BURA / ORA, UŞAQ / BÖYÜK
Əfqanıstanlı uşaqlar 2019-cu ili şiddət və ölümlərlə yola salır - FOTOLAR Tarix : 20 Dekabr 2019, 13:17
Yazar : Qadinkimi.com
Əfqanıstandakı müharibə uşaqları: Son 10 ildə Əfqanıstanda 6500 uşaq ölüb, 15 mini isə yaralanıb.

On illərdir ki, müharibələrin əsiri olan Əfqanıstan dünyada ən çox partlamamış mina və bombaya sahib ölkələrdən biridir. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) statistikalarına görə, əfqan torpaqlarında mina və bombaların partlaması nəticəsində hər ay təxminən 150 nəfər həyatını itirir. Amma bunun ən pis tərəfi ölən və yaralanan hər 10 nəfərdən 8-nin uşaq olmasıdır. Bunun səbəbi də minaların oyuncaqlara bənzəməsidi. 

Əfqanıstanın Pənçşir əyalətində yaşayan 9 yaşlı Eimal bu qurbanlardan yalnız biridir. Evinin yaxınlığındakı boş bir ərazidə oynayan uşaq oyuncaq hesab etdiyi cismin bir mina olduğunu ağlına belə gətirməzdi. Minanı əlinə aldığı andaca partlayış meydana gəlir. Eimal həyatda qalmağı bacarsa da, bir gözünü və barmaqlarının çoxunu itirir. 
 

Mina qəzasından sonra Eimal

Paytaxt Kabildəki bir reabilitasiya mərkəzinə yerləşdirilən 13 yaşlı Abdullah isə bir minanı tapdalaması nəticəsində sol ayağını itirib. Abdullah onun üçün hazırlanan protezə alışmağa çalışır. Yeniyetmə yaralı Əfqanıstanda amputasiya edilmiş 46 min 194 nəfərdən yalnız biridir. 
 

Abdullah protez ayağına alışmaq üçün reabilitasiya mərkəzində məşq edir
 

BMT-yə bağlı UNİCEF təşkilatının çərşənbə axşamı yaydığı hesabata görə, 2019-cu ilin ilk 9 ayı ərzində Əfqanıstanda hər gün ən az 9 uşaq müharibəyə görə həyatını itirir və ya yaralanır. 

UNİCEF 2018-ci illə müqayisədə 11% yüksəlmə olduğunu, bombalı hücumların və qarşıdurmaların artmasının bu ölümlərin çoxalmasında böyük rol oynadığını bildirir. 

2009-2018-ci illər arasında Əfqanıstanda təxminən 6500 uşaq həyatını itirib, təxminən 15 mini isə yaralanıb.  

UNİCEF-in icraçı direktoru Henrietta Fore "2019-cu il Əfqanıstanda uşaqlar üçün çox şiddətli və ölümcül bir il oldu” deyib. 
 
Ölkə ərazisinin 20% -i mina və bombalarla doludur
 
Sovet hökumətinin Əfqanıstanı işğalından sonra yollara və ərazilərə milyonlarla mina yayıldı. Sonralar baş verən saysız-hesabsız vətəndaş müharibələri ilə sarsılan əfqan xalqına yüz minlərlə partlamamış bomba və mərmi miras qaldı. 

Hələ də 20% ərazisinin mina və bombalarla dolu olan ölkənin 259 bölgəsində təhlükə mövcuddur. 
Təxminən 30 ildir ki, Əfqanıstanda mina təmizləmə qurumları tərəfindən aparılan əməliyyatlar nəticəsində 2090 kilometr ərazi minadan təmizlənib, 17,4 milyon ədəd mina isə zərərsizləşdirilib. 

Əfqanıstan mina və partlamamış hərbi sursatlar təhlükəsi ilə üz-üzə qalan ölkələr arasında dördüncü yerdədir
 






Mənbə: euronews.com
Fotolar: AP