UŞAQ / BÖYÜK
Camalə İbrahimova - “Qızıma məktub” (MÜSABİQƏ) Tarix : 09 Mart 2020, 10:40
Yazar : Qadinkimi.com
Bu gün kövrəldim...

Yazın ilk günlərindən birində sən dünyaya gəldin. Əskiyə bükülmüş bu körpəni mənə uzatdılar. Sinəmə basdım. Elə bil ayaqlarım yerdən üzüldü. "Ya Rəbbim, bu nə duyğu, bu nə hissdir” deyə düşünməyə taqətim belə yox idi. Xoşbəxt idim. Sən mənə analıq duyğusunu bəxş etdin. Gəlişin bütün həyatımızı dəyişdi. Bu kasıb otağımıza sığışmayan bir sevinc, can rahatlığı gətirdin özünlə.

Ayaq açdın. Məktəbə getdin. Gözəl təhsil aldın. Ailə qurdun.

Uğursuzluğa düçar oldun. Sənə verdiyimiz tərbiyə, inanclar sənə mane oldu. Ailə qurduğun oğlanla fikir ayrılıqları birgə yaşamağınıza, ortaq qərarlar almağınıza, xoşbəxtlik yolunda birgə addımlamağınıza imkan vermədi. İki körpən narahat günlərlə dolu bir ortamda böyüməyə məcbur qaldılar. Sən mənə heç vaxt giley-güzar etmədin. Çətinliklərindən bəhs etmədin. Niyə gözəl qızım, niyə dinmədin? Susdun. Bir dəfə dedin ki, ayrılsam qonum-qonşu nə deyər? (o sənə əl qaldırmışdı və biz bundan xəbər tutmuşduq). Məgər sənin həyatın onların rəyindən ucuz idimi? Elə bilirdim ki, analıq imtahanından "əla” qiymət almışam. Sən demə yanılmışam. Əgər övladımı xoşbəxt görə bilməyəcəmsə, deməli hardasa səhvlərə yol vermişəm.

Çox düşünürəm. Səninlə rəfiqə ola bilməmişəm. İlk sevgini mənə etiraf etməmisən. Yəqin laqeydlik göstərmişəm. Məni bağışla.

Təhsildəki uğurlarına çox sevinmişəm. Uğursuzluqlarına susmuşam. Səni tək qoymuşam. Gərək yanında olaydım, ürək-dirək verəydim. Həyat savaş meydanıdır, o yalnız uğurlar üçün deyil. Səhvimi indi anlayıram. Məni bağışla.

Məsləhətləşib, götür-qoy edib evlənmək üçün sənə uyğun namizəd də tapdıq. Sən də razılaşdın. Həyatımızın ən böyük səhvini buraxdıq. Bizi bağışla.

Artıq yetişkən bir insansan. Bundan sonrakı həyat yolunda inamla addımlamaq üçün özünə güvən. Addımlarını inamla at. Ürəyinin səsini dinlə. Sən cəsur və yenilməz bir varlıqsan. Sən ANA-san.

Çalış analıq imtahanından "əla” qiymət alasan.

Hörmətlə: səni sevən anan


Camalə İbrahimova
qadinkimi.com