QADIN / KİŞİ, FEMİNİZM
Edam olunan azərbaycanlı qadının həyatı Tarix : 23 Noyabr 2022, 13:00
Yazar : Qadinkimi.com

 

Tahirə Qürrətül-Eynin doğum ili araşdırmaçılar tərəfindən müxtəlif rəqəmlərlə verilmişdir ( 1814-1820 ). Buna görə də onun həyat və fəaliyyəti ilə bağlı illərdə uyğunsuzluq mövcuddur. Amma ölümü, daha dəqiqi edamı bütün araşdırmaçılar tərəfindən eyni göstərilmişdir.

Şairə, alim, natiq, tərcüməçi, reformator, şərqdə gender bərabərliyi uğrunda mübarizəyə başlayan və bu yolda edam olunan möhtəşəm qəhrəmanın vətənində tanınmaması heyrət doğurur. Tarix səhnəsi üçün 165 il çox kiçik zamandır. Bəs onun unutdurulması kimlərə və nə səbəbə lazım idi?

1817-ci ildə Cənubi Azərbaycanın Qəzvin şəhərində milliyyətcə türk Molla Məhəmməd Saleh Baraqanlının ailəsində ilk övladı dünyaya gəlir. Qızı Zərrintac ( qızıl tac), ( bəzi mənbələrdə Fatimə ) adlandırırlar. Uşaq ikən həddən ziyadə zəkalı və bilik yanğılısı olan Zərrintac İranın ən alim din xadimlərindən biri olan atasının ona verdiyi dərsləri sadəcə udurdu.

Yaşıdları kimi özünü oyun və əyləncələrlə məşğul etmək əvəzinə, o, saatlarla valideynlərinin ilahiyyat üzrə müzakirələrə  qulaq asardı. Onun çevik zəkası bütün İslam elmini çox sürətlə və heç bir çətinlik çəkmədən mənimsəyir və tezliklə o, ən mücərrəd və dərki çətin məqamların müzakirəsində iştirak edir. Hədislərdə onun üçün gizli qalan heç bir məqam yox idi. Onun nüfuzu tezliklə şəhərə yayılır və həmşəriləri ona həqiqi möcüzə kimi baxmağa başlayırlar. Qeyri-adi istedadı, natiqlik qabiliyyəti, dilləri sürətlə öyrənməsi və ensiklopedik yaddaşa malik olması onu tez bir zamanda məşhur edir.  Gələcəyin dünya şöhrəti qazanacaq qəhrəmanını " möcüzə uşaq " adlandırırlar.

Molla Saleh daha çox Quranın təfsiri və fiqhə aid araşdırma yazıları, habelə Kərbəla faciəsinə yazdığı mərsiyyələrlə tanınırdı, o, həmçinin, qanuni cəzaların yerinə yetirilməsində çox inadcıl idi. O, şərab içməyin və dinin qadağan etdiyi digər əməllərin fəal əleyhdarı idi. Böyük qardaşı Molla Tağı isə daha radikal bir üsuli fəqihi idi ki, öz şöhrətini yalnız alimliyinə deyil, həm də Qəzvində öz rəqiblərinə qalib gəlməyinə, sonra isə baxışlarının toqquşduğu Şeyx Əhməd Əhsaini və onun xələflərini camaat qarşısında ittiham etməsinə borclu idi. Kiçik qardaş Molla Əli isə Seyid Kazım Rəştinin sədaqətli bir ardıcılı oldu. O, mistik meylli çox məhsuldar bir ədib idi, onun əsərləri şeyxi məktəbi daxilində qeyri-sufi mistizminin inkişafının ən yaxşı sübutları hesab olunur.

 Ortodoks İranda yüksək təhsil digər bütün məziyyətlər kimi yalnız kişilərə məxsus idi. Belə bir zamanda və mühitdə Molla Saleh Baraqanlı qızını ev təhsilindən ( pərdə arxasında əyləşdirmək şərtilə ) üç yüz nəfərlik şagirdlə bir yerdə ümumi təhsilə cəlb edir. Əvvəlcə atasından, sonra müəllimlərindən təlim alan Zərrintac öz təhsilini ilahiyyat, quranın təfsiri, fiqh, fars və ərəb ədəbiyatı üzrə davam etdirir. Onun bu təhsili o zamanın qadınları üçün qeyri-adi bir təhsil idi. Bəsirətinin itiliyinin onun geniş təhsili ilə birləşməsindən məmnun qalan atası tez-tez onunla dini məsələləri müzakirə edirdi. Amma bəlkə də ən vacibi o idi ki, atası və bəzən əmisi  ona pərdə arxasından olsa da öz dərslərində və mübahisə sessiyalarında iştirak etməyə icazə verirdi. Heç də az olmamışdı ki, o, bu qocaların bu və ya digər məsələ barəsindəki izahatlarını sual altına almış və onları doğru saymamışdır. İti ağlı və səlis mühakimə yürütmək qabiliyyəti olan Zərrintac din, fiqh, hədis və digər sahələrdə nəinki öz bacı-qardaşlarını, hətta o dövrün bütün şagirdlərini qabaqlayır. Onun nitqi, analitik bacarığı hamını heyrətə salır. Bu qeyri-adi " möcüzə uşağ " ın sorağı tezliklə bütün Qəzvinə yayılır. Molla Saleh qızına baxaraq deyirmiş: " Əgər sən oğlan olsaydın, mənim evimi nurlandırar və mənim xələfim olardın.” Atasının elmini və şöhrətini miras olaraq almış qardaşı Əbdülvəhhab təsdiq edirdi : " Bizim heç birimiz, nə qardaşlar, nə də əmiuşaqları onun  ( Zərrintacın ) yanında danışmağa cürət etmirdik. Onun biliyi bizi qorxudurdu. Əgər biz müzakirə olunan hansısa ehkamın müqayisəli məqamı barədə fərziyyə söyləməyə cəsarət edirdiksə, o, elə aydın, dəqiq tərz nümayiş etdirirdi ki, biz çaşır və dərhal fikrimizdən əl çəkirdik ".

Zərrintac erkən yaşda istəyinə zidd olaraq böyük əmisi Molla Tağının oğlu Molla Məhəmmədlə evləndirilir. Bu nikahdan az bir müddət sonra Molla Məhəmməd  təhsilini artırmaq üçün İraqa yola düşür. Kərbəla illəri Zərrintacın intellektual üfüqlərinin genişlənməsi üçün çox mühüm rol oynayır. O, özbaşına iki məşhur alimin – Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrənir. Şeyx Əhsainin təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrədirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, çürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq. Bu, Zərrintacın ailəsi başda olmaqla, o dövrün islam nəzəriyyəçilərinin fikirləri ilə daban-dabana ziddiyyət təşkil edirdi. 

Zərrintacın zamanında Quranı və onun mənalarını, hədisləri və islam fighini onun kimi bilən cəmi bir neçə adam vardı. Bir yandan yazdığı fəlsəfi traktatlar, şeirlər, təfsirlərlə böyük nüfuz qazanır, bir yandan da dövrün ən məşhur elm xadimləri ilə məktublar vasitəsilə fikir mübadilələri edir. Bu nüfuzlu şəxslərdən biri də Seyid Kazım Rəşti idi. O, kiçik əmisi Molla Əli, sonralar yeznəsi olmuş ( bacısı Mərziyənin əri ) Molla Məhəmməd Əli Qəzvinlidən mənəvi dəstək alaraq, onların vasitəsilə Rəşti ilə yazışır. Kazım Rəşti Əhsai ilə birgə şeyxilik məktəbinin banisi idi. Şeyxilik şiə islamından törəmiş və XIX əsrin ortalarında yaranmış bir teoloji məktəb idi ki, Babiliyin nəzəri əsaslarını təşkil edirdi. Zərrintac Şeyxi ehkamları barədə yazdığı analitik traktatı öz ustadı hesab etdiyi Rəştiyə göndərir. Gənc alimin – qadının istedadından təsirlənən, dövrünün işıqlı düşüncəli, nüfuzlu alimi Seyid Kazım Rəşti cavabında onu " Qürrətül-Eyn " adlandırır. Görkəmli fransız diplomatı və parlaq bir yazar Comte de Gobineau bunu " Gözümün təcəllisi və ürəyimin ruhu " deyə şərh edir. Bütün bunlara rəğmən, Zərrintac heç vaxt dini biliyini təsdiq edən səlahiyyət almır, çünki, qadınlara belə sənədlərin verilməsi absurd idi.

Onun biliyi və bəlağətli danışığı öz dövrünün ən bilikli kişilərini mat qoyur. Zərrintac dini disputların birində təfsir və fiqh məsələləri ilə bağlı dövrün görkəmli alimlərini məğlub edir, lakin qadın olduğuna görə dini titul - müctəhid adını ala bilmir. Heyrət doğuran o idi ki, Qürrətül-Eyn təfsir və şərh məsələlərinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, islamın 1200 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi kimi adını tarixə yazır. Kərbəla və Nəcəf şəhərlərində keçirilən dini toplantı və disputlarda isə pərdə arxasından iştirak edən yeganə qadın olur. Elmi artdıqca müxalif düşüncəli alimlərlə onun arasında ziddiyyətlər yaranmağa başlayır. Bu, ailə münasibətlərinə də təsirsiz ötüşmür.

Ər-arvadın baxışları arasındakı fərq get-gedə böyüyür və münaqişələrə gətirib çıxarır. Molla Məhəmməd atasının - Molla Tağının təliminin yanlış tərəflərini görsə də, ondan çəkinir, bunu söyləməyə özündə güc tapa bilmir. Müti xarakterli alim həyat yoldaşını da fikirlərindən döndərməyə çalışır. Lakin onun bu cəhdləri faydasız olmaqla yanaşı, aralarındakı uçurumu daha da dərinləşdirir. Cütlük on üç il İraqda yaşadıqdan sonra Qəzvinə qayıdır.

İran üləmaları arasında Zərrintacın nüfuzu çox böyüyür və yüksək zümrə din xadimləri onun bəzi fərziyyə və fikirlərini istəməsələr də, qəbul etmək məcburiyyətində qalırlar. Bu faktn özü çox əlamətdardır, çünki şiə müsəlmanlığı qadını heyvan qədər aşağı səviyyədə tuturdu: qadının ruhu yoxdur, o, ancaq nəsil artırmaq üçündür. Din alimlərinin ən çox üstünlük təşkil etdiyi Qəzvində, eləcə də o vaxt Osmanlı imperiyasının tabeliyində olan ərazilərdə Qürrətül-Eynin məntiqi qarşısında təslim olmayan bir alim belə qalmır.

" Zərrintac İrana ( Qəzvinə) qayıtdıqdan sonra sadəcə bir qadın natiq deyildi. O, öz haqqı ilə həm də bir mütəfəkkir idi. Dünya barədə dərin messiya ( Məsih, Mehdi ) baxışına malik olan alim geniş tərkibli ailəsində dini məsələlər barəsində sadəcə müzakirələr aparıb meydan oxumur, o, indi onlara əks çıxır. Zərrintac yeni eranın başlandığını bəyan edir. O, sadəcə kişi din xadimlərinin sferasına daxil olmur, həm də bunun arxasında dayanan ehkamlara meydan oxuyur və onları dağıdır. Zərrintac dərin oturmuş mədəni, sosial və dini normalar üçün təhdid sayılır.

Təbii ki, Qürrətül-Eyndən əvvəl də bəzi qadınlar dini məsələlər barəsində yazmışlar və danışmışlar. Din xadimləri və imtiyazlı yüksək təbəqənin bəzi qızları üçün, xüsusilə də dini məsələlərdə yüksək təhsilli olmaq təsadüf deyildi. Lakin normada, bu cür bilik, onun ifadəsi və onun barəsində danışmaq özəl və ya ailə mühitləri ilə məhdudlaşırdı. Dua kitabları, qadınlar və uşaqlar üçün dini təlimat kitablarına icazə verilirdi; lakin kişilərə moizə oxumaq və ya ehkam məsələlərində bəyanət verməyə izn verilmirdi.Təfsir səlahiyyəti ciddi şəkildə kişilərin inhisarında idi. Əgər nadir hallarda qadın müctəhid statusuna nail olurdusa da, onların qərarları başqaları üçün məcburi deyildi. Evdə özəl şəraitdə, yaxud da qadınların yığıncağında qəbul edilən bir şey camaat qarşısında ediləndə həyasızlığın həddi və hətta mürtədlik sayıla bilərdi. Qadınların savadlılığı heç bir ictimai məqsəd daşıya bilməzdi. Məscidlərdə və qarışıq yığıncaqlarda susan qadınlar heç vaxt evdən kənarda " ciddi " dini məsələlər barədə danışa və çıxış edə bilməzdilər.

İctimai bir din alimi olmaqla o, kişilərin imtiyaz sferasına daxil olmuşdu. O, yalnız özəl olaraq şəxsi məsələlər barədə yazıb danışmırdı, əksinə, ilahiyyat məsələləri barədə camaat qarşısında danışırdı. O, hətta dövrünün ən bilikli üləmalarını mücadiləyə dəvət edərək onlara meydan oxuyurdu. O, özünə ictimai bir rol və ictimai bir yer müəyyən etmişdi.

Zərrintac Kərbəlaya gedib Seyid Kazım Rəştini şəxsən görmək, yanında qalaraq təhsilini davam etdirmək istəyir. Bunu bilən kiçik əmisi Molla Əli onu dəstəkləyir və onlar Kərbəla və Nəcəfdəki müqəddəs türbələri ziyarət etmək üçün icazə istəyib razılıq ala bilirlər. Bu səyahət təhqiqatçıların ümumi rəyinə görə 1843-cü ildə baş tutur. Bu zaman onun iki oğlu və bir qızı vardı.O, onu " Qürrətül- Eyn " təxəllüsü ilə mükafatlandırmış Kazım Rəşti ilə şəxsən tanış olmaq və onunla birgə fəaliyyət göstərmək üçün İraqa qayıdır. Əri Molla Məhəmməd nə qədər səy göstərsə də, onu bu səfərdən daşındıra bilmir...

Kərbəlaya çatmağına az qalmış onun mənəvi atası hesab olunan Rəşti gözlərini əbədi olaraq yumur. Verdiyi adla tanınan və məşhur olan şagirdi- Qürrətül-Eynə onu görmək qismət olmur... Zərrintac ustadının yerinə keçərək, o dövr üçün fantastik görünən bir işi - kişilərə dərs deməyi həyata keçirir. O, mühazirələr oxumağa başlayır. Bu, yerli din xadimlərinin qəzəbinə səbəb olur. Ona qarşı təzyiq göstərir və onun dərhal şəhərdən çıxıb getməsi üçün hökumətə hiddətlə şikayət edirlər...

Ardı var...

Müəllif: Kəmalə Səlim Müslümqızı

qadinkimi.com