayıb, babamız da, ulu babamız da.
Evlənmək, uşaq dünyaya gətirmək, ailə qurmaq bir insanın həyat məqsədi və istəyi, arzusu ola bilər, bunda bir problem yoxdu. Bunları seçməmiş və ya seçsə də, davam etməmiş insanları uğursuz deyə günahlandırmaqdadı problem. Evlənmək istəyənə deyil, evlənmək istəməyənə qəribə şəkildə baxmaq; evliliyi müqəddəsləşdirib, boşanmağı bədbəxtlik görməkdədi problem, əslində problemdən də ötədi - maksimal səviyyədə xəstə düşüncədi.
İnsanların toyu müqəddəsləşdirməsi, bu toy üçün məxsusi ümumilləşmiş dəyərlər yaratması və sanki bu adət-ənənələrini qoruyub saxlamasalar, toyun səhərisi bəy-gəlin boşanacaq kimi düşüncənin beyinlərdə qurulmasıdı problem.
Mənəvi və əxlaqi dəyərləri, 2 paça arasından çıxacaq olan 2-3 damcı qanla qidalanan və qürurlanıb hətta özünü "qeyrətli" model kimi görüb bunun üçün də xüsusi bir şahid (yengə) tutub ailə üzvlərinə də nümayiş etdirən bir sürü şüuru bakirəlikdən təşkil olmuş "qeyrət-namus" natamamlığı yaşayan ordunun içindəyik. Hansı ki, o qanı göstərməyə utanmır, amma evdə yoldaşına valdeyinlərin yanında "səni sevirəm" və ya başqa xoş söz deməyə utanır.
Pilləkənə boşqab düzüb, gəlinə "davay qır bunu, həə möhkəm vur", qıra bilməyəndə "az əynə dur sən" deyib, qüvvətli təpiklə boşqabı qıran kişilər sabah boşananda "uşağım yemək tapırmı? Tapırsa, onu yeyəcək bir boşqabı varmı"? - deyə düşünmədən, maraqlanmadan rahat şəkildə gəzirlər.
Gül tutaraq ərə gedəcəklərinə inanan qızlar həyacanlı və sevincli şəkildə gəlinin arxasında düzüləndə, orda bir nəfər o prosesi saxlayıb, mikrafonu əlinə alıb onlara demir ki, bu güllər Ələddinin çırağından çıxan cin deyil, bu güllər arzu gülü deyil, evlənmək istəyirsizsə, bunu gül tutmaqda yox, həyatınıza daxil olan adamın pulunun çox olmasında yox, adamlığının çox olmasında axtarın. Oğlana özünü boş-boş, guya bu vecsiz qızdı tiribləri atsaz, hər toyda gül yarpaqları axtara-axtara ömrünüzünü başa vuracaqsız.
Mələfə nə göstərəcək?
Bəyin oğurlanmasını ali məqsəd və maraqlı addım bilib, bunu hələ filimləşdirmək isə başqa bir komediyadı. Bəyin hər şeyini oğurlayıb sonda cisminə də hücum cəkirlər. Bəyi oğurlamaqdan danışmayın, bəyin oğurlanmış arzularından danışın, hansı ki, papa-mamanın dirəşməyi, hətta daha dərinə getsək papa deyir "zəhmətimi halal etmirəm", mama deyir "südümü halal etmərəm mənim bacım, ya da qardaşım qızını almasan"lar da olur.. Yəni vecinə deyil sənin sevdiyin qız var, ya yox və burda bəyin sevgi arzuları oğurlanır və bu proses toyda atasının dostları və ya əsgərlik yoldaşlarının mikrafonu əlinə alıb gic-gic orda heç kimə lazım olmayan xatirələrindən danışaraq toyun vaxtını almasına qədər davam edir. Hansı ki, bəy istədiyi şəkildə dostları ilə diskoteka və ya ritmik musiqiləri oynaya bilməz, çünki orda yaşlı və orta nəsilin nümayəndələri var, gərək oturub onların 1 saat Qarabağ şikəstəsinə qulaq asasan, sanki muğam dərnəyində oturmuş kimi dinləyəsən... Bəyin istəyini yenə oğurlayırlar.
 
 
 
 
 
Təbriz İsmayılzadə