YAZI / DÜŞÜNCƏ
Buz üstə yazılmış sətirlər - Firuz Mustafa Tarix : 09 Dekabr 2019, 16:05
Yazar : Qadinkimi.com
** Yaddaş adama təkcə nələrisə yadda saxlamaq üçün yox, hərdən unutqanlıq üçün də lazım olur.

** Adamların adını unudanda onların sifətləri, sifətlərini unudanda isə əməlləri gəlib dayanır gözümün önündə.

** Əməlin sonu var, amalın isə sonu yoxdur.

 ** Dördayaqlılar kimi hərəkət edən ikiayaqlıların sayı günbəgün artmaqdadır. Əslində baş olmayan yerdə ayaqların sayı nəyisə həll etmir.

 ** Həyatın həddindən artıq ciddi və sərt olması məndə həmişə gülüş doğurur.

** Ömür o qədər uzundur ki, qorxuram onun sonunu gözləməyə mənim ömrüm  və səbrim çatmasın.

 ** Tikanlı yolların hamısı məbədə sarı gedir.

 ** Arzularının önündə həmişə qara çalarlı qırmızı işıq yanıb.

 ** Sifətinin sayı bilinmir. Maskasını hər gün dəyişir. Əslində heç sifəti də yoxdur.

 ** Müqəddəs kitablara and içə-içə bütün müqəddəslərə tüpürüb.

 ** Üzünün qırışlarında min illərin küfrü gizlənib.

 ** Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır.

 ** Qarşınıza həmişə böyük məqsədlər qoyun ki, heç olmazsa sonda kiçik arzulara çata biləsiz.

 ** Onun fikirlərini yun çubuğu ilə çırpıb astarını üzünə çevirdilər.

 ** Bir var imkanda gerçəklik axtarasan, bir də var ki, gerçəklikdə imkan. Təbii ki, birinci yolu güclülər seçir.

 ** Gəlin etiraf edək ki, bir az pafoslu səslənsə də bizim hər birimiz özümüz üçün yox, məhz başqaları üçün yaşayırıq. Səhv düşüncədir? Elə isə belə bir suala cavab verməyə çalışın: əgər bizim hər birimiz bu dünyada tənha qalmış olsaydıq,  yaşamaq istərdikmi? Təsəvvür edin ki, siz bu yer üzünün tək sahibisiz, ətrafda nə dostunuz var, nə də düşməniniz, o zaman belə bir aləmdə təkcə özünüz üçün necə yaşaya bilərdiniz?

 ** Məni həyatda heç vaxt inanmadığım yad və yalançı adamlar aldada bilməyib. Məni həmişə həyatda ən çox inandığım yaxın və "düzgün” adamlar aldadıb.

** Söyüş söyənləri ictimai yerdə söyüş söydüklərinə görə söyməyə başladı.

 ** Adamın özü özüylə qalanda keçirdiyi tənhalıqdan daha betər şey başqası ilə birlikdə olarkən keçirdiyi tənhalıq hissidir.

 ** Onu öz xoşbəxtliyi bədbəxt etmişdi.

 ** Xoşbəxtliyin düsturu yoxdur. Bu məsələnin həllində riyaziyyat elmi həmişə uduzur.

 ** Xəstə həkimdən həyat umur. Əgər həkimin ömür vermək imkanı olsaydı, o, həkim yox,  tacir olardı.

 ** Hərdən düşünürəm ki, birdən ürəyimdən keçən arzuların hamısı çin olsaydı görəsən mən nə edərdim? İntiharımı seçərdim? Axı arzusuz qalmaq elə ölmək kimi bir şeydir. Yox, düşünürəm ki, birdən belə bir möcüzə baş versəydi, sadəcə olaraq çox şeydən imtina edərdim. Çünki bu dünyada nə xoşbəxtlərə çox şey lazımdır, nə də bədbəxtlərə.

** Həyatın mübarizə olduğu min dəfələrlə sübut olunmuş bir aksiomdur. Mən bu fikrə təkcə bunu əlavə edə bilərəm: bütün mübarizələr bitəndə belə, mübarizə yenə davam edir ki, bu da hər bir düşüncəli insanın özü özü ilə apardığı mübarizədir. Bu mübarizə səngiyib yox olandan sonra isə hər bir insan öz həyatını heçliyə bağışlayır.

** Bilmirəm yaşadığımız cəmiyyətin adı nədir. Mövcud sistemin nə sosializmə, nə də kapitalizmə aidiyyatı var. Təkcə onu bilirəm ki, adamların çoxu qul kimi ağlayır, az bir qismi isə feodal kimi gülür.

** Bu da obrazlı bir cümlə: qəbirlər azman ləpirlər kimi yamac boyu sıralanmışdı.

** Axmaqların özünü ağıllı kimi təqdim etmək istəməsinin çox şahidi olmuşuq. Son zamanlarsa tamamilə başqa bir tendensiya diqqəti çəkir: ağıllı - başlı adam hesab etdiklərimizin bir çoxu ətrafdakılara özlərini axmaq kimi təqdim edirlər. Görünür, onlar da nəsə duyublar.


** Vaxtın sənə nə dediyini eşidirsənmi? Yox? Onda sən hələ dinləməyi öyrənməmisən.


 
Firuz Mustafa
qadinkimi.com