SƏNƏT
Cavidlə sürgündə olan adam Tarix : 12 İyun 2020, 17:33
Bakıdan Yerevana gedən qatardakı ümumi vaqonda yerimi müəyyən edib əl çantamı və yağmurluğumu yuxarıdakı qatlama ağac "polkanın” üstünə atdım. İçəri alaqaranlıq idi. Bir az dincəlib vaqonun dəhlizinə çıxdım. Adam az idi. Bələdçi qadın girişdə dayanıb dəmir tutacağa söykənmişdi.

Açıq pəncərənin ağzında, ensiz dəhlizdəki kiçik dəmir oturacaqda əyləşdim. Payız olsa da hava xoş idi. Pəncərədən bayıra boylandım. Təbiətin qızıl fəsli, yəni son baharın təkrarsız rəngləri hətta, dəmiryol vağzalının bomboz beton səkilərində, daha doğrusu səki boyu sıralanmış təkəmseyrək ağacların yarpaqlarında da hiss olunurdu.

Qatar yerindən tərpəndi. Bələdçi qadın vaqonun girişindəki kiçik "hücrəsinə” çəkildi.

Adam az olduğuna görə sakitlik idi. Mən perrona çıxıb siqaret çəkmək istəyirdim. Bu əsnada arıq, uzun, qaraşın sifətini dərin qırışların "şumladığı” bir kişi mənə yaxınlaşıb boğuq səslə dedi:

- Salam. Axşamınız deyir. Oturmaq olar burada?

Kişi əli ilə üzbəüzdəki dəmir oturacağı göstərib cavab gözləmədən əyləşdi. Mən dilucu kişinin salamını aldım.

Əslində vaqonun ensiz dəhlizi boyu səpələnmiş dəmir oturacaqların az qala hamısı boş idi. Amma yaşı yəqin ki, yetmişi çoxdan adlamış bu ahıl adam mənimlə qabaq-qənşər əyləşmək istəyirdi. Yəqin ki, söhbət etməyə adam axtaran birisidir. İstədim ki, ayağa durub siqaret çəkməyə çıxam. Kişi ürəyimi oxuyubmuş kimi dilləndı:

- Siqaret çəkən deyilsiz ki?

Könülsüz halda:

- Çəkirəm, - deyə, cavab verdim.

- Hə, mən də çəkənəm.

Perrona çıxdıq. Siqaret alışdırdıq.

- Müəllim işləyirsiz?

Aşsaqqalın sualına sualla cavab verdim:

- Haradan bidiniz?

Kişi gülümsədi:

- Mən də müəlliməm.

Əl verib təzədən tanış olduq.

Ordan-burdan danışmağa başladıq. Mən gənc mütəxəssis kimi Saatlı rayonunda müəllim işlədiyimi dedim.

Yol yoldaşım tüstünü acgözlüklə sinəsinə çəkirdi. Onun tüstü arxasından bozaran sifətinı doğrayan dərin qırışlar qədim tarix kitablarının səhifələrindən boy verən əzilmiş xəritəyə oxşayırdı. Havada burulan tüstünün çoxu sanki onun sifətindəki bu dərin qırışların dolanbanc "çığırlarında” yoxa çıxırdı.

Yol yoldaşım sən demə 30-cu illərin müəllimi imiş. Kişi həmin illərin tanınmış şəxsiyyətlərini bizim kimi televizorda yox, həyatda görübmüş.

Qocaman müəllimin danışdıqları mənim üçün çox maraqlı idi. Söhbətin şirin yerində o, siqaretinə dərin qullab vurub məndən soruşdu:

- Hüseyn Cavid necə şairdir?

Bu suala heç bir cavab vermədən bildirdim ki, mən Cavidin "İblis” dramını az qala bütöv əzbərdən bilirəm. Və başladım İblisin son monoloqunu deməyə. Kişi də mənə qoşuldu. Son misraları "xorla” deyib hər ikimiz güldük.

"...Kimdir cümlə xəyanətlərə bais?

İblis, İblis, İblis...”

Təzə siqaret yandırdıq.

Kişi tüstünün arxasından "boylanaraq” boğuq səslə dilləndi:

- Mən Cavidlə birlikdə olmuşam.

Araya sükut çökdü.

Mən onun fikrini qırmaq istəmirdim.

Kişi handan-hana dedi:

- Mən onunla sürgündə bir yerdə olmuşam... Yəni bir yerdə "yatmışıq”.. Sibirdə... İrkutskda. O, gözümün qabağında keçinib. Hər ikimizi eyni "statya” ilə tutmuşdular.

Mən susurdum. Bu maraqlı söhbətin ardını dinləmək istəyirdim.

Kişi dedi:

- Gör bir aradan neçə il keçib? Otuz beş il. Amma sanki hər şey dünən olub...

Biz təzədən vaqona qayıtdıq. Mən Cavid əfəndi ilə bağlı bu qocaman müəllimlə ətraflı söhbət etmək istəyirdim.

Bir azdan bələdçinin qapısı açıldı. Yarımaçıq qapıdan meyxoş tüstü ətri gəlirdi. Hiss olunurdu ki, qadın bayaqdan öz iş kabinəsində siqaret çəkirmiş. Ətrindən bilinirdi ki, onun çəkdiyi siqaret bizimki kimi ucuz deyil.

Kişi ayağa durub dinməz-söyləməz perrona sarı yönəldi. Mən səbrsizliklə onun qayıdacağını gözləyirdim. Amma qocaman müəllim sanki buxarlanıb havaya çəkilmişdi. Mən bələdçi xanımdan bayaqkı adamın yerini soruşdum.

O, əsnəyə-əsnəyə dedi:

- O, bizim vaqonda deyil ki. Yəqin onun yeri qonşudakı "ümumi” vaqondadır... Elə bildim ki, sənin tanışındar, yolüstü söhbət etməyə gəlib...

Mən gecə Saatlı dəmir yol stansiyasında qatardan düşdüm. Sabah dərs günü idi. Ətrafa göz gəzdirdim. Amma "yol yoldaşım” gözə dəymirdi...

Sonralar mən Saatlıda çoxdan işləyən, bu tərəflərin ziyalılarını yaxşı tanıyan müəllim dostum Məmməd Təhməzova (şair Məmməd Elliyə) bu barədə danışanda o, belə dedi:

- Elli, mən həmin adamı tanıyıram. Sabirabadda müəllimdir. Düz deyir, Sibirdə Cavidlə bir lagerdə sürgündə olub. Bir az qəribəliyi olan adamdır.

Mən Sibirdə Cavidlə eyni "maddə” ilə yatan o "qəribə adamı” bir daha görmədim...

Və gör bir aradan neçə neçə il keçib?