Azad Zəngilanda ilk addım Tarix : 05 İyul 2024, 20:47

Azad Zəngilan torpağında QHT-lərin Forumu Yaşıl dünya naminə əməkdaşlığın ilk addımı idi...

Forumdan – qədim yurd yerimiz Zəngilandan təlatümə gəlmiş ruhla qayıtdıq. Bir neçə gün keçdi, ancaq yenə də toparlanıb yazmaq istədiklərimi qələmə ala bilmirdim ki, bilmirdim... Yolboyu erməni vandallarının xarabalığa çevirdiyi, daşı daş üstündə qoymadığı yurd yerlərimizin ağrısını yaşayır, eyni zamanda aparılan geniş miqyaslı bərpa və misilsiz quruculuq işlərinin şahidi olduğumdan ürəyim fərəh və qürurla dolub-daşırdı. Ancaq internetdən bu qədim Oğuz yurdu ilə bağlı yazılanları oxumaq istədiyimdə Xalq şairi Zəlimxan Yaqubun sevgi, ürək yanğısı və həsrətlə yazdığı Zəngəzur, Qarabağ ünvanlı bayatıları içərisindən çinarlı Zəngilanla bağlı iki örnəyi gözüm aldı.

Zəngilanda qar sızlar,

Qara düşər, yar sızlar.

Baharlı əldən gedib,

Neyləsin baharsızlar?

– deyə şair özünə sual ünvanlayır…

Bilmirəm o bayatının qələmə alındığı vaxtdan neçə il keçib, amma şübhə yoxdur ki, dədə-baba torpaqlarımızın erməni vandalları tərəfindən işğal edilməsin­dən doğan dözülməz ürək ağrısının, üzüntünün diqtəsi ilə qələmə alınıb… İçimdən bir sual boy verdi: Əgər Zəlimxan Yaqub yaşasaydı və Baharlıların, Zəngilanlıların, eləcə də bu gün hər biri Qarabağlı olan və bütün Azərbaycanı təmsil edən QHT-çilərin dörd il öncə çinar boylu oğulların erməni tapdağından azad etdiyi çinarlı Zəngilana gəldiklərini və "Yaşıl Dünya naminə həmrəylik ili” çərçi­və­sin­də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Foru­mu­nun birgə təşkilatçılığı ilə Zəngilanın mərkəzindəki müasir memarlıq kompleksi - əzəmətli Konqres mərkəzində möhtə­şəm bir forumun keçirildiyini bilsəydi, nələr yazardı görəsən? Heç şübhəsiz, sinədəftər şair şanlı Ordumuzun qeyri-adi döyüş taktikası, Ali Baş Komandanla, dövlətimizlə xalqımızın birliyi sonucunda qazanılan unikal zəfərimizə bir dastan bağlayar, bir-birindən gözəl poemalar yazardı...

İlgincdir ki, Prezident İlham Əliyev məhz 2024-cü ilin 25 iyun tarixində - QHT-lərin Forumunun sonuncu günündə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə doğma yurd, bayraq sevdalısı Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayır və həmən Milli Məclisin üzvü Elşən Musayevin də Vətən müharibəsi qəhrəmanı haqqında duyğulu yazısı dərc olunur: " Təsəvvür edin, adam ətrafındakı insanların həyatını xilas etmək üçün açığa çıxır, özünü fəda edir, əlindəki üçrəngli bayraqla düşmənə meydan oxuyur. Üstəlik, bilə-bilə ki, qarşıda onu hansı məşəq­qətlər gözləyir. Təsəvvür edin, bəzən normalda hər birimiz adi bir diş həkiminə ge­dər­kən ən kiçik ağrıdan, diskomfortdan sığorta­lanmaq üçün keyidici iynənin vurul­masını xahiş etdiyimiz halda, Natiq həmin dişlə­rin diri-diri çıxarılmasını, hər iki bəbəyinin oyulmasını, təpədən dırnağa qədər yandırılmasını gözə alaraq yenə də "VƏTƏN” deyir. Təsəvvür edin, əsirlikdə, düşmən əhatəsində, masa arxasında gözün­dən qorxu və təlaş yağan Natiq deyil, şərəfsiz və cəllad Balasanyandır! Kənardan baxan da əsla və əsla anla­maz ki, kim-kimi sorğu-sual edir. Necə bacarıb bunu, Natiq? Həqiqətən möcüzədir...”

Gerçəkdən möcüzə­dir Natiqin etdikləri, bundan ötəsi yox... Və biz vətəndaş cəmiyyətinin təm­sil­çiləri Natiq Qasımov ki­mi möcüzə oğullarımızın, "Vətən eşqi məktəbin­də can verməyi öyrənən” (Şəhriyar) və bundan şərəf duyan, Vətənsiz yaşamağı bir heç-boşuna keçən ömür sayan igidlərimizin azad etdiyi Zəngilanda keçirilən Forum zamanı məhz onların qəhrəmanlıqları sayəsində dədə-baba torpaqları­mı­za gələ bildiyimizə görə qürur duyur, Uluyurdumuzun azadlığı uğrunda şirin canından keçən şəhidlərimizin qutsal ruhlarına dualar edir, qazi və əsgərlə­rimizə, Ordumuza can sağlığı diləyirdik...

Dövlət himnimizin səsləndirilməsindən və şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdikdən sonra gerçəkləşən açılış mərasimində dəyərlilərimiz Tural Əliyevin və Aygun xanım Əliyevanın hesabat xarakterli çıxışları diqqət çəkdi. Eyni zamanda Forum çərçivəsində yeni metodların tətbiqi və beynəlxalq təcrübəyə əsaslan­ması ilə əlamətdar olan "Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” kimi mövzular üzərində üç panel müzakirəsi zamanı moderator və spikerlərin çıxışları böyük maraq doğurdu.

İyunun 24-də "Yaşıl dünya naminə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində 200 nəfərə yaxın QHT rəhbərinin Silahlı Qüvvələr Günü mü­na­si­bəti ilə Qubadlı rayonundakı Dövlət Sərhəd Xidmətinin "N” saylı hərbi hissəsi­nə səfəri təşkil olundu. Hərbi hissədə silahlar və hərbi texnika nümayiş etdirildi. Sərhədçilərin müşayiəti ilə poliqon ərazisində bir sıra hərbi texnikada arzu edənlərin gəzintiyə çıxması üçün şərait yaradıldı. Bu gəzintidə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrə­mancasına şəhid olan sərhəd qoşunları kapitanı, "Qarabağ” ordeni ilə təltif edilmiş Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və Qubadlı uğrunda şəhid olmuş ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da vardı. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, şəhid anası, "Vətən Naminə" Şəhid Ailələri­nə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək Silahlı Qüvvələr Günü münasibəti ilə hərbçiləri ürəkdən qutladılar və şərəfli fəaliyyətlərində sərhəd keşikçiləri­mizə uğur arzuladılar.

Sonra əsgərlərə milli şirniyyatlarımızdan ibarət bayram hədiyyələri təqdim edildi və görüş Dövlət Sərhəd Xidmətinin musiqi ansamblının ifasında bayram konserti ilə sona yetdi...

Zəngilanda keçirilən QHT-lərin Əməkdaş­lıq Forumu iştirakçılarının ölkə başçımıza ünvanladıqları "Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti”nin qəbul edilməsi tədbirin kuliminasiya nöqtəsi idi. Müraciətin içəriyi yetməli olduğumuz hədəfləri bəlirləyirdi. Müraciətdən alıntılara nəzər yetir­mək, fikrimcə, bu hədəfləri anlamaq üçün yetərlidir:"Biz - Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıla­rı olan ictimai birliklə­rin rəhbərləri Sizin Yaşıl Dünya Naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik.

Yürütdüyünüz siyasətin məntiqi nəticəsidir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün cənnətə çevrilir, bu ərazilər eyni zamanda yaşıl enerji zonaları elan olunub.


Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir.

Azərbaycanın COP29 ölkəsi kimi, iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparması ölkəmizə xüsusilə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) diqqətini daha da artırıb.

Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilmiş forumda ekoloji məsələlərin müzakirəsi üstünlük təşkil etdi, 3 paneldən 2-si bu mövzuda idi. Aparılmış müzakirələr əsasında belə bir ümumi qənaətə gəlirik ki, Sizin yaşıl düşüncəyə söykənən yeni enerji strate­gi­yanız Azərbaycana qarşıdakı dövrdə daha böyük qələbələr bəxş edəcək!


Müraciət oxunduqdan sonra konsert proqramında "Zəngəzur yallısı”nın sədaları altında iştirakçıların əl-ələ rəqs etməsi, qonaqlara "Yaşıl Dünya Naminə” zeytun tinginin hədiyyə edilməsi də ilk idi. Bu hədiyyə-zeytun ağacı həyat və qələbə simvoluna, sülh və zəfərə, eyni zamanda yer üzünü yaşıllaşdırmaqla, insanların ağ ciyəri sayılan oksigenlə təmin etməklə xilas etməyə edilən eyham idi. 


 

                                                       (davamı var)

 


 

 
 
Esmira Fuad, Əbədi Turan Kitab Fondunun sədri.
qadinkimi.az