Şeirlər
Qadın
Əlində yükləri çəkə bilməyən,
Ayağı dalınca sürünən qadın.
Gülməyə çalışan, gülə bilməyən,
Hər gün olmazıyla barışan qadın.
Gözləri qəm dolu, dərin acılı.
Həsrəti yaralı, hüznə sancılı,
Hər gün dərdi doğub adam eləyən,
Sonra bu dünyaya ötürən qadın.
Gecələri ağlar, səhərləri şən,
Ürəyində dərdi, gözlərində nəm.
Hər gün öz canını götürüb evdən
Axşamlar evinə sürünən qadın.
Susqun baxışında lal təbəssümü,
Kimin əllərində söndü, büküldü.
Ömrün payızında xəzana dönüb,
Göylərdən yerlərə tökülən qadın.
Elə bil oxunmuş, bitmiş nəğmədi,
Söyləyə bilinməz quru kəlmədi.
Elə bil dünyaya o, heç gəlmədi,
Özgənin ömrünü yaşayan qadın.
Sevgisizlik
İnsanın ən böyük dərdi bundadır,
Dünyanı bürüyən dərd, sevgisizlik.
Hər gün biri gedir, biri usanır,
Dərd deyil, bəladı bu sevgisizlik.
Başında sığalı əskik körpələr,
Yeməkdən, içməkdən tez kəsilirlər.
Ataya, anaya həsrət uşaqlar
Heç zaman, heç kimi sevə bilmirlər.
Bürünüb ətrafa səssiz fəryadı,
Dilənir, əl açır insan övladı.
Özü sevə bilmir artıq nə vaxtdı,
Ürəyini didən dərd, sevgisizlik.
Tanrı hər bir kəsi dünyaya axı,
Sevgiylə göndərdi, nədən tükətdi?
Harda daşa döndü onun ürəyi,
Kimin həsrətində, dərdində bitdi?
Gözünün rəngi də dəyişib, insan,
Sevgisiz lal olub, daşa dönmüsən.
Yaşaya bilməyib, qalan ömrünü,
Yaşaya-yaşaya, demə, ölmüsən.
Günahın da budu, çıxarın da bu
İtkinə, dərdinə tən sevgisizlik.
Nitqini qurudan, yolunu kəsən,
Ayrılığı salan sədd, sevgisizlik...
Ev
On addıma sığışan bir evim var- qəfəsdir.
Açılır pəncərəsi Günəşin qapısına
hərdən nərdivan qoyub buludlara çıxıram
Hərdən boş boylanıram Ayın nur işığına.
Tez-tez göyə baxıram, məhkumlar kimi tez-tez.
Bəlkə də yalvarıram, məni alın bu evdən.
Hara getsəm, darıxır, ağlayır mənim üçün
Mənim on addım evim çox kövrəkdir, bilirəm.
İnsan özünü tapmır bu darlıqda, ilahi.
Bir-iki sözmü tutar, nə yazsan düşüb itir.
On addlmlıq evimin qatara bənzəri var
Yalnız təkcə fərqi var o gedir, busa getmir.
Hərdən isəyirəm ki, yığım, büküm bu evi
Atım çantama gedim, uzaqlardan o oyana.
Bizi birgə tapsınlar, ayrılaq sevgili tək
Qucaqlaşaq, ağlayaq, kimsələr də qıymaya.
Yenə də ayrılmayım, necə ki ayrılmıram
Qırx ilin xatirəsi on addımlıq bəladan.
Utanıram bu evdə ora-bura qaçmağa
özünə yer tapmayan iki dəcəl balamdan.
Bu gün barışdım sənlə on addımlıq canın var
mən yaşaya bilmirəm, sən nə edəsən buna
heç olmasa sevin ki sənin dörd divarın var
Mənim kimi asılıb qalmamısan havadan...
Gözəl məhəbbət
Sözləri deməyin nə lüzumu var,
Susmağı gözəldi bu məhəbbətin.
Qovuşmaq, sevinmək hər sevgidə var,
Olmazı gözəldi bu məhəbbətin.
Hamı həqiqətdən yapışıb durur,
Düz gedir, düz gəlir, düzdə yorulur.
Gör neçə acının sonu görünmür,
Yalanı gözəldi bu məhəbbətin.
Gecələr kabustək üstünə gəlir,
Dünya uğultudu, dərdimi dəlir.
Ha çağır, ha bağır biri eşitməz,
Uzağı gözəldi bu məhəbbətin.
Günləri boş yerə yaşamaq vardı,
Kədəri ölümtək daşımaq vardı.
Boş vecsiz ömrünü əzabla süstlə
Acısı gözəldi bu məhəbbətin.
Dəyərmi, dəyərmiş, yarasın bir az,
Duz səpin göynəsin yarası bir az.
Unutsun, unutmaq, getmək belə az,
Zülümü gözəldi bu məhəbbətin.
Get, - deyib, yorursan xəyallarımı,
Gedirəm, yoruram ayaqlarımı.
Deyəsən, yavaşca gözüm yumulur,
Ölümü gözəldi bu məhəbbətin.
Hər səhər
Bu şəhəri rənglədim pənbəyə,
rahat yaşa...
Hər səhər işə gedərkən ürəyinə bir sevinc tax,
Bəlkə gərəyin olar.
Artıq mən yoxam...
İsti geyin, darıxılmaq soyuqdur.
Uğrunda vuruşulan, uduzulan vətən kimisən.
Həm səssiz, həm sevimli,
Həm nə qədər dərdə sürükləsən, belə keçilməyən...
Öləcəkmi neçə-neçə ümid?
Arzuların çıxacaqsanmı sonuna?
Bundan sonra bütün ruhumu aldıqda xəyalın,
Bütün doğmalarıma yad olduqdan sonra
Bir insanlıq belə doğmam qalmadığında ürəyimdə
Bəlkə də gələcəksən...
Hələ ki, dərdin sən tərəfindəyəm.
Hələ ki, anlamıram sənsizliyin vaxt axınını.
Hələ ki, səhifəsini çevirdiyim hər sətirdə
Birinci sənin adın keçir...
Hələ ki, səninlədir sənsizliyi bu baharın...
Baxma ki, özüm yoxam.
Bu şəhəri rənglədim pənbəyə,
rahat yaşa...
Hər səhər işə gedərkən ürəyinə bir sevinc tax,
Bəlkə gərəyin olar.
Artıq mən yoxam...
Cani
Axtarma canini, axtarma, qızım,
Cani də özünsən, qurban gedən də.
Sənə kim dedi ki, sevgi gəzəsən,
Sevgi axtarasan ruhsuz bədəndə?
Sənə kim dedi ki, dünya gözəldi,
Axı kim dedi ki, sözləri uydur?
Sənə kim dedi ki, başqa cürə yox,
Özünü sözlərlə yaşat, ovundur?
Hər gecə yerinə buz görkəminlə,
Soyuq bir məzara girən kimi yox.
İnsan kimi uzan, bir məni dinlə,
Bəsdir yalanlarla boş-boş ovundun.
Bəlkə əl çəkəsən, əl saxlayasan,
Bu qədər öldürdün, özünü bəsdi.
Ölümə yazığın gəlsin, əl saxla,
Özündən özünə kəs sui-qəsdi.
Sən bu günü yaşa, bu günü bitir,
Sabahı yenidən uydur bir təhər.
Sən çalış, özünü özünə yetir,
Özünlə barışsan, zülmün də bitər.
Axtarma canini, axtarma, qızım.
Cani də özünsən, qurban gedən də.
Sənə kim dedi ki, sevgi gəzəsən,
Sevgi axtarasan, ruhsuz bədəndə?
Ümid
Üzündə bir sevinc yox, sevincin rəsmin çəkir.
Əlində gül-çiçəklə kimsə bilməz nə çəkər.
Ümidi pəncərədən çölə zillənməkdədir
səsi içində olur ümidsiz qadınların.
Hər gün sür-süpür edir ev eşiyə don verir.
Əliylə naxış hörür, uşaqlara pay bölür,
öz payına düşəni öz içinə ötürür
ürəyi kövrək olur ümidsiz qadınların.
Taleyiylə barışıq üsyana uzaq olur.
hər şiddətə alışıq donmuş daş divar olur.
Bir vaxt sevgi diləyi indi zəhirmar olan
hər günü bir gün kimi ümidsiz qadınların.
Nə qohuma, qonşuya, nə dosta, nə yada tən
heç bir işə yarımaz yararsız ruhsuz bədən
Gecələri bir kabus, səhərləri mələk tək
qanadları tərpənər ümidsiz qadınların
sevmədiyi dünyann, içində dünya quran
hər gün dağılan evi hər gün yenidən quran
bir büsbütün ömrünü öz-özüyçün uyduran
xəyalı oyaq olur ümidsiz qadınların.
içi canını didir, çölü işıq saçsa da
dünyasını düz bilir arzularda azsa da
hər gün zindan kimidir deyib nalə çəksə də
ürəyi sevgi olur ümidsiz qadınların.
Sevmədiyi dünyanın, sevgili sakinidir
Ən gizlini canında gizlətdiyi kinidir.
hər gün özünü yeyir günü-gündən əridir
Gedişi səssiz olur ümidsiz qadınların,
Gedişi səssiz olur ümidsiz qadınların...
Müəllif: Aysel Fikrət
qadinkimi.com