YAZI / DÜŞÜNCƏ
Bizdən nə istəyirlər? - Aysel Əlizadə Tarix : 21 Sentyabr 2019, 18:35
Yazar : Aysel Əlizadə
Bu günlərdə maraqlı açıqlama oxudum: Qərb kəşfiyyatının hesabatına görə Azərbaycanda 80 mindən çox Rusiyanın xüsusi xidmət orqanlarından maaş alan əməkdaş var. 80 min! 

Onlar birbaşa Rusiya dövlətinin maraqlarına xidmət edən, Moskvadan göstərişlər alaraq hərəkətə keçən, iqtidarın, müxalifətin, medianın, mühacirlərin, ictimai-siyasi təşkilatların, vətəndaş cəmiyyətinin, biznes sektorunun, bələdiyyənin, beynəlxalq qurumların və səfirliklərin... içində yerləşiblər. 

Bu siyahiyə dolayısı ilə əlavə olunanları - təbliğat qurbanlarını, sovet nostaljisinə qapılıb təsirə düşənləri, solçu adıyla rusçuluğu yayanları əlavə edib mənzərəni göz önündə canlandırın. 

Xüsusi xidmət orqanlarının işləmə metodlarından bir neçəsini sayaq:

1. Cəmiyyəti istədikləri tərəfə yönləndirmək üçün həyata keçirdikləri proqramları ifşa edən nüfuzlu şəxs, ziyalı, təşkilat, dövlət aparatı sıradan çıxarılmalıdı;

2. Heç bir məntiqi – elmi izahı olmayan, fayda verməyən, əksinə, kütləni xalq olmağa qoymayan, bəşəri sivilizasiya üçün çoxdan tullantı sayılan fikir artıq-urtuğunu, cəmiyyəti geri aparan, hətta axtalayan adət, həyat tərzi, kor inanc, reaksiya, yaşam və düşüncə formalarını dəyər adı ilə davamlı insanların beyninə yeritmək. Nə rasional, nə mənəvi çəkisi olan bu beyin zir-zibilini daim kolonial ərazi kimi saxladıqları, etnokorporasiya kimi idarə etdikləri ölkələrin əhalisinə soxuşdurub onları manipulyasiya etmək; 

3. Agentlərin vacib işlərindən biri onlara əngəl ola biləcək, insanları ayıldacaq kimlikləri elə öz cəmiyyətinin əli ilə sıradan çıxarmaqdı. 
Daha bir neçə tezis də var: 

4. Təhsili, mədəniyyəti, elmi-tədqiqatları məhv etmək. Alimləri çörəyə möhtac qoymaq. 

5. Kin, nifrət, aqressiya, söyüş, narkomaniya, əxlaqsızlıq... yaymaq. Bu məqamda iki önəmli detalı vurğulayaq: Sosiologiyanın banisi Dürkheym intiharlara əhali arasında itən mehribanlığı, birliyi, güclənən anlayışsızlıq və sevgisizliyi səbəb gətirib. İnsanlar bölüşə bilmirlər, çətin durumlarda anlayış görmürlər, təklik hiss edib özlərini öldürürlər. 

İkinci məsələ, narkomaniyanın, alkoqolizmin yayılmasıdı. Rusiya çariçası || Yekaterina sərxoş xalqı idarə etməyin asan olduğunu deyib.   Bu, qonşu xalqları da işğalda saxlama rıçaqlarından biridi. Özəlliklə fikir adamları, yazıçı və şairlər ən təhlükəli qat sayıldığı üçün onların çevrəsində alkoqol davamlı olaraq təbliğ edilir. Ən təhlükəli daha bir zümrə gənclərdi. Üsyankar və dəlisov gəncliyi zərərsiz etmənin ən asan yolu onları narkotikə bağlamaqdı;

6. Kölələşdirmə. Çağımızda bunu "maddi köləlik" (puldan asılılıq) kimi izah etmək olar; 

7. İnsanları bəşəri deyil, məhəlli dəyərlər ətafında cəmləmək; Bura aid olanları sadalamaqla bitməz. Qanunlara, dövlətə inamsızlıq yaratmaq, "oğru" qanunlarını gücləndirmək, problemlərini həll etmək üçün insanları məhkəmə, hüquq mühafizə orqanları, dövlət orqanları kimi rəsmi yerlərə deyil, ziyarətgahlara, məsçidlərə, görücü, falçı evlərinə yönləndirmək; Falçı və cadugarlarla bağlı Noam Homskinin "idarə metodu"nu xatırlayaq: İnsanları real vəziyyətdən uzaqlaşdırmaq üçün onlara irreal inanc və vasitələr sırınır. 

8.  Həssas bölgələrdə narazılıqları çoxaltmaq. Məsələn, dindar, etnik və s. bölgələrdə. 
İndi bizim qarşımızda bir yol var. Reallıqları doğru dəyərləndirib yola davam etmək, inkişafa çalışmaq. Bunun üçün Qərb dövlətlərinin inkişaf ardıcıllığına baxaq. O cəmiyyətlərdə də vəziyyət ürəkaçan deyildi. Hoydu-hoyduçuluq, izahsız konservativlik, cəhalət, hər şey var idi. Hətta parça-parça olmuş Almaniya var idi. Bunları təsəvvür etməyə gərək yoxdu, elə Azərbaycana baxaq, parça-parçadı və eynilə –17 -ci əsr Almaniyasının sosioloji durumundadı.
 

Bu gün Azərbaycanda iki sosial fenomen var. Hansıdı, bilirsizmi? 

1. Sosiopatiya;  

2. İntihar;
 

Birinci- sosşəbəkə narsistləri, söyüşçülər, trollar və hücumçu şərhçilər zümrəsinin mənsub olduğu xəstəlikdi, sürətlə yayılaraq fenomenə çevrilib. İki tipdilər: Yaradılanlar və təsirə düşənlər. Onların əsas məqsədi -susdurmaqdı. Onlar hücumla, söyüş və aşağılama ilə qorxu  yaratmağa çalışırlar. Qəlibləri dağıdıb yeni düşüncə fazası, yeni insan modeli, yeni quruluş, formasiya, düstur formalaşdırmaq istəyənləri psixoloji basqı ilə dayandırmaq üçün ən effektli qüvvədi. Bütünlükdə mental qınaq süni yaradılışdı. Həmişə idarəçi tərəf üçün əl bulamadan killer rolunu oynayıb. Mental qınaq vasitəsi ilə tarixən fərdlər, azad fikri və seçimi olanlar, palaza bürünməyənlər yerindəcə məhv edilib, mentalitet inkvizisiya rolunu oynayıb. Repressiya dönəmində eyni metodla donosçular yetişdirilirdi. İnsanları inandırırdılar ki, birliyə, hamının istədiyi quruluşun formalaşmasına əngəl olanları ifşa etmək ortaq işin xeyrinədi. İnsanlar hamıya oxşamayanları, bir az fərqli adamları güllə qabağına göndəriblər. Bir məsələni dəqiq bilmək gərəkdi: ölkə öz insanlarının əli ilə çökdürülür.  

Emil Dürkheym (Emile Durkheim) iqtisadi, sosial və ya siyasi mənfi dəyişikliyin olduğu cəmiyyətlərdə intiharların artdığını da yazırdı. Qərb vəziyyətdən necə çıxdı? Müəlliflər, filosoflar, alimlər, fikir adamları hesabına. Onların siyasətçiləri fikir adamlarına istinad edərək dövlət qurdu. Qüdrətli Almaniyanın əsasını məhz aydınları qoydu. 

O 80 min agentin bağlı olduğu orqanlar bunu gözəl bilir. Ona görə elmin, təhsilin, maarifin qarşısı ciddi şəkildə alınır. 
Ölkədə normal, sağlam həyata başlayan kişi və qadınlar yetişdikcə, çoxaldıqca, münasibətlər dürüst qurulduqca, ayrı-ayrı fərdlər artdıqca, insanlar düşünə bildikcə ümumilikdə ölkədəki atmosfer müsbət mənada dəyişəcək.  Zamanla adamlar travmalarını unudacaq, rahat yaşayacaq, aqressiya azalacaq, qadınlı kişili çiyin-çiyinə verib bir-birinin həyatını zəhərləmədən çalışacaq və ölkə inkişaf edəcək. 
Onlar istəmirlər, kimsə bu cəmiyyətin qayğısına qalsın. İstəmirlər, toplum öz aydınlarının yanında olsun və əksinə, aydınlar toplumun yanında olsun. Çünki birlikdə biz çox güclüyük.
Onlar birliyin olmasını istəmirlər. 
Onlar istəmirlər biz seçim edək. 
Çünki biz seçim edə bilsək, onları seçməyəcəyik. 
Onlar istəmirlər biz xurafatdan uzaqlaşaq, çünki xurafat bizi inkişafdan saxlayır. İstəmirlər bir-birimizi sevək. O zaman istədikləri vaxt istədikləri həmvətənimizi təkləyə bilməyəcəklər. Onlar istəyirlər biz bir qadının kimdən doğub doğmamasını müzakirə edək, qızlarımızı təhsildən yayındıraq, bir-birimizin qeybətini edək, kimin kimlə yatdığını danışaq, müğənnilərlə məşğul olaq, ictimai klounlarla başımız qarışsın. 
Əks halda biz daha ciddi mövzularla uğraşacağıq, ərazi bütövlüyümüzü düşünəcəyik, dilimizi, bayrağımızı qoruyacağıq, hüquqi dövlət qurmaq haqda düşünəcəyik, təbii sərvətlərimizin hara getdiyini sorğulayacağıq, iş yerləri açmaq, hər cür peşəyə yiyələnmək, elmlə məşğul olmaq istəyəcəyik. Bu halda bizi necə asanlıqla idarə edəcəklər? Biz onlar üçün daimi problemə çevriləcəyik. Necə ki onlar bizim içimizdə etnik ayrı-seçkiliyi daimi konflikt kimi saxlayıb proeksiya edirlər, eyni ilə biz də bunu edə bilərik. 

Bir də bütün bunların fonunda səhifəsinin reklamı üçün çıxışlardan qalmaqallı çıxarışlar, təhriflər edib yayanlar var. Onların pul üçün ölkəyə vurduqları zərbə, etdikləri xəyanət, eybəcər xislətləri haqda ayrıca yazmağa ehtiyac var. Bilərəkdən cəmiyyətinin dibə enməsində rol almaq üçün çox əxlaqsız olmalısan. 

Araşdırmadan, bilmədən, düşünmədən söyüş yazanları, narsist və sosiopatları qınaya da bilmirəm. Ürəyim yanır, acıyıram, amma qınaya bilmirəm. Çünki söyüş robotu yaradan səbəblər aydındı. Aldığı informasiyanı beyindən keçirmədən "tap" deyə mexaniki təhqir yazan insanların necə yetişdiyini addım-addım izləyirik illərdi. Hardan, nədən qaynaqlanır bu vəziyyət, yaxşı bilirik. Nəticəni qınamaq yanlışdı. Səbəbi müalicə etmədən olmaz.  Azərbaycan bütün bunlara layiq deyil. Sivil insanlara layiqdi Azərbaycan. Sivil müzakirələrə, sivil tənqidə, sivil dünyanın parçası olmağa.
 
 

 
Aysel Əlizadə
Qadinkimi.com