SEVGİ
Sevinc Fədai - Düşün və indi de… Tarix : 01 Dekabr 2022, 15:00
Bu yaxınlarda həmsöhbətimlə doğmalarımıza hisslərimizin ifadəsindən danışırdıq. Çox adam öz sevgisini bildirməyə çəkinir, elə o da belədi. Məsələn, yaxın dostumuza "səni çox istəyirəm" yaza və ya deyə bilmək... Heç vaxt etməmişdi bunu. "Elə bu dəqiqə telefonu götür, yaz" dedim. Donub qalmışdı. Axırda yazdı... və telefonun o başında dostu şokda idi. Halbuki hər gün bir-birimizə deməli olduğumuz sözlərdi. Həyat tapdığımız ifadədi.
Özümüzü kiməsə gərəkli bilmək, sevildiyimizi hiss etmək ən çətin anlarımızda belə həyat eşqi verir, tükənmişlikdən xilas edir. Amma Azərbaycan insanlarının arasına bir divar hörülüb elə bil, yıxa bilmirlər onu.
Küsüb-inciməyi, aqressiyamızı tökməyi, hirsimizi, hikkəmizi yaxşı bildirə bilirik. Amma sevgimizi... yox. Bu divar ən çox da yaşlı nəsil və övladları arasındadı. Gərəksiz mental dəyərlər valideynlərlə övladlar arasında elə bir uçurum yaradıb ki, uşaqların sevgi ehtiyacları o qədər arxa planda qalıb ki, bu gün heç cür aşıla bilmir o divarlar. İnsan bu gün nə qədər xoşbəxt olur-olsun, uşaqlığındakı o boşluğu heç nə doldura bilmir. Açıq yara kimi qalır...
 
 
 Statusum.com - Mən səni çox sevirəm!... | Facebook

Ucala hər gün, hər gecə yatanda "səni çox sevirəm" deyəndə qarşılıq verməyə utandığını deyirdi. Azərbaycanlı geni... Amma o qədər öyrəşdi ki, buna... İndi utanıb-çəkinmir, çox asanlıqla deyir bunu. Ona canımız sıxılanda sevdiklərimizi qucaqlamağın, ürəyimizin döyüntüsünü duymağın necə yaxşı təsir etdiyini aşılayıram. Sevmək öyrədilmir... Sevgi hiss etdirilir, sevgi cana hopdurulur, sevdiyini bildirmək həyatın yemək, içmək kimi zəruri vərdişlərinə çevrilir və beləcə, yaşamaq daha da asanlaşır və gözəlləşir. Ona görə də bir damın altında yaşayan insanların, bir-birinə canını verməyə hazır olan dostların arasındakı bu divarlar yıxılmalı. Çünki sevgisizlik məhv edir...
Bunun fərqinə gec olmadan varmaq və bir addım atmaq gərək. Müharibə, xəstəlik, vaxtsız ölümlər... böyük bir dərs verməli bizə. Doğmanın bu sözə ehtiyacı olduğunu düşün və elə indi de.
Sevməyə və sevginizi ifadə etməyə gecikməməyiniz diləyi ilə...
 
Sevinc Fədai
Qadinkimi.com