QADIN / KİŞİ
Aysel Əlizadə yazır: Evimizdəki diktator – atamız Tarix : 08 İyul 2018, 16:12
Yazar : Aysel Əlizadə

Evdə həmişə ağa olmağa öyrəşən, macal tapanda aciz arvadını aşağılayan, onun üstünə yüngül desək, bağıran, həmişə də qohumların dəstəyini alan ər günlərin birində həmin o aciz qadının müdafiəçisi ilə üz-üzə qalır. Gözləri dörd olur. Çünki bu qadını heç vaxt heç kim müdafiə etməyib. Həmişə ər haqlı olub.


Çünki qadını müdafiə edən adamdan bunu heç vaxt gözləməzdi.


Bu müdafiəçi kim idi? Oğlu. Hə, o böyüyüb. Artıq ananı qoruyan var.


Bunları mənə gənc dostum danışdı. Atasıyla ciddi problemləri olduğunu dedi.


Ata kiminsə etirazını heç cür ağlına yerləşdirə bilmir. Çünki diktatordu. Heç kimin həqiqətini görmür. Başqalarının haqqını görə bilmək üçün özünə bunu öyrətməli olursan. Başqa cür alınmır. Yoxsa, nıx deyib duracaqsan. Səninlə eyni fikirdə olmayan, sənə qarşı çıxan hər kəsi özünə düşmən sayacaqsan; doğmalarını belə. Halbuki "dünyada nə qədər insan varsa, bir o qədər də həqiqət var” deyiblər bizdən çox-çox ağıllı və tarixə öz adını yazan adamlar.


Freyd Tanrı idealının ata hissindən yarandığını deyirdi. Ona görə də Tanrı deyəndə kişi obrazı təsəvvür olunur. Qoruyan, dayaq olan, güclü və ?.. Və qorxulu.


Amma bir gün öz yaratdığı Adəm ona etiraz edə bilər. Qaydalarını poza bilər. Oşo deyirdi, Adəm ona görə ilk insandı ki, o, Tanrıya etiraz edən ilk varlıqdı.


Biz mifdən, dindən, fəlsəfədən, elmdən özümüzə gərək olan ibrətamiz nəticələr çıxarmaq yerinə, qorxulu örnəkləri təkrarlamağa çalışırıq.


Ata bütün gücünü, səsini, hikkəsini səfərbər edib oğlunun onun tərəfini tutmasına çalışır, hədə-qorxu gəlir, əsib coşur. Xeyri olmur. Oğul anasını ayağa vermir.

Deyir: "Gözümü açandan anamı əzdiyini görürəm - həm də səbəbsiz. Başqasını əzməklə özünü böyük görmək istəyirsən. Hər şey bir yana, sənə anasını lap elə sənin özündən qorumayan oğul lazımdı?”


Özündən başqasını eşitməmək, kimsənin doğrularını qəbul etməmək, sənə etiraz edəni inkar etmək, hətta cəzalandırmaq - yanlış tərbiyənin nəticəsidi. Amma bu tərbiyə ilə insan özü məşğul olur. Demokrat olmağı insan yalnız özü özünə öyrədə bilər. 
Uzun müddət ata oğlunun cavab qaytarmasını uda bilmədi. Küs qaldılar.


Nə istəyirdi?


İstəyirdi oğlu hər dediyini şəksiz qəbul etsin. İstəyirdi bütün yanlışlarını doğru saysın. İstəyirdi, hətta anasını belə onun hikkəsinə qurban versin. Onu doğan, böyüdən qadını qorumasın. Təkcə vicdan yox, övladlıq hissini də itirsin - təki ata məmnun qalsın.


Bu bilirsiz nədi?


Bu, övladını sındırmaq istəyidi.


Bu, ailən, övladın üzərində qələbə qazanmaq ehtirasıdı.


Bu, faciədi.


Bu faciədən mağmın, qürursuz insanlar çıxıb cəmiyyətə qarışır. Mənzərə göz önündə.


Qürursuz övladlar yetişdirib adam içinə ötürürük. O da ailədə qazandığı travmaların qisasını cəmiyyətdən alır. Əyilən olur, şax dayanmır, özündən zəifləri əzir, güclülərin qarşısında beli bükülür. "Kukla” filmi yadınızda?


Prezident köməkçisini çağırıb "soyunun” deyir. O da soyunur.


Bax, belə adamlar əvvəlcə evlərində sındırılanlardı.


Gənc dostum sonadək mübarizə apardı. Atası günlərlə düşündü, axtardı və tapdı. Anladı ki onun da yanlışı ola bilər. Barışdılar. İndi onların ailəsində hər şey əvvəlki kimi deyil. Əvvəlkindən çox daha yaxşı, rahat və xoşbəxtdilər.