YAZI / DÜŞÜNCƏ
Azadlıq cahilliyə, əsarətə qalib olmaqdır Tarix : 18 Oktyabr 2022, 13:20

İnsan azadlığı demokratik cəmiyyətin əsasını təşkil etməlidir. Əsrlər boyu insan "azadlıq” deyərək mübarizə aparıb. İndi də aparır. Ona elə gəlir ki, azad deyil, ya azadlığı azdı. Amma nədi azadlıq? Ruhən azad insan harda yetişir, harda böyüyür? Harda və necə yaşayır?

Normal halda uşaq ailədə dünyaya gəlir. Sonra məktəb, universitet, iş və s. İnsanlarla münasibətdə, ünsiyyətdə olur, yəni cəmiyyətin bir üzvü olur. Bütün dünya uşaqların hüquqlarını, azadlığını qorumaqla məşğuldur. Azad böyütməyə çalışdığımız, hüquqlarını birinci yerə qoyduğumuz bu uşaq tutaq ki, azadlıq hissiylə böyüyür. Hətta psixoloqların qənaətinə görə uşağa "olmaz” demək olmaz. Bəs sonra? Sonra necə olacaq? Bu azadlığı görəcəkmi? Sevdiyi işi seçdi, oxudu və s. İşdə işin öz qanunları var, tələbləri var. Mən saat 10 – da yuxudan durmaq istəyirəm, işim 9 – da başlayırsa, necə olacaq? Şəxsi duyğular-kiməsə vurulmaq, kimləsə yola getməmək, ailə bunlar necə olacaq? Hanı o azad insan? Azadlıq nisbidir yəni. Sən kimisə dəlicəsinə sevə bilərsən-azadsan, amma o səni sevməyə bilər, başqasını seçər və sən əzab çəkərsən.


 

Pedaqoqam. Həmişə ön plana çəkdiyimiz uşaqların sərbəstliyini, fikirlərində azadlıq hissini ilk illərdən qorumağa çalışmışam. Bunun üçün xüsusi kitablar oxumamışam, sadəcə təbiətim-insanlara münasibətim belə olub. Şagirdlərimə azadlıq vermişəm. Bakının çətin sayılan ərazisində-"sovetski”-də yerləşən məktəbdə çalışmışam. Şagirdlərlə münasibətimi tənqid edən nisbətən yaşlı, təcrübəli müəllimlər də olub. Müəllimlər otağında "uşaqları başımıza çıxardır, işləyə bilmir” deyənlər də olub. Dəyişməmişəm.

Təcrübəm artdıqca azadlıq haqqında düşüncəm, bəlkə də onu qavramam dəyişib.


Amma yenə azadlığın da başqa duyğular kimi nisbi olduğunu düşünürəm. Bir az sadə desəm, məsələn dəniz kənarında kimsə olmadıqda sən qaça, yıxıla, qışqıra bilərsən. Amma iş yerində, ya mağazada bunu edə bilməzsən. Mağazada sənin azadlığın pozulurmu? Əslində pozulur. Orda da qışqırmaq, yerə yıxılmaq olar. Amma etmirik. Olmaz. Kiminsə yas məclisində qəhqəhə çəkə bilməzsən "azadam” deyə. Bu azadlıq yox, tərbiyəsizlik olur.

Azadlıq harda gəldi nə istədiyini etmək deyil, harda nə istədiyini bilməkdi.


İnsan istər-istəməz müəyyən qaydalara tabe olmalı, müəyyən çərçivəsi olmalıdır. Azad insan bu çərçivəni özü müəyyən etməlidir. Amma bu mümkünsüzdü. Azadlıq insanın ruhuna hopmalıdır, ağlına işləməlidir. Elə işləməlidir ki, o istədiyini etməsin, nə istədiyini müəyyən edə bilsin. Dərk etsin. Azadlıq dərkdir.

 

Demokratiyada insan şəxsiyyətinə hörmət, onun dəyəri birinci yerdədir. İlk növbədə hər kəs şəxsiyyət kimi özünü anlamalı, özünə və başqalarına hörmət etməyi bacarmalıdır. Belə insan yaşadığı cəmiyyətin, vətəndaşı olduğu dövlətin qanunlarını anlayacaq, onlara hörmət edəcək.

 

Azadlıq qanun deyil, azadlıq dövlət deyil idarə eləyəsən. O səni idarə edər. Nə qədər azadsansa, o qədər idarə olunursan. Cəmiyyətin də o qədər olur. Cəmiyyət səni yaratmır. Sən cəmiyyəti yaradırsan. O cəmiyyəti idarə edən DÖVLƏTi də. Özündən üstünü yarada bilməzsən!

Azadlıq nə pul-para, nə də sərvət deyil toplaya biləsən. Hər kəsin azadlığı qədərdi MƏNi. Özünü anla! Özün anla azadlıq nədir. Azadlıq anlamaqdır. 

Anlamaq Qələbədir. Cahilliyə, əsarətə qalib olmaqdır. Qalibsənsə Müstəqilsən!

 

 272 №-li tam orta məktəb

 


Müstəqilliyimiz əbədi olsun!

 

 

 

Kamalə Abiyeva