EV / ÇÖL
Dövlət başçısı qətiyyətli addımlar atdı Tarix : 12 İyun 2020, 15:33

Azərbaycanın ilk gündən koronavirus pandemiyası ilə effektli mübarizə aparması, mühüm önləyici tədbirlər həyata keçirməsi ölkəmizi ağır fəsadlardan və itkilərdən sığortalamış oldu.

Prezident İlham Əliyev dəfələrlə  dövlət üçün vətəndaşın sağlamlığı, təhlükəsizliyinin ön sırada olduğunu vurğulayıb. Prezidentin rəhbərliyi ilə reallaşdırılan tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir sıra dövlətlər tərəfindən də nümunə kimi göstərilir. Lakin pandemiya hələ bütün dünyada davam edir və onun nə vaxt bitəcəyi bəlli deyil. Buna görə də mübarizə tədbirləri davam edir. Təbii ki, virusa qalib gəlmək üçün vətəndaşların məsuliyyəti, gigiyenik qaydalara əməl etməsi, sosial məsafə gözləmələri çox vacibdir. Koronaviusla bağlı ikinci dalğanın ola bilmə ehtimalı nəzərə alınaraq, Prezident modul tipli xəstəxanaların tikilməsinə göstəriş verdi. İlk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. İyunun 9-da növbəti modul tipli üç xəstəxananın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib və öz nitqində Azərbaycan dövlətinin mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılıb, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq.

Yeni yaradılmış modul tipli xəstəxanaların hesabına  əlavə iki min çarpayı əldə olunacaq ki, bu da koronavirusla bağlı mübarizədə mövcud imkanları daha da genişləndirəcək.Hazırda koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb. Azərbaycanda yeni laboratoriyalar alınıb, onların ümumi sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Dövlət başçısı öz nitqində işğalçı Ermənistanda koronavirusla bağlı vəziyyətin ağır olduğuna da diqqət çəkərək bildirib ki, yoluxanların sayı 14  mini ötüb və testlərin sayı Azərbaycandan 5-6 dəfə azdır. Nəzərə alınsa ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır.

Prezident özü bütün qapalı yerlərdə tibbi maskadan istifadə etdiyini vurğulayıb. Hər kəs bundan nümunə götürməli, ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə olunmalı, məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməlidir. Tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri insanları 95 faiz yoluxmadan qoruyur.

Mövzu ilə bağlı danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycanda koronavirusla ciddi mübarizə aparılır və bu ilk gündən belədir. Azərbaycan dövləti, Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva bu məsələnin ciddi olduğunu ilk gündən elan etdilər və mübarizə də ciddi şəkildə təşkil olundu. Xəstələrin sayının arta biləcəyi ehtimal edilərək, müxtəlif modul tipli xəstəxanaların tikintisi sürətləndirildi: "Bakının mərkəzində əvvəlcə böyük bir xəstəxana məhz koronavirus xəstələrinin qəbulu üçün ixtisaslaşdırıldı ki, bütün bunlar vətəndaşlarımızın qorunması üçün idi. Hələ bu o günlər edilirdi ki, virusa yoluxanların sayı Azərbaycanda çox deyildi və hardasa, cəmi 10-15 nəfər idi. Artıq çox təəssüf ki, üç rəqəmli saydan söhbət gedir. Deməli, həmin gün bu işlər görülməsəydi, vəziyyət mürəkkəb ola bilərdi.

Dövlət başçısı qətiyyətli addımlar atdı. Ölkə rəhbəri haqlıdır, bəli, bəzi dövlətlərdə koronavirusa yoluxanları ev şəraitində müalicə edirlər ki, xəstəxanalarda yerləşdirməsinlər. Bizdə isə xüsusi bir yer də ayrılıb ki, virusa yoluxan xəstələr orada toplansın və başqalarını da bu xəstəliyə yoluxdurmasın və bu cür də xəstəlik nəzarətdə saxlanıla bilsin. Əlavə olaraq həftə sonları tətbiq edilən ciddi karantin rejimi də vətəndaşların təhlükəsizliyi üçün çox vacibdir. Biz virusdan qurtulmaq istəyiriksə, karantin rejiminə riayət etməliyik. Necə ki, cənab Prezident özü də nümayiş etdirdi ki, qapalı yerlərdə tibbi maska ilə gəzir. Yəni, bu hər bir vətəndaş üçün də örnək olmalıdır. Ona görə də, düşünürəm ki, tətbiq edilən bu qaydaların, rejimin, istifadəyə verilən xəstəxanaların müsbət nəticəsinin, bəhrəsinin şahidi olacağıq. Əgər qaydalara riayət etməsək, vəziyyət nəzarətdən çıxa bilər".

Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, Prezidentin açılışını etdiyi üç modul tipli xəstəxana COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə, səhiyyə sistemimiz üçün əlavə 2 min  çarpayılıq ehtiyat yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artmasıdır ki, bu da mühüm hadisədir.

H.Babaoğlu əlavə edib ki, həm işğalçı Ermənistanda, eləcə də bəzi inkişaf etmiş ölkələrdə ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur: "Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq . Unutmaq olmaz ki, bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq" .


PƏRVANƏ

525-ci qəzet

 

qadinkimi.com