YAZI / DÜŞÜNCƏ
Bu həyatda nəyimiz var? Tarix : 28 Noyabr 2022, 09:03

Bu sualı cavablayanda çoxumuz "maşın, ev, pul, şirkət" və s. şeylər düşünürük.

Bunlar hamısı pulla əldə olunacaq şeylərdir. Bu gün sahiblənmək anlayışı o qədər pulla

əlaqəlidir ki, ağlımıza başqa şey gəlməz.


Heç kəs "həyatda nəyə sahibsən?" sualına ilk olaraq "dostumun sevgi və etibarına,

sevdiyim insanın sədaqət və inamına, valideynimin qayğı və hörmətinə, sağlam düşüncəyə, ağıla, biliyə, övladlarımın sevgi və rəğbətinə" cavablarını verməz.

Halbuki bunlar da sahib olduğumuz, qazandığımız şeylərdir.

 

Nədən bu qazancları görmürük? Qazancı yalnız rəqəm və sayla bağlayırıq?

Niyə bu qədər riyaziyyatla məşğuluq? Bəlkə bir az da ədəbiyyata keçək?

Bir dostluq şeiri, sevgi nəğməsi deyək, ana laylası oxuyaq? Axı bunlarla başlamışdıq dərslərə… Birdən-birə hamımız riyaziyyatçı, statistik olduq.


Nəyə sahib olduğumuz deyil, kimə, kimlərə sahib olduğumuz vacibdir. Əsl qazanc insanlardır. Dostluqdan, sevgidən aldığımız mənəvi dəyərin ölçü vahidi yoxdursa, bu o demək deyil ki, onlar dəyər olmaq haqqını itirir. Bəlkə bu dəyərlərin qiyməti ölçüyəgəlməz olduğundan heç kəs ona vahid təyin edə bilməyib? Düşünün…


qadinkimi.com