Dəqiq yadımda deyil,
2005, ya 2006-cı il idi.
İndiki Qış parkının yerində, "Sovetski" deyilən ərazidə, Basin küçəsi tərəfdə bir evdə kirayə qalırdım.
Ümumi həyət idi. Hamı bir qapıdan girirdi, yuxarı-aşağı mərtəbələrdə bir neçə qonşu yaşayırdı. Evə köçdüyüm heç 1 ay deyildi.
28 may metrosu tərəfdə qoca makler dayı həmin evi mənə düz-qoş etmişdi.
Ev sahibi 30-35 yaşında qadın idi. Hansısa məktəbdə ya müəllimə, ya laborant işləyirdi, təhsil adamı idi. Balaca qızı da vardı.
3 otaqlı evinin çöldən ayrı qapısı olan bir otağını mənə kirayə vermişdi.
Çox mehriban, mədəni, intellektual qadın idi, danışığından hiss olunurdu.
Neftçilər tərəfdəki şadlıq evlərinin birində ofisiant işləyirdim. Səhər 9-10-da işə gedir, gecə toy bitdikdən sonra masalardakı yemək-içməyi yığışdırıb, mənə tapşırılan masanı təmiz təhvil verib təxminən saat 2-də evə gəlib çatırdım. Yorğun-yorğun qapını açıb, əl-ayağımı yuyub leş kimi yatırdım.
Yağışlı-küləkli qış ayı idi.
Yenə gecə işdən evə dönürdüm. Gecə o saatda mərkəz tərəfə tək bir marşrut işləyirdi, o da Səməd Vurğun parkının yanına qədər.
Ordan indiki Qış parkına qədər piyada gedirdim. Həmin gecə yağışla bərabər necə külək əsirdisə, suyun içində tələsik evə qaçırdım.
Həyətin köhnə taxta qapısı vardı. Gecə həyətə yad adam girməsin deyə sakinlər qapını arxadan bağlayırdılar. Qapıda balaca əl girən ara vardı. Qapı bağlı olanda o aradan əlini salıb arxa cəftəni zülümlə açmaq olurdu.
Ev sahibi qadın mənə dəfən-dəfən tapşırmışdı ki, gecə işdən gələndə utanma, mütləq mənə zəng vur, düşüb qapını açım.
Mən həm zəng vurmağa utanırdım, həm də o saatda bilirdim ki, qadın yatıb. Oyatmaq düzgün olmazdı deyə hər dəfə 5-10 dəqiqə əlimi o aradan zülmlə salıb arxadakı cəftəni birtəhər açırdım.
Bu dəfə çöl qapısı açıq idi. Sevincək, tələsik həyətə girdim.
İkinci mərtəbədə qalırdım, uzun eyvan həyətə baxırdı. Pilləkənlə qalxdıqda otağımın qapısından 3-4 metr kənarda balkonun açıq yerində, yorğan-döşəyimi, pal- paltarımı, əşyalarımı yağışın altında gördüm.
Təəccüblə otağıma qaçdım, qapını açarla açan anda, ev sahibi qadın yan qapıdan öz otağından başını çıxartdı.
Qapının üstündəki işıq düz qadının üzünə düşürdü.
Onun sifəti qan içində, üz-gözü qaralmış, saçı dağınıq, əlləri, barmaqları sarıqlı idi.
Ağlaya-ağlaya bir cümlə bunu deyib qapını örtdü:
"Qurban olum, ver-veşini götürüb tez burdan uzaqlaş, ərim gəlib səni öldürər, yazıqsan, buralarda fırlanır" .
Mən o vaxta qədər bilmirdim, bu qadın evlidir, ya boşanıb, əri var, ya yox. Nəyimə lazımdı?
Tələsik, təlaşla suyun altında olan yorğan-döşəyimi həyətdə yağış düşməyən küncə daşıdım.
Gəncəm, Bakıda yeniyəm, çox yer tanımıram, qorxuram kimsə gəlib mənə nəsə edər, həm də gecənin o saatında hara gedim bu əşyalarla?
Həyətin 1-ci mərtəbəsində balaca-balaca otaqlarda başqa kirənişinlər qalırdı.
Onlardan bir-ikisi ilə işə gedəndə salam-sağolum olmuşdu.
Rayon uşaqları idilər, hardasa fəhlə işləyirdilər.
Mən yorğan döşəyimi pilləkəndən aşağı daşıyanda onlardan biri həyətdə siqaret çəkirdi.
Başıma gələnləri ona danışdım. Dedim ki, bir gecəlik otağınızda yer verin yatım, səhər başımın çarəsinə baxaram.
Darısqal otaqda 4 nəfər qalırdılar. İçəridə corab, kif və nəm iyindən beyin çatlayırdı. Əşyalarımı otağın yağış düşməyən qapısı ağzına yığıb, uzanıb yerdə, tozlu palazın üstündə yatdım.
Səhər durub qorxa-qorxa qadının qapısını döydüm. Gecə çox pis halda idi deyə nigaran qalmışdım.
Qapını balaca uşaq açdı.
-Mama, bizdə qalan əmidir, - deyib, içəri qaçdı.
Qadın başına gələnləri danışdı. Ərindən yeni boşanıbmış. Əri uşağa görə aliment ödəmirdi. Qadın da az maaşla dolana bilməyib deyə evinin bir otağını kirayə vermək qərarına gəlib.
Həyətdəki tanışlarından kimsə ərinə xəbər verib ki, arvadın səndən boşanandan sonra evə oğlan salıb.
Əri də içib gəlib, qadını möhkəm döyüb və mənim əşyalarımı bayıra ataraq deyib ki, qayıdıb gələcəm, burda yenidən kimisə görsəm, səni öldürəcəm.
Üstündən 15 il keçib.
Həmin ərazidə evlər sökülüb, yerinə park tikilib, küçələr tamam dəyişib, marşrutlar, maşınlar dəyişib, telefonlar, geyimlər modernləşib, sürətlə texnoloji inkişaf gedir, bir sözlə, bütün gördüklərimiz dəyişib.
Tək dəyişməyən bizik...
Azərbaycan kişisinin beyni, düşüncəsi, xarakteri dəyişmədi.
DƏYİŞMİR.
Dəyişmək bir yana, son günlər xəbərlərdə oxuduğum qadınlara qarşı zorakılıqlar, qətllər, cinayətlər vəziyyətin əksinə pisləşdiyindən xəbər verir.
Yazdı: Şəhriyar Məhərrəmov
qadinkimi.com