HƏR ŞEY / HEÇ NƏ, SƏNƏT
Çağdaş televiziya məkanında bir neçə qlamur qadın obrazı... Tarix : 29 Noyabr 2022, 11:00
Yazar : Qadinkimi.com

Televiziya yeni mədəniyyət yaratmaqla, yeni obrazlar təqdim etməklə onları həlledici simaya çevirir.

 

Yeni nəsil qlamur aparıcıların nə mahiyyəti, nə şəxsiyyəti heç kəsi düşündürmür, məhz qlamur mahiyyət yaradır və bu parlaqlıq göz qamaşdırır. Seyrçi bu qlamurdan geyim tərzi, saç düzümü, makiyaj və sairə köçürərək onlar kimi olmağa çalışır.

 

Çağdaş televiziya məkanında bir neçə qlamur qadın obrazı seyrçiyə təqdim olunur. 


- Zoluşka - həyatın dibindən gəlib ulduz olmuş bir obraz;

 

- Qadın - ana - özünün və uşaqlarının həyatını öz istədiyi kimi qurmaq istəyən bir obraz;

 

- Qadın - avantürist - kişilər kimi macəralara qoşulan işdən iş çıxaran obraz;

 

Seyrçilərə təqdim olunan qlamur kişi obrazlar: 


- Aşina - qəhrəman - bu əslində super qəhrəmandır;

 

- Qəddar kişi – qəzəbli , hirsli və xeyirxah olmayan intellektli obraz;

 

- Meşşan - daha çox hisslərdən məhrum olan, dayaz, şit danışaraq maraqlı və intellektual görünmək istəyən obraz.


Televiziya postfolklor yaradır.

 

Postfolklorsa özünün qəhrəmanlarını-teleobrazları təqdim etməklə identifikasiya basmaqəliblərini sərgiləyir. Nəticədə, hər kəs bu qəhrəmanlara oxşamaq istəyir, real həyatdan ayrılır və bu həyatın gözlənilməzliklərinə duruş gətirə bilmir. Bu, depressiya, stress, diskomfort yaradır. İnsan özünü daha çox vakuumda hiss etməyə başlayır.


Postfolklor təkcə obrazları deyil, həm də davranış münasibətlər sistemini idarə edir. O, sosial realların bütün parametrlərini təqdim edir və bunun çərçivələri insanın sonrakı davranışlarını tənzimləyir.

 

Postfolklor özünün ifadələrini və dilini yaratmaqla texniki, o cümlədən əcnəbi sözlərin qarışığından yeni ünsiyyət leksikonu ortaya qoymuş olur. Televiziyanın gücündən istifadə edərək postfolklor qəhrəmanlarını al-əlvan, olduğundan gözəl və ancaq müsbət tərəfləri ilə təqdim etdiyi üçün xüsusi çalarlarla sevdirə bilir.

 

Folklor tövsiyə və ya forma təqdimatı idisə (yas mərasimi, toy, uşağa baxmaq və s.) postfolklor isə diktə edir. Burada hər bir fərd iştirak etməklə öz yozumunu təqdim edə bilməz. Onun nə düşünməyə, nə də öz təvsirini verməyə imkanı qalmır. Beləliklə, hər şey onun üçün hazır təqdim olunur. TV hazır evdar qadın, ana, bacı, qaynana modelini biçib istifadəyə verir, hər kəs onu "əyninə geyinir” və bütün yaşam tərzini bunun əsasında qurur.

 

Qadinkimi.com