Hər dəfə bu iyrənc yarı komplimenti eşidəndə elə bil məni söyürlər. Əvvəla, gözəlliklə kişi ilə ünsiyyətdə olmaq arasında nə kimi əlaqə var? İkincisi, başa düşmürəm, əgər bir kişi ilə münasibətim yoxdursa, bu o deməkdi ki, məndə bir qüsur var? Əfsuslar olsun ki, hər şey daha pisdir. Mən təkəm, çünki "tək olmamaq" kimi bir məqsədim yoxdur... Belə təsəvvür edin... Mənim kişi tapmaq, xüsusilə də"ər tapmaq" və ya "ərə getmək" kimi ehtiyacım yoxdur. Elə alınmasın ki, mən qatı feministəm. Tamamilə əksinə - mən çox sadəlövhəm.
Sadəcə məsələ belədir: Mən sevgiyə və saf münasibətə inanıram və hələlik bu inam məndə yaşayır, daha azla qane ola bilmərəm. Siz mənə "kişilər - poliqamik varlıqlardı" mövzusunda saatlarla mühazirə oxuya bilərsiniz. Siz məni köhnə fikirli, səfeh olduğuma və uşaqsayağı xəyallarla yaşadığıma inandırmağa çalışa bilərsiz. Lakin mən sizin konfet kağızında ciddi cəhdlə sırımağa çalışdığınız cəfəngiyyatdansa, tənhalığı üstün tutaram.
Mən heç vaxt əsil kişiyə deyil, "sadəcə kişiyə sahib olmaq xatirinə” ərə getməyə ehtiyac duyan qadınları başa düşməmişəm ... Və ya "yaş keçir" deyə çarəsiz qalıb, evlənməyə can atanları qəbul edə bilmirəm. Özünüzü ələ salmısız? Axı yaşın evliliklə nə kimi əlaqəsi var?!
Bəlkə bu həyatda mən nələrisə anlamıram, amma fikrimcə bir kişiylə yaxınlığa olan tələbat, intim əlaqə, evlilik və özəlliklə də uşaq dünyaya gətirmək arzusu - normal bir qadının XÜSUSİ, FƏRQLİ biri ilə yaşaya biləcəyi duyğulardır! Yoxsa instinktləri oyandı və ya "vaxtı çatıb" deyə - heç bir qadın kişi dalınca qaçmalı deyil. Sonra da ayılırsan ki, bu xəyal etdiyin deyil. Daha sonra əzab, göz yaşları, burun suyu və boşanma.
Yox, sağ olun, beləsini özünüzə saxlayın. Mənim tam fərqli bir hədəfim var: SEVMƏK VƏ SEVİLMƏK!!!
Mən "belə lazımdır”deyə tapdığım kişinin yanında deyil, mənim üçün dəyərli olan kişinin yanında olmaq istəyirəm. O kişi ki, verə biləcəklərimə deyil, MƏNə ehtiyac duysun. Bizim münasibətlərimiz evliliyə qədər deyil, ölənə kimi yaşamalıdır.
Sədaqətli, layiqli həyat yoldaşı olmaq arzulayıram. Sadəcə uşaq doğmaq deyil, sevdiyim kişiyə övlad bağışlamaq arzusundayam. Gözəl ana olmaq istəyirəm. Öz həyatımı ətrafımdakıların nə deyəcəyinə hesablamaq, ətrafın münasibətinə uyğunlaşıb yaşamaq fikrində deyiləm.
Toplumun fikri önəmli deyil.
Toplum nə istəsə deyə bilər, ona münasibətimiz bizdən asılıdır. Əminəm ki, mənim kimi düşünənlər var. Öz xoşbəxtliyimi tapana qədər hansı yanlışlardan, hansı "od– alov”dan keçməli olacağımı bilmirəm. Ancaq qəti əmin olmasam, özümü aldatmayacam və özümü gərəksiz yerə xərcləməyəcəm.
Sadəcə "Gözəl və tək" olacam...
Müəllif: Anna Dobrovolskaya
Çevirdi: Kamalə Abiyeva
Qadinkimi.com