UŞAQ / BÖYÜK, HÜQUQLARIMIZ
Dövlət uşaq pulu verməlidirmi - İlqar Altay yazır Tarix : 02 İyun 2022, 08:15



Heç belə sual mövcud olmalımı normal, özünü  tanıyan dövlətdə? Heç gör, bunun müzakirəsini də apararlarmı, yaraşarmı bu? Bu axı, dövlətin mövcudluğu və ayaqda olmasının göstəricisidi. Dövlət bu pulu ən çətin, imkansız dövrdə belə, çıxarıb böyük qürurla verməlidir oz uşaqlarına.



Niyə?



Dövlət valideynə şərikdir hər uşağa sahiblikdə. Uşaq öz valideyni üçün övlad yetişirsə, dövlət üçün vətəndaş yetişir. Valideyn üçün gələcək kömək və yaşlı vaxtı dəstək ümid yeri yetişirsə, dövlət üçün əsgər, əhali artımı, mütəxəssis, işçi qüvvə, vergi ödəyicisi yetişir. Nəhayət, dövləti yaradan, onun mənbəyi olan xalqın da üzvü yetişir.


Görürsüzmü, uşağın dövlətə vaciblik, xeyri heç də valideyninkindən az deyil, vətən övladı kimi. Bəs onda uşağa yemək, geyinmək, oxumaqda, inkişafda kömək etməyən dövlət, hansı haqla böyüyəndə ondan vətəndaş kimi öhdəlik, həm də məsuliyyət tələb edə bilər? 



Uşaq soruşmazmı, dövlətindən ki, mənə bu öhdəliyi yaradan hansı borcumdur? 



Anam bu ölkədə doğub məni ona görə, vəssalam? Valideyn maaşı uşağa yox, öz zəhmətinə görə alır. Hansı işçiyə uşaqlı olmasına və yaxud uşaq sayına görə artıq maaş verilir?



Müzakirə və arqumentləri uzatmaq olar. Ancaq dövlətimiz gərək ki, uşaq məsələsində xüsusilə həssas olsun. Çünki ortada çox mühüm hüquq və mənəvi tərəfli dəyərlər var! 



Dövlət çətinə düşəndə valideynin maaşını 50 manat artırmasın, kəssin, amma o 50 manatı öz əli ilə hər ay uşaq pulu kimi uşağa çatdırsın. 



Və uşaq qoy gözünü açandan, kiçik yaşından dövlətinin ona pul göndərdiyini gözü ilə görüb də o pulla yemək yeyib, paltar, kitab və s. alındığını bilsin. 



Qoy uşaqlar özünü tək valideynin yox, həm də dövlətinin övladı hiss etsinlər. Vətən, dövlət hissi nədən yaranır bəs uşaqda, insanda? Havadan? Dövlətin öz uşaqlarına birbaşa ünvanlı yardımı, bu yardımın təyinatlı (məhz həmin uşaq üçün!) istifadəsinə nəzarət, uşağı valideynin, hamının gözündə mənəvi-psixoloji sahibli, arxalı edərdi. 



Dövlətimiz, hökumətimiz söhbətsiz uşaq pulu məsələsini həll etsin, "uşaqlara borcunu" ödəsin. Xahiş edərdik ki, dövlət rəhbərliyi diqqətə alsın, resurs imkan cəlb edilsin bu mühüm problemə. Düzdür, bu qərar xeyli vəsait tələb edir, amma vacibdir. Uşaq mövzusu hər dövlət üçün önəmlidi. Çünki uşaqlar xalqın gələcəyi, dövlətin ümid dayağıdır!



P. S. Bu məsələ nəhayət ki, öz həllini tapmalıdır.

 

İlqar Altay

qadinkimi.com