UŞAQ / BÖYÜK, QADIN / KİŞİ
Aytən Məftun yazır: Azərbaycanda qızların soyqırımı Tarix : 19 Noyabr 2021, 13:27

Abort etdirməkdə qərarlı olsanız da, bu, heç də o demək deyil ki, vicdanınız sizi narahat etməyəcək. İstənilən halda siz insan həyatını məhv etmisiniz. Və o insan bədəninizin və qanınızın bir hissəsi olub. Bu, yaddaşınızdan asanlıqla silinən təcrübə deyil. Vicdan əzabı sizi qəflətən yaxalaya bilər, amma iş işdən keçəndən sonra oluna çarə yoxdur.

Aborta normal baxan və onun əleyhinə çıxan insanlar var. Lakin abortun qadının fiziki sağlamlığına təsiri danılmazdır. Araşdırmalar göstərir ki, xüsusilə selektiv abortlar həm olduqca riskli addımdır, həm də qadın psixologiyasında dərin izlər qoyur.

Sirr deyil ki, xüsusilə müsəlman ölkələrində tarixən oğlanlar qızlara nisbətən daha yüksək qiymətləndirilib və arzu olunub. Təəssüf ki, bu ənənənin indi də mövcud olduğu bir dünyada yaşayırıq. Bəzən bu istək o qədər güclü olur ki, valideynlər gələcək uşağın cinsiyyəti sırf qız olduğu üçün ondan imtina etməyə qərar verir. Dünyaya gəlməyən qız uşaqlarının 13-14 həftəliyində ana bətnində öldürülməsi selektiv abort adlanır. Belə görünür ki, valideynlər üçün övlad sahibi olmaq deyil, müəyyən bir embrionun xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır. Uşağın cinsiyyətini təyin etməyə imkan verən müasir texnologiyaların ortaya çıxması ilə vəziyyət daha da mürəkkəbləşib: bir çox ailə qız övladı böyütmək istəmədiyi üçün döldən qurtulur. Selektiv abortlara görə "liderlik” edən ölkələr arasında Azərbaycanın da adı var. BMT-nin qeyri-rəsmi statistikasına əsasən, Azərbaycan qız uşaqlarının abortuna görə dünyada ilk onluqda dayanır. Bu şəkildə açıq ayrı-seçkilik qadınların cəmiyyətdəki əlverişsiz vəziyyəti ilə əlaqələndirilir. Bu fenomenlə ciddi şəkildə mübarizə aparılmalıdır.

O da məlumdur ki, dünyada bir çox ölkələr abortu yalnız istisna hallarda etməyə icazə verir. Azərbaycanda isə qız uşaqlarının abortu ildən-ilə artmağa davam edir. Sosial demoqrafik vəziyyətin belə olmasına münasibətiniz necədir? Dünyaya gələcək körpənin cinsiyyəti qız olduğu üçün hamiləliyin süni şəkildə pozulması və bunun cəmiyyətdə üstünlük təşkil etməsi nə dərəcədə "sağlamdır”?

Heç kim boynuna almır!

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, BMT-nin qeyri-rəsmi statistikası bir çox cəhətdən şübhə doğurur:

"BMT-nin abortlarla bağlı qeyri-rəsmi statistikasında keçən il biz 14, yaxud 17-ci yerdə idik. Birinci yerdə Çin idi. Dünyanın bir çox ölkələri selektiv abortlar həyata keçirir, sadəcə olaraq heç kim boynuna almır. Bu, əslində qeyri-rəsmi rəqəmlərdir. Çünki bütün sivil ölkələrdə olduğu kimi, bizdə də abortun hansı səbəblərdən həyata keçirilməsinin statistikası aparılmır. Bu gün Azərbaycanda selektiv abortlar üzrə dəqiq statistika yoxdur. Sizə deyim ki, təxmini bir statistika da yoxdur. Odur ki, BMT-nin qeyri-rəsmi statistikanı nəyə əsasən hazırlaması mənim üçün də maraqlıdır.

Əgər rəsmi qaydada icazə verilən abortların strukturlarına baxsaq, görərik ki, qadın məsləhətxanalarında abortlar 8-12 həftəliyə qədər olunur. 8 həftəsinə qədər cinsiyyəti müəyyən etmək mümkün deyil, heç 10 həftədə də onu təyin etmək olmur. Dölün cinsiyyəti yalnız 12 həftəliyinə yaxın müddətdə bilinir. Bu səbəbdən qadın məsləhətxanası şəraitində icra olunan abortları BMT selektiv abort kimi qiymətləndirir. Amma biz bunu kiçik müddətdə olan abortlar kimi nəzərə alırıq. Belə abortlar dölün cinsinə görə deyil, ananın arzusu ilə icra edilir. Bu halda 8 həftəlik hamiləliyi selektiv abort kimi qiymətləndirmək düzgün deyil”.

Qız tapılmayacaq ki, dünyaya övlad gətirsin!

Baş ginekoloq qeyd edib ki, körpənin cinsiyyəti qız olduğu üçün cütlüklərin abortu seçməsi sosial-demoqrafik vəziyyətin pozulmasına gətirib çıxarır:

"Bu, hər bir ölkənin genofonduna təsir edəcək. Əgər bu gün qızların sayı azdırsa, 18-20 ildən sonra oğlanların evlənmək yaşı gələndə onlara qızlar tapılmayacaq. Müəyyən müddətdən sonra əhali arasında disproporsiya yaranacaq. Qız tapılmayacaq ki, dünyaya övlad gətirsin. Əlbəttə ki, bu da demoqrafik uyğunsuzluğa gətirəcək. Ailələrin körpənin sağlamlığından öncə cinsiyyətini hesablaması sağlam düşüncə deyil. Çox təəssüf ki, bu gün təbliğat düzgün aparılmır, debatlar təşkil olunmur. Gender bərabərliyi qızlarımıza və oğlanlarımıza uşaqlıdan izah olunmalıdır. Azərbaycan dünyanın sivil ölkələrindən biridir, bizdə bütün qız uşaqlarına həm təhsil almaq, karyera qurmaq, həm də vəzifə sahibi olmaları üçün hər cür şərait yaradılıb. Bu səbəbdən əlbəttə ki, dünyaya gələcək körpənin cinsiyyəti qız olduğu üçün selektiv abort etmək düzgün addım deyil”.


Selektiv abortların fəsadlarından söz açan mütəxəssis əlavə edib ki, 13-14 həftəlik abortlar risklidir

"Aysmed” klinikasının ginekoloqu Şəfəq Kamilova cütlükləri abort etdirməyə deyil, arzuolunmaz hamiləliklərin qarşısının alınması üçün normal yollardan istifadə etməyə səsləyib:

"Lakin hamiləlik artıq baş veribsə və qadın bundan xilas olmaq istəyirsə, tibbi göstərişləri var. Əgər ananın sağlamlığı buna icazə vermirsə, boşanma aktı, hamiləliyin normal gedişinə şübhə varsa, döl inkişafdan qalıbsa və ya hansısa bir patologiya qeydə alınırsa, o halda mini abort – hamiləliyin erkən pozulması həyata keçirilir. 9 həftəyə qədər ambulator şəraitdə bunu etmək mümkündür. 9-dan 12 həftəyə qədər abortları isə protokollara əsasən sırf stasionar şəraitdə icra etməyə icazə var.


Qız olduğu üçün ana bətnindəki körpəni məhv etmək nə peşə əxlaqına, nə də insani keyfiyyətlərimizə yaraşır!

Hamiləliyin körpənin cinsiyyətinə əsasən sonlandırılması həm dinimizə, həm mənəviyyatımıza ziddir, həm də sağlam bir körpənin canına qıymaq deməkdir. Bunun Allah qarşısında da günahı böyükdür. Əgər ona nəfəs verilibsə və sağlamdırsa, o uşaq yaşamalıdır.

12-14 həftəlik kimi böyük abortlara o halda olur ki, uşaqda böyük qüsur var və ya ananın həyatı təhlükədədir. Bu abortlar stasionar şəraitdə, qadınların xüsusi nəzarət altında xəstəxanaya yatışı olmaq şərti ilə yerinə yetirilir”.

Ginekoloq-onkoloq, cərrah Ümman Abbasova qeyd edib ki, hər həkim selektiv abort həyata keçirmir:


 

"Hər ginekoloq körpənin cinsiyyətinin sırf qız olması səbəbilə gələn qadınları selektiv abort etmir. Çünki bu, cinayət hesab olunur. İnanmıram ki, Azərbaycanda hər hansı həkim bunu etsin. Qanunlarımız buna çox ciddi nəzarət edir. Bəzən cütlüklər gəlir və körpənin cinsiyyəti qız olduğu üçün abort etdirmək istədiyini deyir. Özüm görmüşəm ki, həkimlər bundan çox ciddi şəkildə boyun qaçırıb. Bunu həyata keçirənlər şərəfsiz insanlardır”.

Ölkədə hər doğulan 100 qıza 114 oğlan düşür

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Sevil Rəsulzadə bildirib ki, bu gün cəmiyyəti narahat edən əsas və aktual problemlərdən biri də selektiv abortlardır: "Doğulan uşaqların cins nisbətinin pozulması tendensiyası təəssüflər olsun ki, Azərbaycanda özünü qabarıq şəkildə göstərməkdədir. Dövlət səviyyəsində selektiv abortların qarşısının alınması istiqamətində çox vacib təxirəsalınmaz tədbirlərin görülməsinə baxmayaraq, ciddi fəsadlara səbəb olan bu problem hələ də qalmaqdadır. Belə ki, ölkədə hər doğulan 100 qıza 114 oğlan düşür. Burada əsas təhlükə gələcəkdə əhalinin təbii artımına maneə yaradılması və cins balansının pozulmasıdır.

Selektiv abortların sayının artması insanlar tərəfindən stereotiplərin mövcudluğundan, eləcə də oğlan uşaqlarına nəslin davamçısı kimi üstünlük verilməsindən irəli gəlir. Keçmiş dövrdən fərqli olaraq günümüzdə ailələrdə uşaqların sayının azalması və ailə planlaşdırmasında müasir yanaşmanın olması uşaqlarda cins seçimi məsələsini aktuallaşdırır, bu da selektiv abortların sayının artmasına səbəb olur.

Selektiv abortların qarşısının alınması istiqamətində dövlət qurumları ilə bərabər, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar koordinasiyalı şəkildə çalışmaqla, cəmiyyətin hər bir üzvünün iştirakı ilə genişmiqyaslı maarifləndirmə işlərinin aparılması ilə problemlə mübarizə aparmaq mümkündür. Selektiv abortların qarşısının alınması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ictimaiyyət arasında, xüsusilə gənclərin iştirakı ilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir, eyni zamanda sosial çarxlar və çap materialları hazırlayır, həm də sosial mediada yayılmasını təmin edir.

Cinayət Məcəlləsinin 141-ci maddəsində qanunsuz abort etmə ilə bağlı maddə mövcuddur

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 141-ci maddəsində qanunsuz abort etmə ilə bağlı maddə mövcuddur. Lakin buna baxmayaraq, qanunvericilikdə selektiv abortlarla bağlı xüsusi müddəaların da qəbul edilməsinə ehtiyac var. Sonda valideynlərə müraciət edərək demək istərdik ki, "övladlarınızın cinsini yox, onlara verə biləcəyiniz həyat barədə düşünün”.

Cinayət Məcəlləsində qanunsuz abort etmə ilə bağlı xüsusi məsuliyyət müəyyən edilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan hökuməti digər sahələrdə olduğu kimi, selektiv abortlarla bağlı da milli qanunvericilik bazasına malikdir:

"Azərbaycan dövləti "Analığın mühafizəsi haqqında” Konvensiyaya qoşulub. "Əhalinin sağlamlığının qorunması” haqqında qanunda göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. Cinayət Məcəlləsində qanunsuz abort etmə ilə bağlı xüsusi məsuliyyət müəyyən edilib, lakin bu, selektiv aborta şamil edilmir. Azərbaycan Respublikasının Prezidenti "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nı imzalayıb. Bu sənədin əsas məqsədlərindən biri də hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görmək, xüsusilə də maarifləndirmə işlərini gücləndirməkdir. 2020-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılmasını, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur”.


Millət vəkili bildirib ki, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi selektiv abortların payına düşür:

"Azərbaycanda 2000-2019-cu illərdə abortların sayı 17 500-dən 37 300-ə qalxıb. Abortlar arasında selektiv abortların sayını göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi böyük ehtimal ilə selektiv abortların payına düşür. Demoqrafik strukturun gender balansının maksimum nisbəti 100-106 çərçivəsində olmalıdır. Son illər əhalinin gender balansı normal səviyyədən (100-107) qeyri-normal səviyyəyə (100-115) qalxıb. 2000-ci ildə ölkə üzrə doğulan uşaqların sayı 116 994 olub, onlardan 53,6 faizi (62 590 nəfəri) oğlan, 46,4 faizi (54 404 nəfəri) isə qız olub. 2019-ci ildə ölkə üzrə 141 179 uşaq dünyaya gəlib, onlardan 53,2 faizi, yəni 75 160 nəfəri oğlan, 46,8 faizi, yəni 66 019 nəfəri qızdır. Ötən 18 il ərzində ən çox 2011-ci ildə uşaq doğulub. Belə ki, həmin ildə doğulan uşaqların sayı 176 072 nəfər olub ki, bunlardan da 53,8 faizi (94 696 nəfəri) oğlan, 46,2 faizi (81 376 nəfəri) qızdır. Azərbaycan bu göstərici üzrə dünyada Çindən sonra ikinci yerdə idi, lakin bu yaxınlarda BMT-nin rəsmi məlumatlarına görə, Azərbaycan dünyada birinci yerdə qərarlaşıb. Çinin bu sahədə nailiyyəti "Gender bərabərliyi üzrə Milli Fəaliyyət Proqramı”nı qəbul etməsi və bu sənəddən irəli gələn tədbirlərin keçirilməsi ilə izah edilir.

Cəmiyyətdə selektiv abortlara şərait yaradan müəyyən mədəni stereotiplər mövcuddur

Təhlillər göstərir ki, cəmiyyətdə selektiv abortlara şərait yaradan müəyyən mədəni stereotiplər mövcuddur. Adətən, cinsi diskriminasiyanın səbəblərini sosial-mədəni dəyərlərdə axtarırlar. Ölkəmizə gəlincə, qeyd etmək lazımdır ki, gender bərabərsizliyi ənənələrindən irəli gələn stereotiplər və patriarxal ənənələrin hələ də davam etməsi qız uşaqlarına ailədə və cəmiyyətdə mənfi münasibətdir. Selektiv abortlar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə dəyişməsinə gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə gətirib çıxara bilər”.

Əbədi iz qoyacaq

Sözsüz ki, abort istənilən qadının qeyd-şərtsiz hüququdur. Uşağa həyat verib-verməmək sizin qərarınızdır. Lakin unutmayın ki, bu cür hərəkət sizin həyatınızda əbədi iz qoyacaq. Əgər cinsiyyəti sırf qız olduğu üçün sağlam inkişaf edən körpədən imtina edirsinizsə, onda bir müddət həyatınızdakı parlaq rəngləri itirməyə hazır olun. Ümumiyyətlə, belə çətin seçim qarşısında qalmamaq üçün müxtəlif qoruyucu vasitələrdən istifadə etmək həyatınızda verdiyiniz ən doğru qərarlardan biri olardı.

Aytən Məftun

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.