YAZI / DÜŞÜNCƏ
Dünyanın səssizliyi - Sevil Ülvi yazır Tarix : 22 May 2020, 12:10

Həyat eşqi ilə ölüm qorxusu əkizdir - demişlər. Nə qədər yaşamaq eşqi varsa ürəyimizdə, o qədər də ölüm qorxusu var. Bəzən dünyanın gözümüzü qamaşdıran gözəlliklərinə o qədər aludə oluruq ki, gələcək naminə o qədər əlləşib-vuruşuruq ki, uğruna savaşdığımız həyatın son ucunda bizi ölümün gözlədiyini unuduruq. 

 

Ölüm olmasaydı, bəlkə də həyat bütün gözəlliyini itirərdi. İnsan öləcəyini bildiyi üçün, həyatın ona müvəqqəti verildiyini dərk etdiyi üçün hər bir nəsnəni yaşamağa tələsir. Tələsə - tələsə həyatın verdiyi şansları görmür bəzən. Yaşaya bilmədikləri üçün isə "yenidən yaşamaq mümkün olsaydı"- deyərək, bu düşüncəni ölənə qədər beynində daşıyır. Hamı hər kəsin sağ qalmayacağını bilir, amma öz öləcəyinə inanmaq istəmir. Hər kəs öz öləcəyinə azacıq da olsa inanmış olsaydı, anın belə dəyərini bilərdi. Axı həyat çox sürətlidir, hərəkətlidir, sabit deyil.

 

Pandemiyanın yaşatdığı olaylar, dünyanın səssizliyi, içimizi bürüyən ölüm qorxusu, qəlbimizin hər çırpıntısı bizə əcəlin ayaq səsini xatırladır. Hamı qorxur, hamı təlaş içində... Çoxuna yeni görünən ölüm isə təzə gəlin kimi nazlanır. Qurani-Kərimdə yazılmış: "Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə ölüm sizi haqlayacaq." Yaşamağı bacara bilməyən insan ölümdən qorxar. Qorxunun qulu olmaq isə köləliyin ən dəhşətli növüdür.

 

Belə xəstəlik virusundan qorxmağa ehtiyac yoxdur, ehtiyac olunan nəsnə ehtiyatlı olmaqdır: virusa yoluxmamaq üçün məsafə saxlayaq, əllərimizi yuyaq, qoruyucu vasitələrdən istifadə edək...

 

Bəlkə bu da bir işarədir? Viruslardan qorunmaq lazımdır - təmiz, saf olmaq lazımdır.

Qoruyaq özümüzü. Ruhumuzun saflığını qoruyaq!

 

 


Sevil Ülvi

qadinkimi.com