UŞAQ / BÖYÜK
Çəkdiyi rəsm, seçdiyi rənglə uşağınızı tanıyın Tarix : 15 Noyabr 2019, 16:57
İncəsənət Gimnaziyasında 45 dəqiqə

"Rəsm əsərindəki adamlar xəfif, çəpgözlü, qıvırcıq saçlı qadına bənzəyirsə, rəsm Caravaggioya aiddir. Vücudunda nəzərəçarpan qəribəlik varsa, "gözlər qəlbin aynasıdır”sa - o zaman Picasso - dur. Rəsmdə kefinizin yaxşı olduğu gecəyə aid xatirələr varsa, bu, Salvador Dalidi, qaranlıq bir arxa plan və insanların simasında işgəncə çəkirmiş kimi ifadə nəzərinizi cəlb edirsə, bu, qəti olaraq Titiana aid rəsmdi, çoxlu adam təsviri varsa və normal görünürlərsə, deməli, Bruegeldi. Hər kəs, o cümlədən, qadınlar da Putin-ə bənzəyirsə, bu, bir Van Eyck yaradıcılığıdı, balerina varsa, Degas yada düşməlidi, işıqlı və xoşbəxt, şən insanlar toplusu əks olunubsa, Renoirdir”.
 
Məşhur rəssamları, onların əsərlərini şagirdlərə sevdirən İncəcənət Gimnaziyasının "Təsviri və tədbiqi sənət şöbəsi"- nin fədakar müəllimləridir. Bu gün ekspromt olaraq bir 45 dəqiqə müəllimlərin dərs prosesini izlədim. Məqsədim uşaqların rənglərdən istıfadəsinə diqqət etmək idi. Onların ayrı - ayrı situasiyalarda rəng qavraması psixologiyası istiqamətində duyğularını və əhval - ruhiyyələrini anlayaraq çəkdikləri rəsmlərdə zəka səviyyəsini müəyyənləşdirərək, sözlü ünsiyyətlə bağlı problemlərə çarə olan, düşünüb, dilə gətirmədiklərini çəkdikləri rəsmlərlə deməsini izlədim. İstər natürmortlarda, istərsə yağlı boya ilə kətan üzərində payız mənzərəsi və ya rəngləri yox edən qara fonda bəyaz rəngin çalarlarından istifadə edərək qış təsəvvürü oyatmaq üçün şagirdlər müəllimləri İlqar Əkbərov, Babayeva Günay, İlhamə İsmayılova, Əsgərova Lalə, Quliyev Əlirza və Minə xanımdan öyrəndiklərinə öz fantaziyalarını da əlavə edirdilər. Müəllimlər bu məftunedici, gözəl sənətin sirlərini öyrətməklə uşaqların emosional dünyasını kəşf etməyə vasitəçi olurlar. 

Uşaqların çəkdikləri rəsmlər onların iç dünyalarında baş verənlərin izahını verir. Ev, ailə , ağac rəsmləri onların yaşadıqlarının göstəricisidi. İstifadə etdikləri rənglər uşaqların həyat və şəraiti haqqında çox şey deyir. Uşaqlar məktəb təliminə hazırlıq keçənə qədər duyğularını, sıxıntılarını, qorxularını sözlə ifadə etməzlər. Çevrəsində baş verən hadisələri, gördükləri, şüuraltı düşündükləri obyektin incəliklərini rəsmlərində əks etdirən uşağın daxili aləmini, iç dünyasını, zəka səviyyəsini, problemlərini rəsmlərində xəfifcə "görmək" mükündü. 
Məsələn, şəkil şəkərkən qələmin bərk basılması onlarda aqressiyanın olmasını göstərə bilər.
Rənglərdən istifadəsinə diqqət edəriksə, ən çox dəyər verdiyi adamı sevdiyi rənglə çəkdiyi anlaşılır. Özünü xoşbəxt hiss edən, ailədə sevgi görən, dəyər verilən uşaqlar sarı rəngə daha çox yer verir. Qəhvəyi rəngdən istifadə üzüntüdən xəbər verir, qorunmağa ehtiyacı olduğunu göstərir, sevgi, diqqət gözləyir. Mavi rəngdən daha çox istifadə edən duyğularını yaxşı tənzimləyə bilir. Hər iki valideynin dəstəyinə və güvəninə ehtiyac duyan uşaqlar bənövşəyi rəngi seçirlər. Yaşıldan istifadə edən uşaqlar özlərini xoşbəxt və güvənli hiss edir. Qara rəng pessimistliyi təmsil edir. Qırmızı inam və həyat, eləcə də təhlükə və ölümü simvollaşdırır. Bu uşağın qırmızını şüuraltı istifadə etmək niyyətindən asılıdır. 
Hər bir uşaq individualdı - çəkdikləri şəkillər də fərqlidi. 0nlar söyləyə bilmədikləri hisslərini çəkdikləri şəkillərdə özünəməxsus ifadə etmələri qədər təbiidi.
Müəllif: Yeganə İskəndərova Psixoloq - İncəsənət Gimnaziyası
qadinkimi.com