YAZI / DÜŞÜNCƏ
Şahnaz Şahin: Bu il təbiətin də kefi pozulub Tarix : 31 Avqust 2020, 08:04

ROBİNZON OLMASAM DA

Həyatda hər nə varsa, ya pozitiv, ya da neqativ, enerji yükü daşıyır. Qidalardan başlamış ta ilin fəsilləri də bu möhtəşəm qanuna tabedir. Soyuq mənfi, isti isə müsbət enerji ötürür elə bil, dünya özü də sanki nəhəng bir maqnitdir və hər iki qütbüylə çəkir adamı.

İndi ilin istü fəslindəyik, çoxumuzun sevmədiyi soyuqlardan sonra qış fəslinin atributlarını görməkdən yorulan gözlərlə hansı tərəfə baxsan, yaşıllıqdı, gül-çiçəkdi, ağaclar başını yarpaq-yarpaq, çiçək-çiçək yelləyir insanlara, hər gördüyü üzə gülümsəyir, gedənə, gələnə salam verir xəfif xışıltısıyla, evdən işə, işdən evə ötürür, yaxşı yol arzulayır..., hamsını da heç bir təmənna ummadan edir. İnsanlar isə fərqlidi, kimisi öz problem və dərdlərinə bürünüb keçir, kimisini maddi, kimisini də mənəvi qayğılar öz ardıyca sürüyür... Keçdiyi yolun üstə dayanan bu gözəlliyi görmədən, duymadan ötüb gedir. Elə ömür də belə keçir, qaşla göz məsafəsində yaşananlar yığılır və gözümüzü bircə dəfə qırpdığımızda da dağılıb gedir, bitir.. və vəssalam!

Bu il təbiətin də kefi pozulub, eynən insanlar kimi. Dünyanı hədələyən taclı virus at oynadır meydanda, ölkələr də öz işini bütün səviyyələrdə ehtiyatlı tutmağa məcburdu. Qarşısında naəlac qaldığımız dünya bəlasından xilas olmaq üçün vacib addımlar atılır, həm ölkələr arası, həm də ölkədaxili qərarlar qəbul olunur, müəyyən qadağalar qoyulur. Bunlar hər biri insan üçündür, onun sağlamlığına xidmət edir və bu anlaşılandır. Düzdür, indi artıq karantin vəziyyətinin şərtləri yumşaldılıb, evdən çıxarkən icazə alınması da ləğv olunub. Amma...

Bu gün mövcud karantin rejimi zamanında ilk dəfədir ki, sadəcə şəhəri bir az dolaşmaq üçün evdən çıxmaq istədim. Dünəndən əsməyə başlayan sürətli külək bu gün də axşamadək başımızı çölə çıxartmağa imkan verməyib. Axşama tərəf azca səngimədən istifadə edib geyinib evdən çıxdım... Yolun bir hissəsini miniklə gəlsəm də, qalanını piyada gəzə-gəzə getməyə üstünlük verirəm. İlahi, mən heç vaxt şəhəri belə fikirli, bu qədər qəmli-qüssəli, gözləri yolda, qulağı səsdə olan görməmişəm.! Hər addımdan diksinib gözlərini açan, hər gördüyü üzdə sevinc gəzib amma tapmayan küçələr necə yazıq olub...Sən demə, hər şeyin bəzəyi İNSAN imiş, Yaradan onu boş yerə dünyaya "əşrəf” təyin etməyibmiş.. Böyük-böyük şəhərləri, ən kiçik kəndləri zinətləndirən, şərəfləndirən, qiymətə mindirən İNSANmış, İNSAN!...O yoxsa dünyanın dadı-duzu da yox imiş... Hər sabah işə-gücə, axşamlar evinə, qonaqlığa, toya tələsən, içində min bir fikirlə yol gedib gələn bu insanlarla xoşbəxt imiş şəhər! İnsandan güc alırmış, yaşayırmış, gözəlləşirmiş, tamamlanırmış! O yoxdursa, deməli heç nə yoxmuş...

Bax, yenə də Tolstoyu xatırlayıram, məşhur yazıçıya görə: " Həyat bizi dörd riyazi əməllə sınayır. Həqiqətlərlə vurur, ayrılıqlarla bölür, insanlıqdan çıxarır və sonunda özünü topla deyir!..”

Hava soyuq, həm də küləkli olduğundan, eyni zamanda üzü axşama doğru getdiyindən şəhər demək olar ki, boşdur! Düşüncələrimlə baş-başa üzü aşağı-dənizə tərəf addımlayıram, ətrafda gözümə təkəmseyrək adamlar dəyir. Dənizkənarı park da sükut içindədir, həmişə fikirli dəniz indi gəmilərini batırıb sanki. Küləyin səsi ləpələrin səsini eşidilməz edib.., hələ ağaclar, çiçəklər necə də yalqız görünür.., uzaqdan gələn tək-tək adamları görüb sevincimdən uçuram içimdə.. Yadıma məşhur Robinzon düşür, deyəsən onun nə çəkdiyi də indi tam aydınlaşır, filmə baxanda bəlkə də heç kəsin duymadığı hissdir bu. Mən də, olsun ki, başqaları da onun nitqini itirməməkdən ötrü daşlarla, ağaclarla danışmasına gülmüşük, amma indi...

...Havası uçmuş,

Fikri dağınıq,

Bənizi Ay təki solğun,

Ağlı uşmuş gecədi..

 

Bu gecə qapqara tozdu,

Sinəmdə bir qırıq sazdı.

Xoş arzudu, boş avazdı,

Yaman sərxoş gecədi.

 

Halını qananlar bilir,

Halına yananlar bilir.

Olacaq, olmayacaqlar

Könlünə damanlar bilir

Bağrı yanmış gecədi...

 

...Axşam düşür, bir az da qəribsəyir şəhər, bir azdan əl-ayaq tamam çəkiləcək küçələrdən, lap darıxacaq onda. Daha dayana bilmirəm, sakitcə dənizlə də, insan əllərinin yaratdığı sahilboyu gözəlliklərlə də vidalaşıb küləklə birgə yoluma davam edirəm..

Evdə ürəyimi boşalda biləcəyim bilgisayarım gözləyir məni...

 

 

 


Şahnaz Şahin

 

qadinkimi.com