BURA / ORA, QADIN / KİŞİ
Britaniyanın yeni baş naziri Liz Truss kimdir? HƏYATI VƏ KARYERASI Tarix : 05 Sentyabr 2022, 19:51

Britaniyanın yeni baş naziri Liz Trussun ( Liz Trass) həyat və karyera tarixçəsi


Sentyabrın 5-də Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin yeni baş naziri seçkilərinin nəticələrinə yekun vuruldu. Seçkilərdə Britaniyanın xarici işlər naziri Liz Truss qalib gəldi. Hakim partiya üzvləri arasındakı (təxminən 175 min nəfər) səsvermənin nəticələrinə görə, o, ikinci namizəd, keçmiş maliyyə naziri Rişi Sunakı qabaqlayaraq 57,4 faiz səs toplayıb. Truss Britaniya tarixində hökumət başçısı postunu tutan üçüncü qadındı. 


Yeni "dəmir ledi ”- bu klişe olmadan Liz Truss haqqında danışmaq olmur. Çünki onu əfsanəvi dəmir ledi Marqaret Tetçerə bənzədirlər. Liz Truss illərlə partiya yoldaşlarının etimadını qazanıb və nəhayət Mühafizəkarlar Partiyasının lideri seçilib. İndi o, Uinston Çörçilli də rəsmi törənlə qəbul edən Kraliça II Yelizaveta ilə Britaniya hökumətinə rəhbərlik edəcək.


Elizabeth Mary Truss 26 iyul 1975-ci ildə Oksfordda anadan olub. Atası Con Kennet Truss riyaziyyatdan dərs deyib. Anası Priscilla Mary Truss tibb bacısı və müəllim olub. Lizdən başqa cütlüyün üç oğlu da var.


Orta məktəbdə gələcək siyasətçi bir il Kanadada oxuyub. Sonra 1993-cü ildə Oksforddakı Merton Kollecinə daxil olub və burada siyasi elm, fəlsəfə və iqtisadiyyat üzrə təhsil alıb. Orada Liberal Demokrat Partiyasının şöbəsinə rəhbərlik edərək siyasətlə məşğul olub. Maraqlıdır ki, Truss 19 yaşında ikən monarxiyanın ləğvinin tərəfdarı kimi çıxış edib. O, 1996-cı ildə Oksfordu bitirdikdən sonra karyerasına davam edib. Siyasi baxışlarını dəyişərək Mühafizəkarları seçib. 


1996-cı ildə universiteti bitirdikdən sonra Liz Truss neft-qaz şirkəti Shell-də işə düzəlib, sonra isə Cable & Wireless telekommunikasiya şirkətinə keçib, sonda iqtisadi direktor vəzifəsini tutub. Qeyd etdiyimiz kimi Liz Oksfordu bitirən kimi Britaniya Mühafizəkarlar Partiyasına qoşulub. Partiya tədbirlərinin birində xanım Truss gələcək həyat yoldaşı Hugh O'Leary ilə tanış olub. Onlar 2000-ci ildə ailə qurublar və iki qızları var.


2001 və 2005-ci illərdə iki dəfə Truss Qərbi Yorkşir parlamentinə seçkilərə qatılsa da nəticə uğursuz olub. 


2014-cü ildə Truss Kemeron tərəfindən Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri üzrə Dövlət Katibi vəzifəsinə təyin edilib. 2016-cı ildə Tereza Meyin kabinetində Lord Kansler və Ədliyyə üzrə Dövlət Katibi təyin edilib və bu vəzifəni daşıyan ilk qadın olub. 2017-ci ildə Xəzinədarlığın Baş Katibi vəzifəsini tutub.


2019-cu ildə Meyin gedişindən sonra baş nazir postuna Boris Consonun namizədliyini dəstəkləyən ilklərdən olub. Boris Conson seçildikdən sonra Liz Truss xarici ticarət naziri və Britaniya Ticarət Şurasının sədri vəzifəsinə təyin edilib. Bu vəzifədə siyasətçi Mühafizəkarlar Partiyası daxilində öz mövqeyini xeyli möhkəmləndirib və digər ölkələrlə Böyük Britaniyanın Brexit-dən sonra onlarla ticarət müqaviləsini uğurla yeniləyib imzalayan şəxs kimi şöhrət qazanıb. 15 sentyabr 2021-ci ildə o, Britaniyanın Xarici İşlər Naziri olub.

 



Trussun Ukraynadakı hazırkı vəziyyətlə bağlı mövqeyi sərtdir: "Putin uduzmalıdır”.  Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxiləsindən üç gün sonra nazir münaqişənin Rusiya ilə Şimali Atlantika Alyansı arasında toqquşmaya səbəb ola biləcəyini deyib: "Ukraynada Putini dayandırmasaq, digər ölkələrin də təhlükə altında olduğunu görəcəyik”.


Xanım Truss dəfələrlə NATO-nun gücləndirilməsinin və beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiqinin artırılmasının zəruriliyindən danışıb.


Üç baş nazirin yanında nazir olan Trussın karyerası parlamentdə çalışması ilə başlayıb. 2012-ci ildə o, ilk dövlət görəvini - parlamentdə təhsil nazirinin köməkçisi vəzifəsini alıb. Və iki il sonra, David Cameronun Nazirlər Kabinetində növbəti dəyişiklik mərhələsində Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etməsi ilə Britaniya tarixində ən gənc qadın nazir olub.


Ayan, Qadinkimi.com üçün