- Dostum xanımı ilə yenə dalaşıb, yola getmirlər.
- Çünki hər gün evə gec və içkili gəlir, qazancını dağıdır, uşaqların dərsləri ilə maraqlanmır, arvadının xəstə olduğunu nəzərə almır. Qadın da bu problemləri çözmək üçün danışanda adını deyingən qoyub evdən qaçır, xəyanət edir. Kişilər heç vaxt problemə diqqət yetirmirlər, problemi deyən qadından acıqları gəlir. Ona "deyingən" yarlığı yapışdırırlar. Buna görə də patriarxatın devrilməsi mütləqdi.
Feminizm, gender bərabərliyi anlayışları boş yerə yaranmayıb. Kişilər idarəçilikdə də belədirlər. Tənqid eşidəndə problemə, mövzuya yox, onu deyənə diqqət kəsilirlər. Tənqid edənə düşmən kimi baxırlar və diktatura, despotizm formalaşır. Feminizm və gender bərabərliyi aqressiyanı azaltmaq üçündü. Qadınının tənqidinə önəm verən kişi idarəçilikdə də tənqidə önəm verməyi öyrənir. Feminizm öz dərin anlamı ilə gərəklidi. Bu ideoloji empati (qarşı tərəfə sayğı, özünü onun yerinə qoya bilmək) bacarığını formalaşdırır. Cinslərarası balans yaradır; anlayış, bir-birinin söz və düşüncə, yaşam və seçim azadlığını tanımaq mədəniyyətini düzənləyir. Nəticədə cəmiyyətin idarəçilik mexanizminə, ortaq sistemə təsir edir - formaya çevrilir.
Marqaret Tetçer Britaniyanın Çörçilldən sonra gəlib getmiş ən uğurlu baş naziri və siyasətçisi olub. Dəmir Ledi adlandırılan bu qadının ağlını və idarəçilik bacarığını qısqananlar hədsiz çox idi. Bir gün ona belə bir sual verirlər: "Bir qadın ölkədə nə kimi problemlər olduğunu necə bilər"? Tetçer cavab verir: "Evini yönəldərkən ortaya çıxan problemləri anlayan istənilən qadın ölkəni yönəldərkən yaranan problemləri də asanlıqla anlaya bilər". Bu kontekstdə evin problemlərini sizinlə bölüşən və çözüm axtaran qadını dinləmək, ölkədəki problemlərə diqqət kəsilmək qədər önəmlidi. Bunların heç biri ilə maraqlanmayan insan isə nəinki bir qadın, bir ailə üçün, bir ölkə üçün də yararsız və təhlükəlidi. Çünki laqeyd insanlar bütün bəşəriyyət üçün təhlükədi. Onların gözü önündə hər cür cinayət işlənə bilər.
Aysel Əlizadə
qadinkimi.com