BİLİM / DİN
Azərbaycanda hicabını açan qadının hekayəsi Tarix : 03 Fevral 2019, 19:30
Yazar : Qadinkimi.com
Vəfa Zeynalovadan insan hekayələri

 
 
Gülnarəyə hicablı keçmişini dolabın siyirməsindəki rəngarəng baş örtükləri, şkafdakı uzun ətəkli, qolları bağlı paltarlar, ibadət üçün kiçik xalça xatırladır. Özü isə uzun, buruq saçlarını artıq örtük altında gizlətmir.

Ailəsi müsəlman olsa da, özü oruc tutsa da dinin dərinliklərinə o qədər də getmir.

"On üç yaşımdan oruc tutmağa, on altı yaşımdan namaz qılmağa başladım. Ailəm namaz qılmırdı, amma anam içki içmir, donuz əti yemirdi. O zamanlar dinlə çox maraqlanırdım, Quranı oxumaq başlamışdım, məscidə gedirdim.

O vaxt Türkiyədən gəlmiş din xadimləri məsciddə Quranı oxumağı öyrədirdi, bununla bərabər dini-maarifləndirici söhbətlər də aparırdılar. Bu söhbətlərə mən də qatılırdım. Ora gələn xanımlar hicablı idi, mən də məscidə gələndə hicab geyinirdim. Özüm hicab geyinmək qərarına iyirmi bir yaşımda gəldim.

Düşünürdüm ki, hicab geyinsəm, həyatım düzələcək, namaz qılmaq, hicab geyinmək - bunlar düzgündür və əvvəl-axır hamı bu qərara gələcək.

Düşünürdüm ki, adamların mənə münasibəti dəyişəcək, daha yaxşı olacaq. Amma elə bir zaman gəldi ki, mən anladım: həyatımdakı ciddi qərarı qəbul etdiyimə baxmayaraq, heç nə dəyişmədi. Hətta həyatım çətinləşdi".

Gülnarənin sözlərinə görə, özünü müsəlman adlandıran şəxslər belə, hicablı xanımlara mənfi münasibətlə yanaşırlar.

"İşimdə müdirim mənimlə yersiz zarafat edirdi, digər müsəlmanların davranış səbəblərini məndən soruşurdu. Məsələn, İŞİD-çilər necə döyüşür və buna oxşar suallar…"

Gülnarə bəzi iş yerlərindən məhz hicaba görə imtina aldığını iddia edir.

"Mənə deyirdilər ki, şirkətin siyasəti hicablı xanımı işə götürməyə imkan vermir... Elə alınırdı ki, cəmiyyət özünün müsəlman olduğunu yalnız nümayiş etdirir, amma əslində islamın dəyərlərinə riayət etmir və cəmiyyətdən fərqlənən insanları qəbul etmir. Bunu qəbul etmək çox çətin idi, hicabı geyinəndə belə olacağını düşünmürdüm".

İxtisasca psixoloq olan Gülnarə jurnalist kimi çalışır.

"Olurdu ki, video çəkiliş edirdim, müsahibələr alırdım. Müsahibələrin heç biri dinlə bağlı deyildi. Amma redaktorum mənə deyirdi ki, bəziləri "efirə hicablı xanımı buraxmaqla siz dini təbliğ edirsiniz" və sair bunun kimi şərhləri paylaşır".

Gülnarə evlidir.

"Yoldaşım mənə evlilik təklifi edəndə dedim ki, o da İslamı qəbul etsin. Razılaşdı və dinə bitərəf olsa da, indi də həyatımızda mənə dəstəkdir".

Onun dediklərinə görə, çevrəsində namaz qılan müsəlman azdır.

"Dostluğumda yalnız bir oğlan namaz qılıb oruc tuturdu. Orucluq vaxtı birlikdə gedib azanı gözləyirdik, iftar açardıq İçərişəhərdəki kafelərin birində. İftar süfrəsi çox rəngarəng, bayramsayağı idi, onlarla insan iftar üçün kafeyə gəlirdi. Bu, bizim hamımızı birləşdirirdi".

Müsahibimiz deyir ki, insanlar nədənsə onu mühafizəkar və dözümsüz qəbul edirdi. Bu, Gülnarənin xətrinə çox dəyirdi. Nəhayət, o, hicabı çıxarmaq fikirinə gəldi.

"Bu fikir mənim üçün çox çətin idi. Düşünürdüm ki, buna görə Allah cəzamı verəcək. Amma psixoloqla söhbətlərdən sonra özümü topladım".

Ətrafdakılar, Gülnarənin sözlərinə görə, onun qərarını normal qəbul ediblər.

"Amma elələri də var idi ki, məni "azadlığa çıxışım münasibətilə" təbrik edirdi, sanki mən bütün illərimi zindanda keçirirmişəm".

İslam indi də Gülnarənin həyatında böyük rol oynayır. Amma gənc qadın hesab edir ki, bu cəmiyyətdə əsl müsəlman olmaq o qədər də asan iş deyil. Seçim azadlığı olmadığına görə, hicablı xanımlara işə düzəlmək, karyera qurmaq çətindir, o belə hesab edir.

Sorğulara əsasən, cəmiyyətdə mövqelər fərqlidir. Bəziləri hesab edir ki, hicablı qadınlar, daha hörmətlə qarşılanırlar. Onlardan biri də Gülnazdır.

"İş yerlərim əsasən uşaq bağçası, kurs, ofis olub", 24 yaşlı Gülnaz danışır. "Üstəlik, İslam oyunlarında və Formula-1-də könüllü olmuşam. Müdirdən, müəssisədən çox şey asılıdır".
 


"Hicablı olduğuma görə məni işə götürmürdülər"

34 yaşlı Validə isə deyir: "İllər əvvəl işə çox ehtiyacım var idi. Pərdə satışı magazasına getdim, iş üçün. Hicabli olduğuma görə məni işə götürmədilər. Mudir gördü, hesabı yaxşı bilirəm, dedi, hicabını aç, səni işə götürüm. Hal-hazırda özəl şirkətdə işləyirəm. Hicabımla heç bir problem yoxdur".

Sahibkarların fikirlərini öyrənmək istədik.

Təhsil sahəsində iş adamı 46 yaşlı Əbülfəz (ad şərtidir) "Hicablı xanımı işə qəbul edərdinizmi?" sualına belə cavab verir: "Bəli, götürərdim. Amma hicablı-hicabsız qadın arasında seçimim olsaydı, hicabsızı seçərdim. Şəxsən mənim üçün hicab geriliyin və cəhalətin əlamətidir, mənim "smart" biznesimdə isə bu arzu edilməzdir.

Amma belə, böyük fərq görmürəm, hicab bizim mənəviyyatını itirmiş cəmiyyətimizdə çox vaxt mənəvi "oriyentir" kimi qəbul edilir və bu baxımdan həqiqətən də hicab geyinən xanımlar işə götürülən zaman daha istənilən ola bilər".

"İşəgötürmə zamanı bəlkə hicab məsələsi axırda gəlir"

Sosioloq Humay Axundzadə məsələni belə şərh edir.

"Mən bir neçə məqama toxunmaq istəyirəm. Birinci məqam dini geyimin özü ilə əlaqədardır. Hal-hazırda dünyanın bir çox ölkələrində dini geyim birmənalı qarşılanmır: dünyagörünüşündən asılı olaraq, müxtəlif insanlar dini geyimə müxtəlif mənalar verirlər.

Bəziləri hicabı qadına olan basqının əlaməti kimi qəbul edir, bəziləri isə qadının öz dini kimliyinin təsdiqi kimi. Və bu, təbiidir, çünki bütün insanlar eyni cür düşünə bilməz və dini geyimə eyni münasibət bəsləyə bilməz.

Lakin işəgötürmə zamanı hicablı qadınların qarşılaşdığı problemlərdən danışırıqsa, mən ilk növbədə hicab deyil, işəgötürmə prosesindəki problemlərə diqqət yetirərdim.

Əmək bazarını tənzimləyən yazılmamış qanunlar var. Qanunvericilikdə nə yazılsa da, real təcrübədə işə götürənlər öz təsəvvür və stereotiplərindən çıxış edərək, qərarlar qəbul edirlər. Çoxlarına məlumdur ki, işə götürəndə tanışlığa, bəzi yerlərdə qeyri-rəsmi pul ödəmələrinə önəm verilir, kimi də tanımadığı adamları işə götürməməyə çalışır.

Belə hallarda yalnız hicablı qadınların deyil, çox insanların əmək hüququ pozula bilər. Lakin bu məsələlər çox çətinliklə sübut olunur, yəni real səbəblə bəhanəni ayırmaq o qədər də asan deyil.

Sahibkarlıq fəaliyyətindən söhbət gedirsə, sahibkar öz müəssisəsində qəbul etdiyi qaydalara daha sərbəst riayət edə və onları dəyişə bilir.

Bu halda, həqiqətən, elə iş yerləri ola bilər ki, sahibkarın fikrincə ora dini həyat tərzi sürən insan yaramaz. Ya da əksinə, tutaq ki, dini geyim və əşyalar satılan dükanda biz, çətin ki, hündür dabanlı ayaqqabı və qısa ətək geyinmiş satıcı taparıq. Lakin bu məsələdə sərhədi dəqiq müəyyənləşdirmək asan deyil".

Ümumiyyətlə, sosioloqa görə, dini geyim özünü cəmiyyətə təqdimetmənin elə bir növüdür ki, onu çox az adam neytral qəbul edər. Öz dini əqidəsindən asılı olaraq, hansısa işəgötürən hicablı qadınlara xüsusi simpatiya ilə, digəri isə ədavətlə yanaşa bilər.

Sorğular göstərir ki...

Qafqaz Tədqiqat Resursları Mərkəzinin 2010-cu ildə apardığı sorğu maraqlı mənzərə yaradır.

2000 nəfər arasında keçirilən sorğuda respondentlərin cəmi 28 faizi dinin onların həyatında çox vacib olduğunu bildirib.

Rəyi soruşulanlardan 77 faizi dinin çox və ya kifayət qədər vacib olduğunu desə də, yalnız 2 faizi gündəlik namazlarda, 3 faizi isə həftəlik mərasimlərdə iştirak etdiyini söyləyib.

Respondentlərin 20 faizi dini mərasimlərə hərdən qatıldığını, yarıdan çoxu isə heç vaxt qatılmadığını deyib.

"Gallup" beynəlxalq sorğu mərkəzinin 2012-ci ildə keçirdiyi sorğu isə Azərbaycanın ən sekulyar ölkələr siyahısında olduğunu göstərib.

O zaman sorğuda iştirak edənlərin cəmi 21 faizi "Din həyatınızda ibtidai rol oynayırmı?" sualına müsbət cavab verib.

2015-ci ildəki sorğulara görə Azərbaycan 20 ən sekulyar ölkə arasında 13-cü yeri tutub.


Mənbə: bbc.com