SEVGİ
Bunun adı sevgi deyil - Günel Eminzadə Tarix : 21 Fevral 2020, 11:15
Yazar : Qadinkimi.com
- Bilirsən, gözlərimdə necə kiçilmisən? Məni də özünlə bərabər kiçiltmisən.

- Bunu necə anlayım? Fəlsəfi dillə danışma. Bilirsən ki, xoşuma gəlmir bu tərz danışmağın.

- Mən böyük daş idim. Hər dəfə məni əlinə alıb atdıqca, tikələrə parçalandım. Hissələrə bölündüm. Bəzi hissələrim böyük oldu, gözə göründü, bəziləri isə kiçik oldu...Onları görə bilmədin, ayaqların altında əzib keçdin. Hər dəfə bölündükcə, bir hissə qopdu məndən. Hər dəfə atdıqca məni, daha çox parçalandım, ölçülərim dəyişdi. Parçalarım kiçikləşdi. Ölçülərim dəyişdikcə, böyük daş da kiçildi, formasını dəyişdi. Sənsə, onları bir yerə yığmadın, o hissələri yığmadın. Hər dəfə əlinə alanda bilirdim ki, yenə atacaqsan məni. Son atışında daha uzaq məsafəni hədəfə almışdın. Daha çox güc yığmışdın. Daha güclü zərblə atmışdın məni. Daha böyük zərbə ilə yerə dəyib daha çox hissələrə parçalanmışdım. Canım yanmışdı. Mənsə, onda da sənə qıymadım. Əlində olarkən, ovcunu, barmaqlarını yaralamadım. 

Sənsə, məni oyuncaq daşın saymışdın. Hər dəfə atmışdın, atdığın yerdən götürüb əlinə təkrar-təkrar atmışdın. Yaralamışdın məni. Əlində kiçilib ovcun boyda olanda  gözlərinə baxmışdım. Məni görməzdən gəlmişdin. Elə o gün səni də öz ölçümdə bildiyimi anladım. Böyük daş ikən böyük idin gözlərimdə. Məni kiçiltdikcə, özünü də kiçiltmişdin. Hirsini soyudurdun, qisasını alırdın mənim kimi böyükdən. Bunun adı sevgi deyil. Bu sevgi deyil. Nəyim qalıbsa, astaca qoy yerə, hardan götürmüsən ora. Get, nə qədər ki, birisi məni əlinə alıb sənə doğru hədəfləyib başına, ürəyinə doğru atmayıb, mənimlə sənin başını, ya da ürəyini yarmayıb.

- Nə demək istəyirsən?

Sən də kimin üçün isə daş olacaqsan, səni də kimsə beləcə dəfələrlə atacaq, parçalara böləcək, canını incidəcək. İnsanların gözünə böyük görünmə. Böyük göründükcə  hədəfə çevrilirsən. 



Günel Eminzadə
Qadinkimi.com