QADIN / KİŞİ
Beş milyon qadın öldürülüb - Soyqırım Tarix : 08 İyul 2018, 16:08
Yazar : Aysel Əlizadə

Ətrafında bu qədər ağılsız adam var, onlar nəyinə lazımdı?  Bilirsən, axmaqlar düşünmürlər, nə desən inanırlar. Nəyə desən etiraz edirlər. Ağıllı adam isə  özü öyrənir.
Bu dialoq Türkiyə yazarı Səbahəddin Əlinin " İçimizdəki şeytan" əsərindəndi.
Bu fikirləri din və insan müstəvisində çözməyə çalışaq.

Daha dəqiqi, din və qadın.

Katolik kilsəsinin gerçəkləşdirdiyi az qala beşyüz illik tarixi olan

“ Müqəddəs inkvizisiya” dönəmini xatırlayaq. Kilsənin inkvizisiya siyasəti qadınları cadugər, şərə xidmət edən qüvvə kimi ölümə məhkum edirdi. Metyu Hopkins cadugər ovçusuydu. Özünü müqəddəs missioner kimi tanıdıb dostu Con Sternlə birgə “cadıları” tuturdu. Ölüm hökmü ilə “cadugərlər”  gənc, yaşlı, günahsız və yoxsul təbəqədən olan qadınlar idi.  Onlar hər xırda şeyə görə cadugər sayıla bilərdilər. Gecə həyətə çıxıb - güman ki, şeytanla əlbirdi. İnəyin südü kəsilib - demək, cadu edib. Qəribə xalı var - Satana işarəsidi. Yerişi birtəhərdi,  otlardan “müəmmalı” dərmanlar düzəldir və s. Bu kimi suçlamalarla qadınlar kütləvi şəkildə, vəhşicəsinə öldürülürdü (yandırılır, asılır, suda batırılırdı).

Səbəb?  Türk yazarı Əminə Supçin buna əsrlər sonra izah verdi: Cəhalətin qorxduğu şey qadındı. Qadın öyrənərsə,  uşağına  da öyrədər!

Cəhalətin! Tanrının yox...

QADIN...

Qadınlar xalq təbabətini bilir, insanlara şəfa tapmaqda kömək edir, öz şaman ritualları, bilgiləri ilə inam qazanır, mahiyyətcə kilsənin rəqibi sayılırdılar. Onlar əhalinin yarısı idi. Onları şər qüvvə adlandırmaq insanları bir-birinə düşmən etmək idi.  Hamı bir-birindən şübhələnir,  əhali arasında qopma yaranır. Birlik dağılırdı.  
Əsas mətləbə gəlib çatdıq.
Kişinin qadınından uzaqlaşması qadın – kişi vəhdətini pozur. Bir - birinə düşmən kəsilən iki cinsi ayrı - ayrılıqda idarə etmək asanlaşır.
Qadını ilə məsləhətləşən kişi heç vaxt aşırı aqressiv olmaz. Oşo ABŞ- ın Vetnama uduzmasını bu cür izah edir: “ Güclü olmasına baxmayaraq, dünyada seks yasağı qoyulmayan tək ordudu. Buna görə də ABŞ əsgəri doyumsuz, aqressiv deyil. Öldürmək istəmir ”.

Kişi aqressiyasını əngəlləyən qadındı. Kişi- qadın qovuşmasında, əməkdaşlığında bir dünya barışı var.  Gün gələr, üzə çıxar. Kişilər anaların sözünü eşidər - savaş etməz, əsgər getməz, öldürməz.

Gün gələr, dünyanın bütün orduları buraxılar. Hakimiyyətlər  bundan qorxub. Dindarlar kişinin zəif yerinə basırlar: Birdən, qadın xəyanət edər! Kişi də ömrünün sonunacan qulaqlarını şəkləyib yaşayır. Aman, qadın xəyanət edər. Edər, ayrılarsan. Başa düşərsən ki, heç kimi zorla  yar etmək olmaz. Özünə layiq birini taparsan. Bu qədər sadə. Hazır fikirləri insanlara utanmadan Tanrının istəyi kimi sırıyırlar yüzillərdi.
Qadından qorxurlar, bəli.  Oxusa, bilsə, uşaqlarını da ağıllı, azad böyüdər.
O zaman kölələr kim olar? Patriarxal mədəniyyətlərdə qadın da, uşaq da evdəki vahiməli ata obrazının quludu. Bu vahiməli atanın da qorxduğu bir obraz var :  Qorxulu Allah.  Beləliklə, hamı qorxu içinə düşür.  
Bunu mən demirəm, bunu Freyd deyib.
***
Avropa...

 Avropa – Qərb qadını azadlığını qanıyla qazanıb. Əsrlərcə izlənmədə olan  bu qadın yalnız ötən əsrdə özünə gəlib. İnkvizisiyada beş milyonacan  qadın öldürülüb. Bu günlərdə kitabını dilimizə çevirdiyim alman yazıçısı Eckhart Tollenin “ Yeni dünya” əsərində eyni fikirlərə rast gəlincə şok oldum. Ayrı-ayrı areallarda eyni şeylərdən yazmışıq.  Dünyanın aydın kişiləri dönə-dönə qayıdır bu mövzulara. Ekhart qadınları kütləvi şəkildə öldürən “ Müqəddəs İnkvizisiya” haqda yazır:  “
Bu, şübhəsiz, Holokost ilə bir sırada dayanan, bəşər tarixinin ən amansız, qanlı  soyqırımıdı”.   Şekspirdən Şopenhauerəcən, “inkvizisiya havasında” qadını təhqir edən yazarlar, fikir adamları olub. Dinin siyasi təsirinə düşüblər. Qərb qadını  bunlara dözüb. İndi hansısa yazar  qadını “pisləyəndə” adamı gülmək tutur. Şopenhaueri başa düşdük, təsirə düşüb. Zarafat deyil, yaşadığın yerdə yüzillər boyu bir cins iblis  kimi təqdim edilir. Həqiqəti görməyə bilərsən. Necə ki millətlər arasında dava salmaq üçün bir millət o birinə vəhşi kimi təqdim edilir. Bu inamı yaratmaqdan ötrü  hər cür şərait yaradılır. Bəs 21-ci əsrin yazıçısı hansı “atmosfer”ə düşüb qadın haqda ağzına gələni yazır? Bax, bu, həqiqi aydınlıq məsələsidi. Hələlik bu detalı yarımçıq qoyub yazıya davam edirik.  On səkkizinci əsrdən başlayaraq Avropada feminizmin rüşeymləri duyuldu. Məsələn, Britaniyanın Osmanlıdakı səfirinin xanımı türk qadınları haqda yazdı. Bu yazı ilk femin örnəklərdən hesab olunur. On doqquzuncu əsrdə Feminizm hərəkat kimi formalaşdı. İyirminci əsrdə gücləndi. Qadınlar kişilərlə eyni maaşı almağa nail oldular. Sonra ayrı-ayrı ölkələr qadınlara səs hüququ verdi. Yalnız 1993 - də BMT - nin İnsan Haqları Konfransında Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması haqqında bəyannamə qəbul edilib. İnsanlıq tarixində qadının iki təntənəli dövrü olub : Anaxaqanlıq – Üst paleolitdən ( homosapiens – ağıllı insan yaranandan) Tunc dövrünəcən,  bir də 20 - ci əsrdən.  

Şərq...

Bu gün bütün dünya indiki demokratikləşməni, insan haqları mövzusunda istinad yeri olan Qərbi və ona olan ümidlərini Avropa qadınının sonsuz  mübarizəsinə borcludu. 21 - ci əsrdə problem kimi qalan məsələlər də var. “ Səhra çiçəyi” kitabında Varis Dirie  öz həyatını yazıb. Somali və bir sıra ölkədə dini inanca görə (klitor günah orqanı sayıldığı üçün) beş yaş həddində olan qızlar vəhşicəsinə sünnət olunur. Ağlada – ağlada uşağın əl - ayağını tutub şikəst edirlər. Bayılan, qanaxmadan ölən, ömürlük şikəst qalan, infeksiya tutan  saysız şərq qadını var.  Biz isə bu cür ədəbsizliklə, vəhşiliklə mübarizə aparmaq yerinə, qadınla mübarizə aparan dindarlar görürük.  Allaha sevgi yalnız qadınları mühafizə etməklə ifadə oluna bilərmi?  Teodor Adornonun “ yuxu qeydləri” kitabı var. Yuxuların birində yazır: Qatardan düşəndə hər tərəfdə əlində “ panikaya qapılma” yazılı lövhə gördüm.  Özümü itirdim.  Sanki “ panikaya qapıl” deyirdilər. Təbliğat doğru olmayanda əks effekt verir.  Hər yanlış təbliğatın qurbanları olur.  “Qızlarınızı oxudun, məktəbdən çıxarıb ərə verməyin, təhsilli xanım edin, dünyagörüşünün artması üçün çalışın” demək əvəzinə insanları bir-birinə düşmən edirlər. Qadınları aşağılayır, güdür, əxlaq normalarını onların geyim - keçimi, özəl həyatı ilə ölçürlər. Başqa əxlaq normaları yoxmuş kimi. Məsələn, dürüstlük, vicdan, insaf, səxavət, xeyirxahlıq. Başqa insanlıq ölçüsü yoxmuş kimi…Məsələn, qürur, zəhmət, əyilməzlik, şərəf.
Özündən vəzifəcə, imtiyazca yüksək adamın qarşısında həyəcansız dayanmaq, yaltaq olmamaq.   İnsan bu deyilmi? Bunun öhdəsindən gələ bilməyən, özünü təsdiqləməyən adamlar  qadın ətəyini müzakirə edir. Pfff...

Təhsil...

Adamlara : Oxu, öyrən demək gərəkdi.  Savadsız adam Allahı necə anlaya bilər? Dini anlamaq üçün onun kitabını oxumaq gərəkdi. Ağızdan söz qapıb ona uymamaq gərəkdi. Səbahəddin Əli yazdığı kimi : Cahil nəyə desən inanır. Nəyə desən etiraz edir. Allahı anlamaq elə  asanmı?..


Axtarmadan,  oxumadan, düşünmədən anlamaq imkansız.


Tanrı...

Dinin amacı qardaşlıq, barış yaratmaq ola bilər yalnız. Sevgi yaymaq. Silaha yox! - demək.  Qadınlı - kişili bir- birinin əzizinə çevrilmək.
Bu zaman Tanrı baxıb sevinər.  Yaratdığı dünyada xoşbəxt mənzərə görsə.
Bir az kənardan  ətrafı izləyək. Sonra dünyanı düşünək - qalaktikanı – planetləri, göy cismlərini, kometləri, meteorları...
Günəşi düşünək, peykləri. Bütün bu sistemi idarə edən bir gücü düşünək.
Tanrı geyimlə, seksual həyatla uğraşarmı? Onun bir kainat sistemini idarə etmək kimi işi var.
Kimin nə geyinməsi, kimlə sevişməsi onun nəyinə lazımdı?
Axı o, insanı özü çılpaq yaradıb. Geyinmək insanın  seçimidi.
İnsan özü geyinmək istəyib.  Öncə  dəridən, sonra ipəkdən geyim yaradıb.

Tanrı üçün insanla bağlı yalnız bir şey önəmli ola bilər - Ədalət.
Tanrı insan üçün yalnız bir şey istəyə bilər – Xoşbəxtlik.

Gücsüzlərin əzildiyini görəndə üzülər. Ədalətsizlikdən sarsılar.
Əminəm ki,  insanı incitməz.
Tanrı qəzəbli, kinli ola bilməz. Tanrı bağışlayandı.
Bizi bu utandırmalı. Bundan çəkinək - Tanrını məyus etməkdən.

O, bizim Gülüstana çevirdiyimiz dünyaya baxıb sevinməliydi.

Biz nə etdik?

 Tanrının adıyla insan öldürülür.

Min illərdi.

Tanrının adıyla qadın təqib olunur.

Tanrı cəzalandırır, Əlbət. Ədalətsizliyi, haqsızlığı, əclaflığı bir gün mütləq cəzalandırır. Dünyada bunca əclaflıq varkən qadınla uğraşacaq tanrıdımı Tanrı?