UŞAQ / BÖYÜK
BUNU MƏNƏ SƏN DEYİRSƏN? AXI SƏN TANRISAN! Tarix : 08 Noyabr 2019, 11:39
Yazar : Qadinkimi.com

Uşağından çox narahat olan bir qadın haqqında pritça...


Bir gün bir qadın Tanrının yanına gedir. Qadının beli kürəyindəki yükün ağırlığından əyilmişdi.


- Sən yorulmusan? – deyə Tanrı narahatlıqla soruşur. - Özünü yükdən azad elə, yükü yerə qoy, bir az dincəl.


- Təşəkkür edirəm, mən çox qalmayacam, tez qayıtmalıyam – deyən qadın yükünü yerə qoymur. - Bir xahişim var, onu deyib gedirəm. Birdən ləngiyərəm, nəsə baş verər. Özümü heç vaxt bağışlamaram.


- Sən özünü bağışlamağa hazır deyilsən ?


- Mənim övladıma nəsə olsa, özümü bağışlamaram. Mən elə bu xahişlə gəlmişəm: Mənim övladımı hifz elə. Onu qoru.


- Mən elə bunula məşğulam – Tanrı ciddi səslə cavab verir.  – Məgər mən inanmamaq üçün sənə əsas vermişəm?


- Yox…Amma həyatda elə gözlənilməz hadisələr, elə təhlükəli döngələr olur ki… Xoşagəlməz adamların təsirinə düşə bilər. İndi onun elə yaşıdır hər şeylə maraqlanır, hər şeyi görmək, dadmaq istəyir. Özünü təsdiqləməyə çalışır. Mən qorxuram ki, hansısa döngədə birdən ayağı büdrəyər, yıxılar, ağrıyar.


- Nə olsun? Növbəti dəfə ehtiyatlı olar. Ağrını yaşamaq yaxşı həyati təcrübədir. Sən niyə ona öyrənmək imkanı vermirsən?


- Çünki mən onu ağrı çəkməkdən qorumaq istəyirəm - deyə ana həyəcanlanır, - Görürsən, mən həmişə kürəyimdə onun yıxıla biləcəyi yerə sərmək üçün bir torba saman gəzdirirəm.


- İndi təklifin nədir? İstəyirsən mən hər tərəfi samana bürüyüm? Yaxşı. Onda diqqətlə bax.


Və Tanrı bir anda nəhəng saman topası yaradıb onu yer üzünə atdı. Qadın oğlunun samanla əhatə olunduğunu, bütün çətinliklərdən, ağrılardan, təsirlərdən, eləcə də həyatdan ayrıldığını  gördü. Oğlansa bu samanlıqdan çıxmaq üçün əbəs yerə çabalayır, çarəsizləşir, ümidsizliyə qapılırdı. Nəhayət, hardansa bir kibrit tapdı və samana od vurdu. Bir andaca hər tərəfi alov, tüstü bürüdü.


- Oğlum, dayan, mən gəlirəm, sənə kömək edəcəm - deyə ana qışqırdı.


- Sən yanğına saman atmağa gedirsən? – Tanrı soruşdu.


Yadında saxla: Valideynlər övladlarının rahatlığı üçün nə qədər saman səpsələr, övladların ondan xilas olmaq arzusu bir o qədər çox olacaq. Hətta həyatlarını yandırmaq bahasına belə buna cəhd edəcəklər. Çünki onlar ağrının, seçim azadlığının nə olduğunu bilməyəcək. Elə bilirsən, daşıdığın bir torba samandır?Qətiyyən belə deyil. O torbadakılar sənin qorxuların, narahatlığın, ağlına gətirdiyin bədbəxt hadisələrdir. Sən özünü bütün bunlarla yükləmisən. Sən bu bədbəxtlikləri düşündükcə onlara enerji ötürürsən, onları gücləndirirsən. Ona görə sənin yükün belə ağırdır və sən yorğunsan.


- Belə çıxır ki, mən oğlumun qayğısına qalmamalıyam? Bunu mənə sən deyirsən? Axı sən Tanrısan!?


- Övladının qayğısına istədiyin qədər qala bilərsən. Amma narahat olmamalısan. Mən də bəndələrimin qayğısına qalıram. Sən mənə mane olursan. Qoy mən öz işimi görüm. Belə görürəm ki, sən buna inanmırsan. Əsas məsələsə inamdır. 

 


 


Çevirdi: Kamalə Abiyeva 

qadinkimi.com