Amerikada afroamerikalılara nifrətin pik nöqtəyə çatdığı illər idi. Amerika I Dünya müharibəsinə qaradərililərdən ibarət ayrıca birliklə qatıldığı vaxtda qaradərililər ağdərililərlə bərabər hüquqlar uğrunda mübarizə aparırdı. Ancaq ağdərililər bu mübarizəyə hələ də etinasız yanaşırdılar. Onlar daha çox lyuks istehlakın arxasınca qaçırdılar. Bütün bunlar afroamerikalılara sinfi və sosial bərabərsizliklərini daha çox hiss etdirirdi.
Məhz bu illərdə Alabamada bir klubda Columbia Records Bessi Smiti (Bessie Smithi) kəşf edir. 1923-cü ildə "Columbia records" etiketi ilə çıxan "Down Hearted Blues” Bessinin ilk səs gətirən işi olur. Növbəti ildə o, artıq 2 milyon valı satılan və şirkətin ən yüksək gəlir gətirən ulduzuna çevrilir.
1924-1929-cu illərdə valları 4 milyondan çox satılır. Val şirkətinin ona "blyuzun imperatriçası” deməsi səbəbsiz deyildi!
"Race Records”
Fikrimcə burda kiçik bir haşiyəyə çıxıb val şirkətlərinin bu illərdə kəşf etdikləri "race records”a nəzər salmaqda fayda var. "Race records” tamamilə Amerikanın irqçi tarixinin ortaya atdığı bir sənaye uydurması idi. Val şirkətləri irqçiliyə möhtəşəm (!) bir çarə tapmışdılar. Qaradərili musiqiçilərin ağdərililərin diqqətini çəkməyəcəyini ehtimal edən, eyni zamanda onların musiqi potensialına, yığacaqları auditoriyaya da etinasız qala bilməyən "Columbia records" kimi böyük val şirkətləri xüsusi "race” (irq) kataloqları yayınlamağa başladı.
Bu, təkcə qaradərililərin vallarının yayımlandığı xüsusi bir iş idi. Şimalda "race records” kimi təbliğatlar təkcə qaraların yaşadığı yerlərlə məhdudlaşırdı. Yenə də bu irqçi cəhdin bir neçə böyük üstünlüyü oldu: Qaraların möhtəşəm musiqisini dinləmək imkanı qazanmaqla yanaşı, dövrün afroamerikalı musiqiçiləri bu cəhddən cəsarətlənərək musiqiyə daha çox maraq göstərdi, hətta özlərinə aid val şirkəti belə qurdular.
Black Swan bunlardan biri idi. Ancaq Bessie Smith 1921-ci ildə şirkətin seçimlərinə qatılıb ifasını səsləndirdiyində onu "həddindən artıq” qara qəbul etmiş və qəbul etməmişdilər! Bu qədər kobudluq və əxlaqsızlığın arasında Bessie Smith dövrün digər qardərili musiqiçilərinin əksinə ağdərililərlə sosiallaşmağı seçsə də, ağdərili pərəstişkarlarına açıq şəkildə etinasız yanaşırdı. 1915-ci ildə yenidən daha güclü şəkildə qurulan Ku klux Klanın (1865-ci il 24 dekabrda ABŞ-ın Tennessee əyalətində qurulan qaradərili düşməni, irqçi bir qruplaşma) fərqində idi. Bir çox qəsəbə açıq şəkildə Klan tərəfdarlığı edir və qruplaşma üçün çalışırdı.
1927-ci ildə bir iyul axşamında Bessie və komandası şou çadırlarının içində
izləyiciləri güclü istiyə rəğmən heyrətlədirərkən musiqiçilərdən biri hava almaq üçün çadırdan çölə çıxır. Tentenin ətrafındakı pıçıltıları eşidib, ətrafda dolaşan 5-6 nəfəri görüb heyrətlənir. Onlar çadırın kənarına odun yığıb onu yandırmaq istəyirlər.
Çadıra qayıdan musiqiçi o anda fasilədə olan Bessiyə gördüklərini danışır.Bessie "Some shit” (Bəzi poxlar!) deyərək köməkçilərinə onunla birlikdə çölə çıxmağı söyləyir. Klan üzvlərinə meydan oxumaq üçün onların qarşısına çıxır. Görənlərin danışdığına görə, bir əlini belinə qoyub, digər əlinin yumruğunu qaldırıb təhdidlə deyir: "Siz nə zibil qarışdırırsız?!”
İndi çadırın içindəkiləri çölə çağırar, hamısını üstünüzə salaram, arxanıza baxmadan qaçarsanız!
Qarşılarında qorxusuz duran və onlara meydan oxuyan qadını görən Klan üzvləri mat-mat Bessiyə baxır, çıxıb gedənə qədər Bessie hamısını söyüşlə hədələməyə davam edir. Sonra heç bir şey olmamış kimi çadıra dönüb səhnəyə çıxır və mahnılarını səsləndirir.
"Dərin gecənin ciyərləri”
Bessie səhnəyə mütləq bir qədəh içərək çıxar, həyəcanla ifa edər, siqaretini tüsdülədər, konsertdən sonra səhərə qədər davam edən partilərdə iştirak edərdi.
Bu partilərdə də diqqət mərkəzində olardı. Bəzən özünü buna məcbur edərdi. Qışqırar, dava edər, kiməsə sataşar, ən əxlaqsız söyüşləri dilinə gətirər, cibindən çıxardığı əskinazları ətrafa səpər və sərxoş olana qədər içərdi.
O, necə deyərlər, bir var-dövlət kraliçası idi. Həm qadınları, həm də kişiləri sevirdi. Ehtiraslı, mərd və məsuliyyətsizdi. Gur bir səsi və iri cüssəsi vardı. Səhnədə əvvəlki blues ifaçılarından fərqli tərzi və aurası ilə diqqəti cəlb edirdi. Bessie mahnılarının əksəriyyətini özü bəstələyirdi. Rəqqaslar, digər ifaçılar və aktyorlarla birlikdə böyük bir şou komandası var idi. Hər kəsin həmfikir olduğu kimi, Bessienin səhnə şousu heyranedici idi. Tək başına bir qrupu əvəz edirdi! Mahnı ifa edir, rəqs edir, bəzən zarafatlar edir, tamaşaçılarla əylənirdi.
Bessie səhnədə olarkən dinləyicilər ifaya elə dalırdılar ki, "Amin”, "Ah, çox doğru!” kimi səslərlə onu müşayiət edirdilər. Daş-qaşlarla işlənmiş geyimləri ilə musiqinin sədaları altında rəqs edərkən əksər vaxtı qərb plantasiyalarında köləlikdən qaçıb gəlmiş, indi isə işçi sinfinin bir fərdi olan dinləyiciləri gözyaşları və xoş həyəcan arasında get-gəl yaşayırdı. İfası qüsursuzdu.
Notların arasında inləmə və fəryadlarla gəzirdi sanki. Musiqi tənqidçilərinə görə, Bessie Smith bluesa vokal bir yenilik gətirmişdi. Bessie Smith dövrünün öndə gələn caz musiqiçiləri ilə də səhnəyə çıxırdı: Lous Armstrong, Fletcher Henderson, Coleman Hawkins, Don Redmond kimi. "St Louis Blues” mahnısının Louis Armstrongla dueti musiqi tənqidçiləriə görə 1920-ci illərin ən möhtəşəm blues ifası olaraq dəyərləndirilir.
1929-cu ildə mövcud olan tək canlı görüntüsünün olduğu 17 dəqiqləik "St. Louis Blues” adlı qısa bir filmdə rol alıb. Filmi blues Genrenin ümumi halının möhtəşəm təsviridir. Bessienin bu filmdəki geyimi, ifa tərzi və aurası nəsillər boyunca musiqi ilə məşğul olan bir çox insana ilham qaynağı oldu.
Fırtınalar qoparsa qopsun!
Bessienin fırtınalı eşq həyatından bəhs etməmək olmaz! Qadın və ya kişi, saysız-hesabsız sevgilisi olub. Ancaq həyatını təməlindən dəyişdirən qarşılaşmanı isə məşhur olmadan bir az öncə Filadelfiyada bir gecə klubunun girişində yaşamışdı. Klubun işçisi Jack Gee ilə bir-birinə dəlicəsinə aşiq olmuş və dərhal evlənmişdilər. Ancaq bu münasibət Bessie Smithin qadın sevgililəri və sonra da Geenin gizli münasibətləri nəticəsində soyumağa başladı. Eyni zamanda Bessie artıq çox zəngin idi və hər zaman öz xeyrini düşünən Gee də sonralar ayaqlarına sərilən bu zənginliyin kefini çıxarırdı. Bessie Smith hər yerə Gee ilə gedirdi. Gee Bessienin bir növ menecerliyini edirdi. Münasibətləri üzücü və şiddət dolu idi. Yumruqlar və əşyalar havada uçuşur, qapılar çırpılır, bir-birinə ağıza alınmayacaq söyüşlər deyirdilər. Aralarında həm fiziki, həm də psixoloji bir güc savaşı var idi.
Klassik özgüvənsiz əzik kişi hekayəsi: Gee Bessie kimi inadkar, özbaşına, bütün dünya ilə könül əyləndirməyə meyilli, özünü sevən və müdafiə etməyi bacaran bir qadın qarşısında sinir krizi keçirirdi. Bessie-ni hər döymə cəhdi bu gözəl, iri cüssəli qara qadının yumruqları ilə qarşılıq görürdü.
1929-cu ildə ayrıldılar. Jack Gee son dəfə Bessienin cənazəsində jurnalistlərin qarşısında hönkür-hönkür ağlayarkən göründü və Bessienin ailə üzvlərinin dediyinə görə o, "timsah göz yaşları” tökürdü.
Beləliklə, Bessie ilə sevgi hekayəsini də həmin cənazədən sonra uydurmuş və qəzetlərə müsahibələr vermişdi. Rəsmi olaraq hələ də evli idilər. Bir ölünü həyatının sonuna qədər istismar edəcəkdi. Bessiedən qalan bütün var-dövlətə əl qoyan Jack Gee bir məzar daşını belə ona çox görəcəkdi. 1948-ci ildə Bessie Smithin dostları ona layiq bir məzar daşı düzəltdirmək üçün xatirəsinə bir konsert təşkil etdilər. Ancaq Gee yenə də bütün pullarla birlikdə ortadan yoxa çıxdı. Qəribəsi budur ki, HBO-nun 2015-ci ildə yayımlanan televiziya filmi olan "Bessie” ifaçının həyatını anlatdığında Geenin nə qədər alçaq və şərəfsiz bir insan olduğu faktından yan keçib!
Bessienin həyatındakı ən önəmli kişi Jack Gee deyildi. Həyatının son 6 ilini isə Richard Morganla keçirmişdi. Morgan əslində Bessienin çox yaxın dostu idi. Gee ilə ayrılıqdan dərhal sonra Bessieyə olan eşqini etiraf etmişdi. Cütlük o gündən sonra heç ayrılmadı. Morgan Geenin tam əksi idi.
Sosial, şən, məntiqli, gülərüz və zəngin idi. Evində səhərə qədər davam edən ziyafətlər verməkdən zövq alırdı. Amma Bessienin həyatında təkcə kişilər yox idi: 1926-cı ildə həyatına girən Lilian Anderson qrupdakı rəqqas qızlardan biri olmaqla yanaşı, əslində qardaşı oğlu Rugbynin yaxın dostu idi. Əvvəllər Lillian Anderson çəkingən olsa da, sonradan özünü fırtınaya qapdırdı.
Bessie Smith blyuzun 1930-cu illərə qədər davam edən qızıl dövrünün son və ən yüksək zirvəsi idi. 20-ci illərin sonundan etibarən blues yerini caza buraxarkən, Bessie də artıq caza yönələn ifalar səsləndirməyə başlamışdı. 1930-cu illərin əvvəllərində musiqi sənayesi böyük bir dəyişiklik yaşayırdı. Həm böyük böhran, həm də evlərə girən radio və səssiz filmlərdən səsli filmlərə keçişin yaratdığı maraq musiqiyə və canlı performansa olan marağı daha ucuz əyləncə vasitələrinə yönəltmişdi. Belə vəziyyətdə də val şirkətləri olduqca çətin günlər keçirməyə başlamışdılar. Bessie Smithin val şirkəti də məhz bu zaman artıq gəliri əvvəlki qədər olmayan ulduzunu siyahıdan kənarda buraxdı. Ancaq Bessie mahnı ifa etməyi heç buraxmadı. Dövrün dəyişdiyinin və havada başqa bir musiqi titrəyişinin əlbəttə fərqində idi.
1933-cü ildə John Hammondla birlikdə hazırladıqları valdakı caz elementləri diqqət çəkirdi. Cənubda hələ də məşhur olmasına baxmayaraq, Bessie "blues” yerinə "swing” sözünü işlədirdi. Karyerası yeni və parlaq başqa bir dövrə girirdi.
1937-ci il 26 sentyabrda həyat dostu Richard Morganla birlikdə getdikləri maşın bir yük maşını ilə toqquşaraq yoldan çıxır və çevrilir. Bessie ölümcül yaralanmışdı və çox qan itirirdi. Bundan sonrası bir az şübhəli olsa da, deyilənlərə görə, Bessieni apardıqları xəstəxana ağdərililərə məxsus olub və bir qaradəriliyə yardım göstərməkdən imtina edib.
Qaradərililərin xəstəxanasına doğru yola çıxdıqlarında isə məşhur ifaçının ruhu artıq qanadlanıb mavi səmaya qarışmışdı. Bessie Smithin həyatı qədər cənazəsi də səs gətirdi. Həmin illərdə Amerikada hər kəsin yeri "bəlli” idi. Qaradərililərin də özlərinə aid qəzetləri vardı. Ancaq bu qəzetlər həftəlik nəşr olunurdu və Bessie Smithin ölümü də bir iki gün gec yayımlandı. Öncə Bessienin nəşi kiçik bir kilsəyə yerləşdirilir. Amma Bessie Smithi son dəfə görməyə gələn pərəstişkar axını səbəbi ilə daha böyük bir kilsəyə köçürülür. 39 maşından ibarət cənazə karvanı tabutu şəhərin küçələrindən son dəfə keçirərkən minlərlə insan küçələrə düzülür, xorla "Rest in Peace/Hüzur içində yat” musiqisini oxuyur.
Bessie Smith indi Filadelfiyadakı məzarında uyuyur və ifaları dinləyənləri sonsuza qədər məst etməyə davam edir. Bu gün vətəni Chattanoogada Bessie Smith xatirəsinə bir muzey və "The Bessie Smith Hall” adlı konsert mərkəzi var.
Sonda yazını Eduardo Galenonun fikirləri ilə bitirək. Bessie Smithi heç kim sadəcə bir cümlə ilə belə gözəl anlada bilməzdi: "Bu qadın kədərlərini cənnətin səsi ilə oxuyur və o, oxuyarkən heç kim özünü eşitməzliyə vura bilmir. Anlamlı gecənin ciyərləri: Həddindən artıq şişman, həddindən artıq qara Bessie Smith təbiət oğrularına lənət oxuyur. Onun blues ifaları kənar məhəllələrin yoxsul və sərxoş zəncilərinin dini marşlarıdır. Bu ifalar dünyanı xor görən ağdərililərin, zorbaların və zənginlərin taxtlarından enəcəklərini müjdələyir”.
Yazar: Başak Deniz Özdoğan
Çevirdi: Xumar Hüseynova