Depressiyanın ən böyük səbəblərindən biri artlq heç bir şeyə təəccüblənməməkdir. Bu hissi itirən insan içində onu həyata bağlayan ən önəmli duyğudan məhrum qalır. Təsəvvür elə, ən gözəl və ya ən dəhşətli hadisəyə belə tükünü tərpədə bilmirsən!
Hazırda dünyada 5 milyona yaxın insan depressiyadadır. Çünki dünyalılar hər gün bir az daha təəccüblənmək hislərini itirirlər.
Məsələn, münasibətlər (bir çox hallarda) niyə bitir, artıq qarşı tərəfdə onu təəccübləndirəcək heç nə qalmadığı
üçün. Boşanan boşanır, boşanmayan "bacı-qardaş” kimi ya da "məişət aktyor və aktrisası” olaraq həyatlarına davam edirlər.
Siyasətçilərə, dövlət adamlarına artıq niyə pərəstiş edilmir? Çünki təəccübləndirmirlər, nə qəddarlıqları, nə ədalətsizlikləri ilə... Dəstəkləyənlər isə öz maraqları üçün edirlər, məcburiyyətdən, iş gərəyi və.s.
Məsələ burasındadır ki, ən xoşbəxt ölkələrdə belə depressiya faizi yüksəkdir. Hamısının təməli yenə eyni nöqtədə bitir; Təəccüblənməməkdə!
Hər şey çox əl çatandır, uzaq deyə bir yer qalmayıb artıq, sosial şəbəkə sayəsində insanlar ünsiyyətin ən zirvəsini və ən dibini yaşayır. Aşağılamaq, təhqir etmək, çirkin münasibət göstərmək heç bir dövrdə bu qədər normal olmamışdı. Cahil cəsarəti yaradıb bu surət insanlarda. Bu qədər bilginin içində bunca bilgisizlik…
Bu dünya bütün pisliklərə şahid olub və olmaqdadır. Hər şeyin bu qədər aşkar yaşanması, baş verməsi insanları da çaşdırıb, hətta bu çaşğınlıq vəhşiliyə doğru gedir. Yoxsa qatil niyə qəhrəman elan edilsin, təcavüzkar niyə davul-zurna ilə qarşılansın?
Sevgili Nazım Hikmet’in möhtəşəm şeirində dediyi kimi;
"Şaşkınlık, alabildiğine yuvarlak açık ve alabildiğine genç gözleriyle bırakıp gitti beni. Yazık.”
Türkan Turan