YAZI / DÜŞÜNCƏ
Aysel Əlizadə yazır: Qaranlıqda işıq axtarmaq... Tarix : 06 İyul 2018, 17:34
Yazar : Aysel Əlizadə

Qaranlıq... İşıq

İki gün qaranlıqda oturub ölkəmi izlədim. Sən demə, qaranlıqda hər şey daha aydın görünür...

İşıqda görmədiklərimizi görə bilirik. Demə, görmə qabiliyyəti olmayanlar bu üzdən daha həssasmış...

"Məşhur korlar”ın həyatı da buna örnəkdi. Böyük jazmen Rey Çarlzın uşaq vaxtı gözləri tutulur.

Bir gün otaqda yıxılır. Anası yaxın getmir. Gözləyir Rey özü tutunub ayağa qalxsın. Kor yaşamağı öyrənsin. Rey ayağa qalxır və dünyanın ən böyük musiqiçilərindən biri olur. Corciya ştatına yazdığı bəstəsi ilə orda qaradərililərin hüququnu bərpa edir.

Qaranlıqda oturub xəbərləri, sosşəbəkəni, qonşuların söhbətlərini, həyətdəki mövzuları, dialoqları izləyirdim. Bir an təsəvvür etdim ki, bu hadisə təsadüf deyil və kimlərsə ölkəmin işığını söndürüb. Dəhşətə gəldim. Həmin o iki günlük qaranlıqda çox şey ola bilərdi. Amma cəmiyyətin təmkinli duruşu növbəti dəfə ölkəmin köməyinə gəldi.

Bu xalq həqiqətən də təhlükəsiz, yaxşı xalqdı. Ona çox şey lazım deyil. Bir azca işıq...İşıq ucu, ümid, dayaq. Faciə yaşadıq. Adamlar əziyyət çəkdi, metroda qalanların halı pisləşdi, iqtisadi ziyan, liftlərdə qalanlar, ürəyi gedənlər, yanğınlar, aeroportda sorunlar... Ürək dağlayan hadisələr idi.

Bizim dövlət və cəmiyyət olaraq istənilən situasiyaya hazırlıqlı olmaq kimi borcumuz var. Yenə də bütünlükdə yaxşı qurtardıq.

O anlarda həmvətənlərinin yanında olan, onlara yardım edən hər kəsə sonsuz təşəkkür. Yaxşı insanlar yaşam həvəsini gücləndirir. Biz yalnız beləcə, çiyin-çiyinə çıxa bilərik zülmətdən. Bir-birimizə əl uzadaraq.

O basabasda satılan suyun, gediş haqqının qiymətini qaldıranları da gördük. Bu nə əcaib xislət? Nə tərbiyəsizlik...Bir gün əlli dənə suyu baha satanda həyatında nə dəyişir insanın? Rəzalət idi.

Gürcüstanda daşqın olanda, zooparkdan heyvanlar qaçdı, ciddi təhlükə yarandı. Bir taksi sürücüsü insanları bütün günü pulsuz aparırdı. Sonra baş nazir həmin oğlana yaxşı iş verilməsini tapşırdı. Bizdə də ləyaqətli duruş alanlar çox idi. O qaranlıqda insanları meydanlara çağıranlar da oldu. Təbii fəlakət deyildi, amma fəlakət idi. Və bu fəlakətdə bir anlıq təsəvvür edin, insanlar küçələrə axışır. Lap elə meydana çıxıb "istefa" qışqırır. Küçəyə cuman hər kəs adekvat adam olacaq? Cərgəylə səliqəli düzülüb intellektual çağırışlar edəcək? O qədər qeyri-adekvat, ora-buranı dağıdan, gərəksiz bağıran, kimə gəldi saldıran, oğurluq edən, şüşə sındıran səbəbsiz hərəkətlər edən adam olur belə anlarda. Nə baş verə bilərdi təsəvvür edirsiz? Bunu öz ölkənə, vətəninə necə arzulamaq olar? Hardasa ayağını ayağının üstünə aşırıb belə bir məsuliyyətsiz çağırış edənlər kimi çağırırdılar, hara çağırırdılar, bilinmədi. Açıq mənzərədə kimin gerçəkdən ölkə üçün yandığı, kimin vətənini düşündüyü, kimin şəxsi ədavət apardığı, kimin tənqidlə nələrsə qoparmaq istədiyi, kimin vəzifə davası etdiyi görünür. Bütün bunların qarşısında dövlət məmurlarının dayanması gərəkdi. Yüksək ranqlılar işləri, əməlləri ilə vətənə, dövlətə xidmətin ən ali örnəklərini göstərsin gərək. Əksini etməyə haqları yoxdu. Ölkədə hər məmur, hər dövlət rəsmisi ona verilən görəvi dizini yerə qoyub ləyaqətlə yerinə yetirməyə borcludu. Heç kimi vəzifəyə bahalı həyat keçirib şellənəsin deyə təyin etmirlər. Xalqa xidmət üçün edirlər. Dövlətçiliklə zarafat olmaz. Dövlət məmurluğu həddindən artıq böyük məsuliyyətdi. İnkişaf etmiş ölkələrin dövlətçilik tarixini oxuyanda adamın gözü bərəlir. Fədakarlıq tarixidi hamısı. Ovuc boyda ölkədə hərə üzərinə düşən məsuliyyəti anlasa, bunca sorunumuz olmaz. Dövlət strukturlarına fantastik pullar ayrılır. Azca bir qəza olan kimi iflic vəziyyəti yaranır. Onlar üçün hər şərait var. Hər cür. Niyə işləmirlər, dərdləri, səbəbləri nədi, bəlli deyil.

Prezident müşavirədə qarşısında başını aşağı salıb dayanan məmura "Xalqdan utanın, nə qədər əziyyət çəkdi" deyir, sizə vəsait ayırmışam deyir, şərait yaratmışam. Niyə bu cür hal baş verməlidi? Gerçəkdən niyə bu baş verməliydi? Və niyə məsul şəxslər cəmiyyətdən üzr istəmədilər?! Hər kəs öz sahəsində ədalətli olsa, çox şey düzələr. Bir dəfə taksiylə gedirdim. Sürücü yol boyu hökumətin büdcəni taladığından danışdı. Körpü salırlar, milyonları basıb yeyirlər filan dedi. Düşəndə məndən 3 manatlıq yola görə on manat aldı... Bax belə. Hər kəs başqasını düzəltmək istəyir. Özü düzəlmək istəyən çoox azdı. Taksi problemi isə zamanla düzəldi. Şirkətlər yarandı. Aralarında sağlam rəqabət sərfəli qiymətlərə, keyfiyyətli xidmətə əsas verdi. Hər kəs bacardığı işlə fayda verə bilər ölkəyə. Biz də əziyyət çəkirik illərdi. Amma fürsət tapan kimi insanlara "dağıdın ölkəni” demirik. Fürsət tapan kimi "qurun ölkəni” deyirik.

Xalq olaraq özümüzə olan nifrətimizin misli yoxdu. Özümüzü düzəldək öncə. Bizim kimi, hətta bizdən daha ağır problemləri olan xalqlar var. Onlar özlərinə bu qədər nifrət etmirlər. Bir - birinə bu qədər əl ölçmürlər.

Marıqda dayanıb qurban axtarırıq. Parçalayıb didək. Ukraynalılar ilin on iki ayı az qala Maydandadılar. Çətin şəraitdə yaşayırlar. Azərbaycanda diplom ala bilməyən gedib Ukraynada pul verib rahatca diplom alır. Korrupsiya adi haldı orda. Ama üzlərinin təbəssümü əskik olmur. Əl ölçməyək bir-birimizə, sevgi ölçək. Şüarım budu. Ümidsizliyə qapılmayaq. Vətənimizin uğurları da az deyil.

Azərbaycan on ildə ağılasığmaz iri miqyaslı projelərə imza atıb. Dünya mədəniyyətinə qatqısı olub. Fantastik çətin layihələrə qol qoyub və bacarıb. Ölkə bütünlükdə yenidən tikilib, qurulub. Bunu nə meydana çıxdığı üçün öydüyümüz Ukrayna edib, nə açıq vizası olan Gürcüstan. Nə də Ermənistan. Bu ölkələr dünya çapında bizim qədər iş görməyiblər son illər. Azərbaycan müsəlman dünyasında misli görünməmiş modern İslam oyunları keçirib. Evrovisionun qalibi olub. Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilib. Avropa Oyunları, Formula 1, Dünya Şahmat Olimpiadası, Nüvə dövləti olmasaq da Nüvə Sammitinə dəvət almışıq, saysız hesabsız səfərlər, dəvətlər, qonaqlar, Davos Forumunda iştirak, və s.

Bunlar hamısı Azərbaycan adına görülən işlər və tarixdi. Bunlar haqda heç vaxt danışmırıq. Danışsaq da xoş danışmırıq. Neqativdən başqa heç nəyə köklənmirik. Buna görə də neqativdən çıxmırıq. Böyük pullar hesabına olub bu işlər, bəli. Başqa cür ola da bilməzdi. Amma təkcə pulla alınacaq işlər deyil. Böyük zəhmət, təşkilatçılıq, konseptuallıq olmasa alınmazdı.

Buna rəğmən daxili problemlərimiz çoxdu və onların çözülməsi şərtdi. Çünki əsas əhalinin yaşayışıdı, güvənidi. Ölkədə iki gün işıq olmursa, nə böyük iş görülsə də, kölgə düşür, hətta qaranlıq çökür üstünə.

Xəstəxanalarda həyat dayandı. Ölkənin ən gəlirli sahələrindən biridi səhiyyə. Aptek əlindən tərpənmək olmur. Hər addımda özəl klinikalar boy verir. Dövlət xəstəxanaları hamısı büdcədən pul alır. Niyə generatoru olmalı deyil hansısa klinikanın? İndi bizə yalnız sosial rifah gərəkdi. İş yerlərinin çoxalması, maaşların, gəlirlərin artması, sağlam biznes rəqabəti üçün şərait, rəsmi qurumların, icra orqanlarının ciddi şəkildə işləməsi, ayrı-ayrı sahələrdə dirçəliş üçün atılan addımlar, ölkənin əsas sahələrində köklü islahat. Ümidsiz olmayaq. Bizə xidmət etməli olan adamlardan haqqımızı istəyək, onları bizim üçün işləməyə tələblərimizlə məcbur edək.

Hərəmiz bir kərpicdən yapışıb ölkəmizi quraq. Qaranlığa qalib gələk.

Rey Çarlz özü yandırmışdı o işığı...