YAZI / DÜŞÜNCƏ
Dövləti idarə etmək lazımdı, dövləti - AYSEL ƏLİZADƏ Tarix : 30 Yanvar 2020, 11:55
Yazar : Qadinkimi.com
Biz hər dəfə bir uşağın başına iş gələndə onun valideynlərini günahlandırırıq. Hə, valideyn günahı var, məsuliyyətsizliyi və anlamazlığı var. Rəsmən cəhalətin şahidiyik. Ancaq! Övlad böyüdərkən dövlətindən heç bir dəstək görməyən, arxasında dövlət hiss etməyən, illər boyu efirdən qeybət eşidən, qadınları suçlayan Şəfiqə xanım adlı vəkili dinləyən, "ay qız, bəs sən boşansan, bu uşaqlar necə olacaq?" deyən dahi aparıcılara baxan, əzəmətli şadlıq evlərinin reklamını görən: "500 nəfərlik toy zalı!!!" - bir toplum nə etməlidi?

Ölkənin bütün verilişlərinə ekspert kimi müğənnilər, toy biznesinin simaları dəvət ediləndə, xalqın alt şüuruna nə oturur? Əlbəttə, toy etmək. "Necəsini" artıq düşünə bilmir insanlar. Çünki yol göstərən, kömək edən dövləti olmalıdı. Bu vəziyyətdə toplum özü-özünü idarə edirsə, ortaya belə eybəcər mənzərə çıxır.

Valideyn normal uşaq pulu almırsa, uşaqlar üçün heç bir rejim müəyyən olunmursa, onların müdafiə mexanizmi yoxdursa, gələcəkdə iş, ev təminatı böyük və müəmmalı sual altındadırsa, bir ucdan şadlıq evi tikilən və reklam edilən məmləkətdə valideyn nə edəcək?

Bunun bir neçə çarəsi var. Hökumət və vətəndaş cəmiyyəti birgə işləsin gərək. Dövləti idarə etsinlər, proqramlar gerçəkləşdirsinlər, toplum dövləti yanında hiss etsin.

Ailə, Qadın və Uşaq Komitəsini işlək hala gətirmək önəmlidi. Bu ölkənin qadınları, ailələri belə bir komitənin varlığından xəbərsizdilər. Səbəblərini bilmirəm. Orda bu mövzuya laqeyd olmayan insanlar da işləyir. Amma ortada görünən iş yoxdu. Əksinə bu sahədə problemlər getdikcə artır.

Hökumət üzvləri işləməlidi, bunun başqa alternativi yoxdu. Görünən budur ki, hökumət üzvləri dövləti yox, müxalifəti idarə edir. Bu halda iş getmir, alınmır. 

Dövləti idarə etmək lazımdı, dövləti...
 
 
 

 
AYSEL ƏLİZADƏ
qadinkimi.com