Beyniniz xarakteriniz haqqında nələr deyir: Ən çox rast gəlinən 5 fərqli beyin növü və xüsusiyyətləri Tarix : 22 Noyabr 2022, 22:22
Yazar : Qadinkimi.com
Heç düşünmüsünüz ki, niyə bəzən hamıdan daha artıq narahat olursunuz? Ola bilsin ki, həssaslığınızın hər hansı xüsusi bir səbəbi olduğunu fikirləşmisiz. Bəs sizə deyilib ki, hər şey beyninizlə əlaqəlidi? Əgər bunu deyən olubsa, heç də haqsız hesab edilməz; çünki hər şey beyində bitir. 

Dünyanın ən nəhəng beyin araşdırmaları mərkəzinin məlumatlarına görə, nə düşündüyünüz, necə hərəkət etdiyiniz, ətrafdakılarla münasibət qurma tərziniz beyin funksiyaları ilə bağlı ola bilər. 

Bəs müxtəlif beyin tipləri bir-birindən nə ilə fərqlənir və hansı beyin tipinə sahib olduğumuzu necə müəyyən edə bilərik?

Beyin tipləri nələrdir?

Qan dövranı və beyin fəaliyyətlərini araşdıran SPECT adlı beyin görüntüləmə cihazı var. Bu cihaz beyinin həm sağlam fəaliyyət göstərən, həm həddindən artıq çalışan, həm də kifayət qədər fəallıq göstərməyən sahələrini araşdırır. Klinik nevrologiya üzrə alim və psixiatr Daniel Amen SPECT cihazı ilə etdiyi 150.000-dən çox beyin müşahidəsi zamanı diqqət əksikliyi, depressiya, hiperaktiv və bipolyar pozuqluq, narahatlıq kimi zehni problemləri həm üzə çıxarıb, həm də müalicə edə biləcəyi sxemlər üzərində çalışıb. 

Amen və komandasının apardığı araşdırmalar kim olduğumuzu, necə davrandığımızı, ətrafımızdakılarla necə münasibət qurduğumuzu müəyyən edən 5 fərqli beyin tipinin olduğunu üzə çıxarıb. 5 fərqli beyin tipinin mövcudluğu narahatlıq, depressiya və ya digər zehni sağlamlıq məsələlərində nəyə görə hamıya uyğun gələn yeganə bir metodun olmamasının da səbəbi kimi qəbul edilir. Çünki ehtiyac duyduqlarınız  beyin tipinə bağlı olaraq dəyişir. 

Daniel Amenə görə ən çox rast gəlinən 5 fərqli beyin tipi ilə tanış olun:

Tip 1: Balanslı beyin
 
 

Balanslı beyin tipində demək olar ki, beyinin bütün hissələrində bərabər və simmetrik qan dövranı müşahidə olunur. 

Şəxsiyyət tipi: Ən çox rast gəlinən tiplərdən biri olan balanslı beyinə sahib insanlar əksər hallarda diqqətli, çevik və balanslaşdırılmış emosional  xarakterə malikdir. Əgər balanslı beyniniz varsa böyük ehtimal lazımi işləri vaxtında bitirən, dəqiq, verdiyi sözləri tutan, həyatın eniş-yoxuşlarında özünü vəziyyətdən çıxara bilən birisiniz. Eyni zamanda çox ciddi risklər almır, qaydalarla yaşamağı sevirsiniz.

Karyera: 1-ci tip beyinə sahib insanlar yaxşı işçi və ya rəhbər olaraq hər hansı bir sahədə uğur qazana bilirlər. 

Öyrənmə tərzi: Diqqətini asan toplaya bilən və planlı biri olduğunuz üçün uğurlu təhsil və iş həyatınız olacaq. 

Münasibətlər: Dramdan uzaq, sakit münasibətlərə üstünlük verirsiniz 

Potensial problemlər: Əgər həddindən artıq faydalı olmayan qidalar və spirtli içki qəbul edib oturaq həyat tərzi seçsəniz, özünüzü ruhi problemlərə daha meyilli hala gətirə bilərsiniz. 

Mütəmadi idman, sağlam qidalanma planı, Omeqa 3 və D vitamini başda olmaqla müxtəlif vitamin əlavələri ilə balanslı beyninizin sağlamlığını qoruya bilərsiniz. 

Tip 2: Spontan (kortəbii) beyin
 


Spontan beyinlər - adətən "prefrontal korteks” adlanan beyinin ön hissəsində daha artıq fəallıq göstərən beyinlərdir. 

Şəxsiyyət tipi: Spontan beyinə sahib olan insanlar yenilikləri təcrübədən keçirməkdən zövq alan, geniş və müxtəlif maraq dairəsinə malik, planlı olmaqdansa anı yaşamağa üstünlük verən insanlardır. Əgər bu beyin tipinə sahibsinizsə, ənənəvi qəliblərə sığmayan düşüncə və ifadə tərzinizin olduğunu, qaydalara riayət etməkdən zövq almadığınızı, yetərincə mütəşəkkil olmadığınızı və həddən artıq risk aldığınızı söyləyə bilərik. 

Karyera: Spontan beyin tipi ticarət, əyləncə, daşınmaz əmlak və siyasət sahəsindəki insanlarda daha sıx rast gəlinir. 

Öyrənmə tərzi: Spontan beyinə məxsus insanlar nə qədər ağıllı olsalar belə, diqqətləri asanlıqla dağıldığı üçün bəzən məqsədlərinə çatmaqda çətinlik çəkirlər.

Münasibətlər: Həyatdan əsas gözləntiləri həyəcan olan bu insanlar münasibətlərində dram yaratmağa meyillidirlər. 
Potensial problemlər: Spontan beyin tipinə sahib olan insanlar risk almağı xoşladıqları üçün əksər hallarda asılılıq təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Eyni zamanda diqqət əksikliyi, hiperaktiv pozuqluq və depressiya kimi problemlərlə qarşılaşa bilirlər. 

Prefrontal korteksdəki fəaliyyətləri gücləndirmək üçün yüksək proteinli bir qidalanma planı tətbiq edə bilərsiniz. Həmçinin  gündəlik qida rasionunuza yaşıl çay, jenşen kimi əlavələr də edərək, kardio əsaslı məşqlərlə daha sağlam bir həyat tərzi sürə bilərsiz. 

Tip 3: İnadcıl beyin
 


Bu insanlar beyinlərinin "Anterior singulat” adlanan və beyinin ön hissəsində yerləşən bölgəsində daha çox aktivlik müşahidə edilənlərdir. 

Şəxsiyyət tipi: İnadcıl beyin tipinə sahib olan insanlar ediləcəklər siyahısındakı işləri bitirməkdən zövq alırlar. Əzmli və "yox” cavabını qəbul etməyən xüsusiyyətləri var. İnadcıl beyniniz varsa gündəlik rutinlərinizi formalaşdıraraq uğurlu ola bilərsiniz. Belə insanlar əksər hallarda planlarda meydana gələn ani dəyişikliklər nəticəsində çətinlik çəkirlər. Həyatı axışına buraxmaq və keçmişin yaralarını unutmaq sizin üçün çox da asan deyil. 

Karyera: İnadcıl beyinə sahib insanlar layihə rəhbəri, üst səviyyə menecer və proqram mühəndisliyi kimi işlərdə uğurlu qazana bilərlər. 
 
Öyrənmə tərzi: Seçimləriniz bol olanda daha rahat öyrəndiyiniz üçün sizə fürsətlər yaradan, fərqli metodlar istifadə edən dərslərə və təlimlərə qatılaraq özünüzü inkişaf etdirə bilərsiniz. 

Münasibətlər: İnadcıl bir xarakterə sahib olduğunuz üçün keçmişdə baş verən bütün mübahisələri xatırlayır və bunları bəzən yenidən gündəmə gətirərək münasibətlərinizdə problemlərə yol aça bilirsiniz. 

Potensial problemlər: Anterior sinqulat bölgəsindəki həddindən artıq hərəkətlilik neqativ düşüncələrə bağlı qalmağınıza və narahatlıq, depressiya, obsessiv-kompulsiv pozuqluq kimi problemlərlə üz-üzə qalmağınıza səbəb ola bilər. 

Həddindən artıq hərəkətli inadcıl beyini sakitləşdirmək üçün serotonin miqdarını artırmağa kömək edəcək humus, qızıl balıq, hinduşka əti, yumurta, qız fındıq və.s kimi bir çox faydalı qidaları pəhrizinizə əlavə edə bilərsiniz. 

Tip 4: Həssas Beyin
 


Həssas beyin – aktivliyin beyinin emosional mərkəzi olan limbik sistemdə daha çox göründüyü beyin tipidir. 

Şəxsiyyət növü: Həssas beyinə sahib olmağınız dostlarınız, ailəniz, heyvanlar və hətta bütün insanlara qarşı yüksək empati hissinə sahib olduğunuz anlamına gəlir. Həssas beyin tipinə maliksinizsə, deməli, musiqi, film və fərqli sənət sahələri maraq dünyanızda xüsusi yerə sahibdir. Zorakılıq və nifrət kimi hisslər sizə xoş gəlmədiyi üçün adətən bu tərz filmlərdən və mühitlərdən uzaq durmağa çalışırsınız. Həssas beyin tipinə sahib olan insanlar asanlıqla yüklənir, yorulur, tez-tez əhval dəyişikliyi yaşayır və qeyri ixtiyari neqativ düşüncəyə qapıla bilirlər. 

Karyera: Terapevtlər arasında daha çox rast gəlinən həssas beyin tipinə sahib olan şəxslər səhiyyə sahəsində, sosial xidmətlərdə və yaradıcılıq tələb edən işlərdə uğur qazana bilirlər. 

Öyrənmə tərzi: Tünlük və səs-küylü məkanlar sizin üçün yorucu olacağından səssiz məkanlarda çalışmaq daha uğurlu olmağınızı təmin edəcək. Eyni zamanda bir məsləhətçinin dəstəyi də məqsədlərinizə çatmağınıza kömək edə bilər. 

Münasibətlər: Başqalarının problemləri ilə yaxından maraqlandığınz üçün ətrafınızdakı insanların ehtiyaclarını asanlıqla anlaya bilirsiniz. Xarici təsirlərə qarşı çox həssas olduğunuz üçün bəzən yenilənmək üçün yalnız qalmağa ehtiyac duya bilərsiniz. 

Potensial problemlər: Çox həssas olmaq sizi depressiya, asılılıq və bipolyar pozuqluq kimi problemlərə daha meyilli hala gətirə bilər. 
Beyninizin emosional mərkəzini tarazlamaq və sakitləşdirmək üçün avokado, badam, qızıl balıq kimi faydalı yağlar, omeqa 3, D vitamini ilə zəngin qidalar qəbul edə bilər və ya rəqs, kollektiv idman növləri və s. kimi fiziki fəaliyyətlərlə məşğul ola bilərsiniz.

Tip 5: Ehtiyatlı beyin
 


Bu tip beyinin bazal qanqliya, insulyar korteks və ya amiqdala kimi narahatlıq mərkəzlərində artan fəallıq ilə özünü büruzə verir. Bu vəziyyət adətən sakitləşmə və rahatlama neyrotransmitteri olaraq tanınan Qamma-aminobutirik turşusunun (GABA - neyronlararası ötürücü maddə) səviyyəsinin az olması ilə əlaqələndirilir. 

Şəxsiyyət növü: Əgər ehtiyatlı beyin tipinə sahibsinizsə, hər an sizi hazırlıqlı olmağa məcbur edən bir narahatlıq içində ola bilərsiniz. Bu beyin tipinə sahib olanlar adətən həyəcanlı və narahat olduqları üçün sakitləşməkdə çətinlik çəkirlər. Ən pisini gözləmək və səhv etmə qorxusu xəyallarının arxası ilə getməyə mane ola bilər. 

Karyera: Etibar etmək hissini sevdiyiniz və analitik bir zehinə sahib olduğunuz üçün mühasibatlıq, tədqiqatçı və ya məlumat mədənçiliyi kimi işlərdə uğur qazana bilərsiniz. 

Öyrənmə tərzi: Hazırlıqlı olmağı sevməyinizə baxmayaraq narahatlığınız layiq olduğunuz uğuru qazanmağınıza mane ola bilər. 

Münasibətlər: Rədd edilmə qorxusu və partnyorunuzdan davamlı olaraq razılıq gözləmək sizi münasibətlərdə qayğı meyillisi kimi göstərə bilər. 

Potensial problemlər: Ehtiyatlı beyinə sahib insanlar narahatlıq və asılılığa meyilli olurlar. 

Beyinin narahatlıq mərkəzlərini sakitləşdirmək üçün kafein, spirtli içki və şirniyyatdan uzaq dura bilərsiniz. Orqanizmdə GABA, maqnezium, B6 səviyyənizi yoxlatdıra və yoqa kimi sakitləşdirici fəaliyyətlərlə məşğul ola bilərsiniz. 
 
 

 
Çevirdi: Xumar Hüseynova
Mənbə: Brain Health Assesment, Mindbodygreen
qadinkimi.com