SƏNƏT
Azərbaycanda ən iri əsərin təqdimatı oldu: "ATA" Tarix : 20 Fevral 2019, 10:20
Fevralın 19-u saat 14:00-da Azərbaycan Yazıçılar Birliyində "Şöhrət” ordenli xalq şairi mərhum Söhrab Tahir Azər - Azərin "Ata” poema-eposunun təqdimat-müzakirə tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca açdı. Daha sonra AYB katibi, xaıq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, DAMM İB-nin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İH-nin sədri Rasim Məmmədov, "Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, görkəmli tarzən, Azərbaycanın xalq artisti Ramiz Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz, Söhrab Tahirin qızı, AYB-nin üzvü, yazıçı-publisist Nəsibə Tahir Anadil, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, AYB-nin üzvü, şair Oqtay Rza Söhrab Tahir Azər-Azərin "Ata” poema-eposunun yaranma tarixindən, əsərin Azərbaycan ədəbiyyatındakı rolundan, şairin ədəbi, ictimai-siyasi fəaliyyətindən danışdı. Qeyd edildi ki,  "Ata” poema eposu Azərbaycanın tarixi-multikultural dəyərlərinin poetik ensiklopediyasına daxil edilib. Şairin mənəvi oğlu Rasim Məmmədov Söhrab Tahirin oğlu Tahir Tahirinin tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkür məktubunu oxudu. 
Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən "Ata” ən qədim şeir forması–qoşma şəklində yazılaraq, ümumilikdə 2048 səhifə təşkil edir. Eposda 6 giriş, 13 bölmə, bölmələr ümumilikdə 46 qapı, qapılar 296 söylənci özündə cəmləşdirir. 
Poema-eposda on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayıb yaradan, dəyişib varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixi təsvir edilib.
 
"Ata” xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənmir. Əsər Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb və bir sıra Avropa ölkələri alimlərinin tarixi sənədləri və tarixi fikirlərinə əsaslanır. 
Tədbir iştirakçıları əsərin ədəbiyyatşünaslar, türkoloqlar tərəfindən dərindən öyrənilərək tədqiq olunmasının zəruriliyini vurğuladılar.
Kəmalə Səlim
qadinkimi.com