Bir gənc qızın sınmış qəlbi... Tarix : 29 Yanvar 2019, 16:30

Dünən bir yas məclisində iştirak etdim. Gənc bir adamın... Təbii, ömrü verən Tanrıdır. Ona görə də cavan ölümünə "vaxtsız" deməkdə nə qədər haqlıyıq, bilmirəm. Amma həm də məhz bu sözlə ifadə etmək istəyirəm: üzünü görmədiyim, adını ölümündən sonra eşitdiyim bu gəncin vəfatı vaxtsızıydı - 29 yaş... Ömrün ən gözəl çağı. Və heç kəsin gözləmədiyi, özünün belə xəbərsiz olduğu Ölüm. Yəqin hamıda belədir, cavan adamların ölümü ağrılıdı, çox sarsılırsan. Fərqi yoxdur, yaxınındi, yoxsa yad, vaxtsız ölüm amansızdır.

 

Bilənlər bilir nə demək istədiyimi. Bilməyənlərə Allah qismət eləməsin! Niyə yazıram bunları? Yaxınları danışırdı ki, uzun müddət imiş bir qızı sevirmiş. Valideynləri razı olmayıb evliliyinə, mane olublar. O da inadla başqa biri ilə evlənməyə razı olmayıb. Dünəndən fikrimdən çıxmır. Neçənci əsrdə yaşayırıq? Hələ də böyüklərimiz şəxsi həyatımıza, şəxsi seçimlərimizə, arzularımıza, duyğularımıza qarışmağı özlərinə vəzifə sayırlar. Sanki robotuq, onlar da "düymə"lərlə idarə etmək istəyirlər. Bu nə mentalitetdir? Bu nə təfəkkürdür? Bəlkə sevdiyi ilə ailə qursaydı, hər şey başqa cür olacaqdı?! Hər kişinin həyatındakı qadın həm də onun qoruyucu mələyidir. Bəlkə onun duaları, onun enerjisi, onun Tanrısı bu oğlanı hər bəladan, hər qəzadan hifz edəcəkdi?! İndi o yoxdu, yerində özü boyda təəssüf, peşmançılıq var, "bəlkə belə etməsəydik, hər şey başqa cür olardı" narahatlığı, çaşqınlığı var. Heç vaxt bitməyəcək acı var, ağrı var, kədər var, iztirab var...

 
 
Bir gənc qızın da sınmış qəlbi var... Bilmirəm. Bəlkə də haqsızam. Bəlkə nə olsaydı belə, yenə də o gün, o saatda, o yerdə hadisə baş verəcəkdi. İşıqlar içində yatsın! Amma bəlkə də yox!.. Bir gəncin bu dünyadan nakam köçməsindən başqa nə bilirik?! Bəlkə Sevgi qalib gələcəkdi? Başımda nə qədər "bəlkələr” var; Cavabını özümün də bilmədiyim, əmin olmadığım, həm də inandığım. İnanclarım. Nə olursa olsun, sayğı mütləqdir sevənlərə. Nəticənin necə olacağından asılı olmayaraq, sevənləri ayırmaq olmaz. Bu düşüncəni dəyişmək lazımdı.
 
Müəllif: Aynur Camal
qadinkimi.com