YAZI / DÜŞÜNCƏ
Brat, bizim işimiz çıxdı... Tarix : 28 Yanvar 2020, 11:00
Yazar : Qadinkimi.com
Rövşanə xanımın verilişi çıxdı rastıma. Mövzu qadın-kişi söhbətlərinə gəlib çıxdı. Meyxanaçı Oqtay Kamil dedi ki, qadın ev işi üçündü, maşın da kişi üçün.

Dünya artıq Yeni ili çoxdan qarşılayıb. Məsələn, elə dünən Çin də Yeni ili qarşıladı. Bu o deməkdir ki, III minilliyin 19 ilini geridə qoymuşuq. Bunu çoxunuz yaxşı bilirsiniz, amma mən bilməyənlər üçün yazıram. O bilməyənlər üçün ki, onlar illərdir Yeni ili qarşılayıb, "salam, xoş gəldün, brat, bizim işimiz çıxdı, getməliyik” deyib qayıdırlar əvvəlki hallarına. Yəni bu adamları evakuatorla belə Yeni ilə dartıb gətirə bilmir heç kim.

Onlar üçün qadın hələ də dünyada odu qoruyan, uşaq doğan, yemək bişirən, kişinin tələbatlarını ödəyən məxluqatdan başqa bir şey deyil.

Onlar üçün hələ də kədərli mahnılar oynamalı ritm üstündə oxunduqda gözəldir.

Onlar üçün hələ də maarifləndirici mövzu, səviyyəli musiqi, şeir dedikdə Vətən, ana, ata mövzularından başqa heç zad yoxdur.

Onlar üçün hələ də maşın kişi üçün, qadın ev işi üçündür.

Onlar üçün hələ də gəlin evin süpürgəsidir.

Onlar üçün hələ də kişi danışanda arvad susmalıdır.

Onlar üçün hələ də qadın bütün kişi zülmlərinə dözüb boşanmamalıdır.

Onlar üçün hələ də bütün siyasi proseslər domino masasında müzakirə olunur.

Onlar üçün hələ də seçkilərdə kişi namizədlərin görüşünə yalnız kişilər getməlidir.

Onlar üçün hələ də bütün şairlər bütdür, toxunulmazdır.

Onlar üçün hələ də Sabirabad deyəndə qarpız, Quba deyəndə alma, Gədəbəy deyəndə kartof yada düşür.

Onlar üçün hələ də Qarabağ yada düşəndə ağlamalısan.

Onlar üçün hələ də televiziyada yenilik deyəndə yalnız dekor dəyişiklikləri, studiya yenilikləri ağıla gəlir.

Onlar üçün hələ də zorlanmış bir qızı ya zorlayan adama ərə vermək lazımdı, ya da...

Onlar üçün hələ də ölkədə baş verən proseslər "məndən ötsün, qardaşıma dəysin” ladında dövran edir.

Onlar üçün hələ də siyasətə qarışmaq böyük bir günah sayılır.

Onlar üçün hələ də toya getməmək ayıbdır.

Onlar üçün hələ də həyatın fəlsəfəsi evlənmək, törəmək, oğul-qız toyu görmək və ölməkdən ibarətdir.

Onlar üçün hələ də kişinin ailədə kişinin vəzifəsi pul qazanmaqdan başqa bir zad deyil.

Onlar üçün hələ də xəyanət etmiş qadını öldürmək, başını kəsmək caizdir.

Onlar üçün hələ də yalnız kişi xəyanət edə bilər.

Onlar üçün hələ də "Sovet vaxtı belə deyildi”.

Onlar üçün hələ də.... hələ də... hələ də...

Nə bilim neçənci yüzillikdi, nə bilim eramızdan qabaq neçənci minillikdi.

Bu adamları necə gətirək günümüzə? Bu adamları necə qovaq televiziyadan? Necə edək ki, Oqtay Kamil kimi meyxana təfəkkürlü adamlar televiziyadan "qadın ev işi üçündür, maşın kişi üçündür” tezisini dini cərəyan kimi insanlara ötürməsinlər? Necə edək, bu adamlar başa düşsün ki, Qarabağda şəhid olan jurnalist Salatın Əsgərova da qadın idi?! Necə edək, bu adamlar başa düşsün ki, o vaxt qadın batalyonunun yaratmaqda müstəsna roru olmuş Novella Cəfəroğlu da qadındı?!! Necə edək, bu adamlar başa düşsün ki, Qarabağ qazisi, Tutu kimi tanınan Rüxsarə Cumayeva da qadındı. Necə edək, bu adamlar başa düşsün ki, bizi beynəlxalq arenada təmsil edən atıcılarımız İradə Aşumova da, Zemfira Məftəhəddinova da qadındır. Say, say, qurtarmaz...

Hələ mən Sara Xatuna qədər gedib çıxmıram...

Hanı o sehirli xalat? Ki, o xalatı bunların əyninə geyindirib göndərək keçmişə...

Hanı o göygöz Kosanın cadusu ki, döndərsin bunları daşa.

Neyləyək, nə əlac qılaq?

Bəlkə göndərək bir müddət müalicə alsınlar?

Hə, razıyam, səhiyyəmiz yaxşı şeylər vəd etmir bizə.

Bəlkə göndərək təzədən məktəbə getsinlər?

Hə, razıyam, heç təhsilimiz də ürəkaçan deyil.

Bəs neyləyək bu Məşədi İbadları, Novruzəliləri?

Neyləyək? Gözləyək ki, qırılıb qurtarsınlar? Olmur axı... Onlar komikadze kimi düşdükləri yerləri də viran qoyurlar. Onlardan onların özü kimi bir nəsil yetişir...

Ya da ki, bütün belə gerizəkalılığı görənlər bezib tamamilə dəyərlərə tüpürüb yaşamaq istəyirlər...

Necə tapaq o qızıl ortanı?

Çətin məsələdi.

Uca Şirvin dadımıza yetsin...

 


Eminquey
qadinkimi.com