"Reyhan" mahnısı bir zamanlar ən çox dinlənilənlərdən idi. Elə indi də dillər əzbəridir. Ancaq çox az adam bu mahnının Reyhan adlı qıza həsr olunduğunu, hüznlü bir hekayə əsasında bəstələndiyini bilir.
Uzun illərdən bəri dillər əzbəri olmuş, Azərbaycanın xalq mahnısı "Dağlar qızı Reyhan" gözəl və qəhrəman bir qıza həsr olunub.
1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazın Padar kəndindən olan Reyhan adlı gəlin isə erməni daşnaqları tərəfindən təcavüzə və zorlanmaya məruz qalmasın deyə, ayaqyoluna girib özünü murdarlayır. Bu yolla canını vəhşi daşnaqlardan zorla qurtara bilir. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə erməniləri darmadağın edir. 1928-ci ildə yenə də ermənilər tərəfindən "antisovet" damğası vurularaq, güllələnməyə məhkum edilir.
Onu güllələnmədən Mir Cəfər Bağırov xilas edir. Ad və soyadı dəyişdirilərək, gizli şəkildə Krımda monastıra yerləşdirilir.
Ötən əsrin 50-ci illərində bəstəkar Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan "Dağlar qızı Reyhan" şerinə musiqi bəstələyir. Bir versiyaya görə mahnının sözləri şair Tələt Eyyubova məxsusdur. Bir çox ifaçıların repertuarlarının bəzəyi olan "Reyhan" mahnısını ilk dəfə 1960-cı ildə SSRİ Xalq artisti Rəşid Behbudov ifa edib.
1969-cu ildə Türkiyədə "Reyhan - Dağlar kızı" filmi çəkilmişdir. Bu filmdə də "Reyhan" mahnısından istifadə edilir. "Reyhan" mahnısı Azərbaycanla qonşu olan digər ölkə dillərində də ifa edilib.
Fikrət Əmirovun "Reyhan” mahnısına illüstrasiya
Müəllif: Elturan Avalov
Hazırladı: Günel Deniz
Qadinkimi.com