Bakı sahilində Qərb üslubu - "Mənim dənizim"də bir gün - FOTOLAR
Tarix : 28 İyun 2019, 23:02
Turizm istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı, həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə insan firavanlığının artması, kommunikasiya vasitələrinin inkişaf etməsi ilə paralel olaraq, turizmin əhatə dairəsi də genişlənir. Bu gün elə ölkələr var ki, büdcəsinin təxminin 90 faizindən çoxu turizm sayəsində formalaşır. Elə qonşuluğumuzda olan Gürcüstan və qardaş Türkiyə də turizmin inkişafına xüsusi önəm verir. Son illər ölkəmizdə də turizmin inkişafı ilə bağlı xeyli iş görülüb. Artıq bir çox dövlətlərin sakinləri Azərbaycanı ilin bütün fəsillərində səyahət edilə biləcək ölkə kimi tanıyırlar. Xüsusilə də, yayda. İqlimimiz, eləcə də ölkəmizin Xəzər dənizinin sahilinə yerləşməsi bu mənada Azərbaycana müqayisəyə gəlməyən üstünlük verir. Sözsüz ki, Azərbaycanın inkişaf etmiş ölkələrin turizm sahəsində əldə etdiyi təcrübəni müqayisəli şəkildə öyrənməyə ehtiyac var. Təəssüf ki, xidmət sahəsində vəziyyət o qədər də ürəkaçan deyil. Amma sevindiricidir ki, son dövrlərdə beynəlxalq standartlara uyğunlaşmağa çalışan istirahət mərkəzləri yaranır.
Bunlardan biri də "My Beach- Novxanı” istirahət mərkəzidir. "My Beach” Bakının ən populyar çimərlik zonalarından sayılan Novxanıda yerləşir. İstirahət mərkəzinə girişdə gülərüz personal qonaqları qarşılayaraq, onları ərazidə yerləşən hotel, restoran, hovuz və s. ötürür. Qeyd edək ki, bir çox digər mərkəzlərdə insanlar hələ də qanunsuz olaraq dəniz sahilinə buraxılmasa da, "My Beach”də qumlu dəniz sahilinə giriş pulsuzdur. Müəssisənin rəhbərliyi "Dəniz xalqındır, biz sadəcə xidmət göstəririk” deyə, arzu edən hər bir şəxsi heç bir ödəniş olmadan, xüsusi qulluq göstərilən, vaxtlı-vaxtında təmizlənən sahilə buraxır. Dəniz sahilinə gedənlər arzu etdikləri təqdirdə, müəyyən məbləğ müqabilində siz müəssisənin xidmətlərindən istifadə edərək, uzanmaq üçün kürsülərdən, stol-stul, çətir və s. götürə bilərlər.
Əgər "My Beach”in nəzdində fəaliyyət göstərən "Aquaparka” girmək istəyirsinizsə, həftə içi giriş sizə 20 manata başa gələcək. Həftəsonu isə bu qiymət 25 manata qalxır. 6-12 yaş uşaqlar üçün "Aquapark”a giriş qiyməti standart olaraq 15 manatdır. 6 yaşadək uşaqlara isə giriş pulsuzdur. Bu qiymətə ümumi hovuz, uşaqlar üçün olan hovuz, köşk, stol-stul, attraksionlar (uşaqlar və böyüklər üçün), dənizkənarı çətirlər, dalğa hovuzu və istirahət kürsülərindən (lejanka) istifadə daxildir. Müəssisədə hovuzlarda təhlükəsizlik qaydalarına xüsusilə diqqət edilir. Belə ki, hovuzlara 4 nəfər xilasedici nəzarət edir. Bununla yanaşı, müəssisənin mühafizə xidməti də var. Yəni siz bura daxil olduqdan sonra təhlükəsizliyiniz əmin əllərdə olur. Məhz ziyarətçilərin təhlükəsizliyinin qorunması məqsədilə, giriş zamanı kənar əşyaların keçirilməsinin qarşısının alınması üçün çantalar diqqətlə yoxlanılır. İstirahət mərkəzində diqqət çəkən məqamlardan biri də xidmət personalının müştərilərlə davranışıdır. Bu barədə gələn yazıda oxuya biləcəksiniz...