SƏNƏT
Əbdürrəhim bəy Haqverdiyev Tarix : 21 İyun 2020, 19:57

AZƏRTAC-ın verdiyi xəbərə görə:

İyunun 19-da AMEA-nın Folklor İnstitutunda görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunmuş "Folklordan yazılı ədəbiyyata: gülüş və kədər” mövzusunda onlayn elmi konfrans keçirilib. Konfrans Prezident İlham Əliyevin "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2020-ci il 31 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər Planı çərçivəsində təşkil olunub.


Tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, akademik Muxtar İmanov konfransın məqsəd və məramı, elmi əhəmiyyəti, Ə.Haqverdiyevin həyat və yaradıcılığı, onun əsərlərinin şifahi xalq yaradıcılığı, folklor, xüsusən xalq yumoru ilə bağlı məqamları barədə məlumat verib. Akademik vurğulayıb ki, Ə.Haqverdiyev öz yaradıcılığında xalq gülüşündən özünəməxsus şəkildə istifadə edib, gülüşü göz yaşı ilə, kədərlə yanaşı əks etdirməklə bir tərəfdən diqqəti cəmiyyətin ağrılı problemlərinə yönəldib, digər tərəfdən isə insan xarakterinin mürəkkəbliyini, insan xarakterindəki ziddiyyətləri göstərə bilib.

"Göz yaşları içində gülüş (Ə.Haqverdiyevin əsərləri əsasında)” mövzusunda məruzə ilə çıxış edən filologiya elmləri doktoru İslam Sadıq Ə.Haqverdiyevin əsərlərindəki gülüşü ifşaedici, cəhalətə, nadanlığa, insan hərisliyinə qarşı yönələn, "göz yaşlarına bürünmüş gülüş” kimi xarakterizə edib.

 Əbdürrəhim Bəy Haqverdiyev - Uca Dağ Başında



Filologiya elmləri doktoru Mətanət Abbasovanın "Ə.Haqverdiyevin hekayə yaradıcılığı və bədii simvol” adlı məruzəsində böyük ədibin dini-mifoloji simvollara geniş müraciətinin səbəblərindən bəhs edilib, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovanın "Ə.Haqverdiyevin hekayələrinin poetikasına folklorun təsiri” başlıqlı məruzəsində folklor obrazlarının, motiv və süjetlərinin, ümumən folklor poetikasının yazıçının hekayələrinə ideya, kompozisiya, süjet və sair səviyyələrdə təsiri məsələləri, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın "Ə.Haqverdiyevin "Pəri-cadu” əsərində obrazların mifoloji semantikası” adlı məruzəsində isə ədibin dini-mifoloji obrazlara müraciətinin səbəbləri, onların əsərdə bədii funksiyası təhlil olunub.


Sonda mövzu üzrə və söylənən fikirlər ətrafında müzakirələr aparılıb.


 

qadinkimi.com