Dünyada dillər əzbəri olan bir çox sevgi məktubları yazılıb. Sevgi məktubları sanki sevgi məfhumunun özü kimi qədimdir. Sevgi məktubları sevginin sanki hansısa mütləq bir qolu kimi inkişaf edib.
Bir çox sərkərdələrin, şairlərin, yazıçıların, bəstəkarların sevdiyi qadınlara yazdıqları məktublar cild-cild kitablarda toplanıb və dünya ədəbiyyatının epistolyar janrının ən gözəl nümunələri sayılır.
Ən məşhurları Napoleon Bonapartın Jozefinaya, Motsartın Konstanzaya, Puşkinin Natalya Qonçarovaya, Frans Kafkanın Milenaya yazdığı məktubları misal çəkmək olar. Bu məktubların çoxu qarşılıqlı yazışma mükalimə əsasında qurulub.
Haqqında yazmaq istədiyim məktub isə təkcə təkünvanlı olması ilə deyil, eləcə də kövrəkliyi və faciəsi seçildiyi üçün diqqətimi cəlb etdi.
1878-ci ildə Almaniyanın Elvangen şəhərində Emma Houk adlı qızcığaz dünyaya gəlir. Həyatının ilk 25 ili heç bir xüsusi hadisə ilə yadda qalmır. Sevdiyi məktəb müəllimi işləyən Maykl Houkla ailə qurur və iki övladı dünyaya gəlir. Lakin 30 yaşında Emmada şizofreniya xəstəliyinin əlamətləri aşkarlanır və Haydelberqdə yerləşən psixi xəstəxanaya yerləşdirilir.
Bir ay ərzində aldığı müalicələr yetərli sayılıb evinə buraxılır. Lakin vəziyyəti yenidən ağırlaşaraq, xəstəxanaya göndərilir və ömrünün sonuna kimi 11 il ərzində çarəsiz xəstə kimi bu xəstəxana divarları arasında yaşayır. 1920-ci ildə elə burda vəfat edir.
Emma ikinci dəfə xəstəxanaya düşərkən tibb bacılarından kağız və qələm xahiş edir. Və Emmanın məktub həyatı başlayır. O, bütün məktublarına "Herzensschatzi komm” (sevgilim, qayıt yaxud gəl) iki kəlmə yazır. Bu kəlmələr ruhi xəstə - sevən qadının sevgi hayqırtısına çevrilir. Kəlmələr bir-birlərinə keçərək, dolanaraq söz ümmanını xatırladır. Sevdiyi ərinə yazdığı məktublarının sayı-hesabı bilinmir. Emma bu məktubları 11 il ərzində dayanmadan yazır.
Lakin ən qəribəsi o heç vaxt bu məktubları göndərməyi xahiş etmir və cavab gözləmir. Sanki taleyi ilə barışmış bu qadın gənc yaşda ruhi xəstəxanada keçirəcəyi ömrünün heyfini yalnız kağızlardan və iki kəlmə sözləri yazmaqla çıxarır.
Bu məktublar öz növbəsində mücərrəd, vizual gözəllik yaratsa da, kəlmələrin necə dərin tənhalığın və çarəsizliyin ağrısı kimi şəkil alır. Bu iki kəlmə sanki gündən-günə özünü ağır psixi xəstəliyin dumanında itirən Emmanın real dünyayla yeganə bağlantısına çevrilir.
Emmanın bu məktubları indi Hans Prizorna adlı həkim-psixatrın "psixi xəstələrin yaratdığı sənət nümunələri” adlı şəxsi kolleksiyasında saxlanılır.
Günel Eminli
qadinkimi.com