SEVGİ
Bizi daha çox AZƏRBAYCANLI edən hər birinizə minnətdaram Tarix : 27 Dekabr 2020, 09:34
Şanlı ordumuz, şir ürəkli igidlərimiz tarix yazıb və biz bu tarixin parçası olaraq məğruruq, qürurluyuq, daha inamlı və daha güclüyük. Ordumuzun sərgilədiyi şücaəti, müharibə dövründə göstərdiyimiz milli birliyi, iradəmizi indi xalq olaraq daha qətiyyətli şəkildə göstərməliyik. Düşmən kimdirsə ona qarşı, müstəqilliyimizi kim təhdid altına alacaqsa, ona qarşı, dövlətimizi, millətimizi kim bölmək istəyəcəksə, bu bölücülüyə kim dəstək verəcəksə, ona qarşı. Ancaq əsla BİZ bölünməməliyik. Heç bir fikir ayrılığı milli birliyimizi parçalamamalıdır. Müzakirə etməliyik, mübahisə yox. Müharibə yox! Çünki düşmənin istədiyi də elə budur, xalqı parçalamaq, zəiflətmək, ağacı içindən yemək.
Biz məğlub sindromundan qurtulmuşuq. Qalibik, ayığıq, diriyik, güclüyük. Ordumuzun ruhu millətə hopmalı və onu tərk etməməlidir. Ciddi şəkildə rus travma və qorxusundan qurtulmalıyıq. Bu qorxunun söykəndiyi tarix var, faciələr, ağrılı talelər var. Ancaq bizi, ilk növbədə, bu qorxu yenə bilər. Bir yumruq kimi birləşərək, qətiyyətli mövqeyimizi göstərməli və arxasında dayanmalıyıq. Necə ki, bəlkə də, bir vaxtlar fikirlərini bəyənmədiyimiz, tənqid etdiyimiz oğullar qəhrəmanlıq göstərərək bizi məğlubiyyətdən xilas etdi, güc olduğumuzu göstərdi. Yəni hər birimiz bu vətəni vətən edənik, dövlət edənik. Hərəmiz bir formada. İndi də hərəmiz bir formada dövlətimizə və müstəqliyyimizə qarşı təhlükə yaradan hər mövqeyə qarşı vuruşmalıyıq (bir-birimizə qarşı yox), böyükdən-kiçiyə hər kəsdə milli düşüncə, təpər və iradəni formalaşdırmalıyıq. Ən çox da inanmalıyıq, özümüzə, millətimizə, dövlətimizə. Bu inam və gücə heç bir siyasi oyunun qalib gəlməyəcəyinə inanmalıyıq. Rusdan qorxmamağı və bu düşüncəni aşılamağı hər bir əsgərin Vətən müharibəsində göstərdiyi qeyrətə, şücaətə, çəkdiyi zəhmətə, axıtdığı qana görə özümə borc, Şəhidlərimizin ruhuna sayğı bilirəm. Başqa cür düşünməyə və danışmağa haqqım çatmır. Bu mənəvi borc vacib işə və vəzifəyə çevrilməlidir.
Bir daha hər bir Əsgərimin, Şəhidimin ruhu qarşısında baş əyirəm! Bizi daha çox AZƏRBAYCANLI edən hər birinizə minnətdaram! ❤
P.S: Mən çox sevinirəm ki, kiminsə "evdar qadın" dediyi bir xanım narahat olur, dövlətinin təəssübünü çəkir və ortaya mövqeyini qoyur. Sadəcə, mövqeyimizi gücə və sağlam təfəkkürə çevirməliyik, hay-həşirə, vay-şüvənə yox...
Vətən müharibəsi bitməyib və biz vətəndaş olaraq bu müharibədə rol almalıyıq.
 
 
 
Sevinc Fədai
 
 
qadinkimi.com