Gəncliyinin bir günü idi. Sevgili, sevdalı bir günü... Həm də elə sevdalı ki, Leyliyə, Məcnuna belə tay bilmirdi özünü, daha ucalardaydı başı.. Az qala fələklərə, mələklərə qarışmışdı.Və elə bu səbədən heç nəyi qara-qura, heç kimi əyri-üyrü görmürdü. Yaşadığı yaşantının əvəzsizliyini, duyduğu duyğuların gözəlliyini hər kəsə söyləyirdi. Sanki istəyirdi hamı o möhtəşəmliyə dartınsın, hamı o gözəlliyə bürünsün, hamı elə gözəl sevsin. Bir gün rəfiqəsi ondan bir şey istədi ..İstənməsi belə ayıb olan bir şey...
Sevgilisinin ona yazdığı məktublardan birini. Həm də üstündə ünvan yazılmış zərfi təkidlə istədi ondan. Siz olsaydınız verməzdiniz. Çünki verilməməliydi. Amma o verdi. Başı çox ucalardaydı axı, gözü ayağının altını görmürdü axı, sevgisi fələklərdən, inamı, etibarı mələklərdən gəlmişdi... Yenə məktub gəldi sevgilisindən...
Yenə ayağı yerdən üzüldü, yenə mələklərə qoşulub fələklərdə gəzdi...
Üzündə güllər açdı, gözlərində ildırım çaxdı, yaz yağışından sonrası kimi göy qurşağı boylandı baxışlarından... Səliqəsinə heyran olduğu sevgilisinin bu qara-qura, yazlıb silinmiş, ağrı-acı, nisgil, küskünlük, xeyir-dua dolu məktubunu bir zarafat bildi, güldü, güldü doyunca, sonra ağladı, hönkür-hönkür ağladı.. Niyə ağladığını kəsdirmədən, nələr baş verdiyini anlamadan...
Fələklər basdı bağrına sevgisi fələklərdən, inamı, etibarı mələklərdən gələn bu gözəli. Ovundurmaq istədilər onu, amma artıq gec idi, buluda dönmüşdü qəfildən, gah ağ yağış səpələyirdi, gah qara sel... Qaranlıq qalan sualları dumana dönüb ətəyindən sallaşırdı, qurumağa qoymurdu sulu gözlərini...
Bəni - insan deyənlərə inanmadı, qırılmış qanadlarının heyfini kimdən çıxacağını anlamadı bir kərə... Üsyan elədi bir gün fələklərə."Həmin günü yadına sal!"- deyə bir səda gəldi qulağına... Vəhy kimi gəlmiş bu səda sıxdı bütün buludları, çırpdı bütün dumanları, aydınlatdı bütün zamanları... Gec idi artıq, çox gec...
Fələklərdə keçirdiyi bir gün bəni-insanın bütöv bir ömrüymüş...
Xatirə Rəhimbəyli
qadinkimi.com